Əlaqə Arxiv
news Image
2013.09.13
17:34
| A A A
Problemli kreditlər daha böyük təhdidə çevrilir
Natiq Cəfərli: «Problemli kreditlərin artması sanki bir tendensiya halını alıb və ildən-ilə bu cür kreditlərin həcmi artır»

Fərhad Bayramov: "Borclu olan şəxsin aylıq ödənişlərində çətinliyin olması onun gəlirlərilə xərcləri arasında yaranmış qeyri–sabitlikdən qaynaqlanır"


Son statistik rəqəmlər ölkədə problemli kreditlərin həcminin yenidən artan xətt üzrə inkişaf etdiyini göstərir. Bu isə nəticə etibarı ilə bank sferası üçün sözügedən kreditlərin daha ciddi təhdid mənbəyinə çevrilmək üzrə olduğunu göstərir.


Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Natiq Cəfərli Mövqe.az-a açıqlamasında bildirir: "Problemli kreditlərin artması sanki bir tendensiya halını alıb və ildən-ilə bu cür kreditlərin həcmi artır. Bu məsələnin əsas səbəblərindən biri kredit faizlərinin həddindən artıq yüksək olmasıdır. Xüsusilə də istehlak kreditlərinin faiz dərəcələrinin aşırı dərəcədə yüksək olması kredit alan şəxslərdə sonradan problemlər yaradır  və bu da problemli kreditlərin həcmini artırır. Digər səbəb isə banklarda olan risk menecmenti çox zəifdir. Faiz dərəcələri yüksək olduğu üçün onlar risk menecmentini yaxşı idarə edə bilmirlər. Son illərdə hiss olunur ki, nəinki girovsuz, hətta tək şəxsiyyət vəsiqəsi ilə kreditlərin verilməsi adi bir hal olub. Kreditlərin verilməsində sadələşdirilmiş üsuldan istifadə istehlakçı üçün yaxşı olsa da, ancaq bankın özü üçün ciddi təhlükə siqnalıdır. Ona görə ki, problemli kreditlərin həcmi artdıqca, bank sektoru üçün təhdid yaradır. Gələcəkdə bu halın hətta idarə olunması, qarşısının alınması belə mümkün olmaya bilər. Dünya praktikasında problemli kreditlərin həcmi ümumi kredit portfelinin  həcminin 5%-ni keçdikdə, bu, artıq çox  ciddi problem hesab olunur.


Azərbaycanda da bu, çox ciddi problem olduğu üçün həm Mərkəzi Bankın, həm də ki, hökümətin bu barədə ciddi düşünməyi lazımdır. Mərkəzi Bank bu məsələdə çox ciddi rol ala bilər. O, digər banklara ucuz kreditlər təklif edə bilər. Ancaq şərt qoya bilər ki, bu kreditlər əhaliyə çox aşağı faizlərlə verilsin. Bu da bank sektorunun sağlamlaşdırılmasına və problemli kreditlərin həcminin aşağı salınmasına səbəb ola bilər".


İqtisadi və Sosial İnkişaf Mərkəzinin iqtisadçı-tədqiqatçısı Fərhad Bayramov isə bildirir: "Kredit əməliyyatı həyata keçirildiyi zaman borclunun, müştərisi olduğu banka borcunu vaxtında və müəyyən olunmuş cədvəllə qaytara bilməməsi ən çox bilinən "risk" anlayışını yaratmaqdadır. Bankarın müştərilərə təqdim etdiyi kreditlərin təminatının maksimumlasdırılması və riskliliyinin minimallaşdırılması üçün  banka kredit almaq tələbilə müraciət eden müstərinin iqtisadi gücü, kapitalı, mövcud bazarın iqtisadi tələbləri, ipoteka və təminat  bənzəri qarışıqların və s. diqqətə alınması ən vacib amillərdir. Məsələni ölkəmizdəki banklar və onların müştəriləri arasındakı kredit münasibətlərinə indeksləsək, deyə bilərik ki, mənzərə heç də hər zaman ürəkaçan olmur. Sözsüz, burada söhbət müştərinin kreditin geri ödəməsilə bağlı problemdən gedir. Əslində, səbəb heç də mürəkkəb deyil, yeni borclu olan şəxsin aylıq ödənişlərində çətinliyin olması onun gəlirlərilə xərcləri arasında yaranmış qeyri–sabitlikdən qaynaqlanır. Düşünürəm ki,  hal-hazırda ölkəmizdəki kredit əməliyyatları həyata keçirən maliyyə institutlarının problemli ödəmələrlə bağlı tətbiq etdiyi siyasət qısa dövr üçün əlverişli olsa da, uzun müddətli dövr üçün heç də məqbul deyil. Çünki bankların belə problemlərlə qarşılaşmasının ən böyük səbəbi müştəridən yetərli təminat və iqtisadi gücü haqqında məlumatın tam dəqiq və dolğun şəkildə almamasıdır.  Məsələdən çıxış yolu"effektiv yoxlama"dır. Bununla bank  bank öz fəaliyyətində sabitliyi təmin edə bilər. Problemin baş verməməsi üçün digər amil isə "öncədən xəbərdarlıq və risklərin idarə edilməsi’ faktorudur. Bu zaman bank öz müştərisinin ödəmə qabiliyyətində problemlərin yaranmasını əvvəlcədən müəyyən edərək bankın öz balansında pozulmaların qarşısını almaqla riskli alacaqlara bir növ alternativ formalaşdıraraq öz fəaliyyətini davam edə biləcəkr. 3-cü vasitə bankların öz " problemli alacaqlarını konfiqurasiya" etməsidir.  Çünki bank öz müştərisini borcu ödəməli oln mövqedən borcu ödəyən mövqeyə keçməsinə yardım etməlidir. Sonda isə borclu üçün müəyyən olunmuş müddətli ödəmələrinin yenidən formalaşdırılması və müştəriyə zaman baxımından imkan tanınmasıdır. Nəticə olaraq demək lazımdır ki, bankların öz maliyyə əməliyyatlarını, ölkənin davam edən iqtisadi sabitliyini pozmadan həyata keçirmələri üçün risklərin idarə edilməsinin əsas şərtlərini mütləq tətbiq etməlidirlər. Vaxtında ödənilməyən kreditlər, bankların balans göstəricilərində pozulma, daha sonra ölkənin real sektorunun tədiyyə balansına təsir etməkdədir. Bankların ən böyük problemi olan "ümidsiz kreditlər" in azaldılması üçün lazımı əməliyyatlar aparılmalı və onların risklərin" idarə edilməsi siyasəti ciddi şəkildən nəzərdən keçirilməlidir".


 


 

Sizin Reklam Yeriniz