Media və İctimai Təşəbbüslər Mərkəzi QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Çoxmənzilli binaların idarəedilməsi mexanizmləri ilə bağlı ictimai məlumatlılıq səviyyəsinin yüksəldilməsi" layihəsinə start verib.
Layihənin rəhbəri Samir Əliyevin sözlərinə görə, layihə çərçivəsində Binəqədi rayonu ərazisində qanunvericiliyə uyğun olaraq mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin (MMMC) yaradılması nəzərdə tutulur. Cəmiyyət pilot qaydasında seçilmiş çoxmənzilli binanın sakinləri tərəfindən təsis ediləcək. Bu işdə bələdiyyələrin aktiv iştirakı təmin ediləcək və eyni zamanda əhalinin maarifləndirilməsi tədbirləri həyata keçiriləcək.
S.Əliyevə görə, layihənin məqsədi Mənzil Məcəlləsinin tələblərinə uyğun olaraq çoxmənzilli binalarda mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin yaradılmasına texniki dəstək vermək və əhalinin maarifləndirilməsini təmin etməkdir. "Dünya təcrübəsində mənzil təsərrüfatı əsasən kondominum adı ilə tanınan qurumlar tərəfindən idarə olunur. Azərbaycanda onların analoqu MMMC-lərdir. Ölkədə nəhayət ki mənzil təsərrüfatının idarə edilməsi səlahiyyəti MMMC-lərə verilməlidir. Bunun üçün əvvəlcə belə qurumlar yaradılmalı və onların iş təcrübəsi artırılmalıdır. Çünki gələcəkdə MMMC-lər MİS-ləri əvəzləyəcək. Bizim məqsəd də MMMC-lərin yaxşı idarəetmə nümunələrini yaratmaq və onun ölkədə yayılmasını təmin etməkdir.", - deyə layihə rəhbəri bildirib.
S.Əliyevin sözlərinə görə, 2009-cu ildən qüvvədə olan Mənzil Məcəlləsi özəl mənzil fonduna daxil olan çoxmənzilli binanın sahə mülkiyyətçilərinin Cəmiyyətinin yaradılmasını nəzərdə tutur. Məcəllənin 141-ci maddəsinə görə, özəl mənzil fonduna daxil olan çoxmənzilli binanın sahə mülkiyyətçiləri binanın idarə edilməsi üçün mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti yaratmalıdırlar. Məcəllənin qəbulundan 4 ilə yaxın vaxt keçsə də Məcəllədə nəzərdə tutulan özəl mənzil fondlarının, xüsusən də çoxmənzilli binaların idarə edilməsi mexanizmi işləmir. Hazırda ölkədə özəl mənzil fondları hələ də MİS-lər tərəfindən həyata keçirilir. Əgər sabah hökumət Məcəlləni əsas tutaraq MİS-lərin fəaliyyətinə xitam versə bu qurumları kimin əvəz edəcəyi məsələsi sual olaraq qalır. Məcəllə təklif edilən 3 üsulun heç biri formalaşmayıb. Nə mülkiyyətçilərin binaları birbaşa idarə etmək təcrübəsi var, nə də kommunal xidmət sahədə ixtisaslaşmış şirkətlər mövcuddur. Dünyada geniş yayılmış üsul – mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətləri isə hələ də yaradılmayıb. Üstəgəl, əhalinin bu sahədə məlumatlılığı azdır. Bu sahədə əhəmiyyətli rol oynamaq və cəmiyyətlərin yaradılmasında təşkilatçılıq səlahiyyəti verilmiş bələdiyyələrin də bu institut haqda təsəvvür yoxdur. Bütün bunlar ölkədə çoxmənzilli binaların idarəetmə mexanizmlərinin yaradılmasına texniki və informasiya dəstəyinin verilməsini və bu təşəbbüslərin ölkə üzrə geniş yayılmasını və paralel olaraq əhalinin məlumatlılıq səviyyəsinin artırılmasını zəruri edir.
S.Əliyev sonda qeyd etdi ki, layihənin işinə Binəqədi rayonu İcra Hakimiyyəti də yaxından dəstək verəcək.
İctimaiyyətlə Əlaqələr Departamenti