Əlaqə Arxiv
news Image
2014.05.02
18:05
| A A A
Artıq Bakı ətrafında da torpaq qıtlığı yaşanır
Nüsrət İbrahimov: “Son 2-3 ayda torpaq bazarında aktivlik müşahidə edilməkdədir və qiymət artımı da var” Ramil Osmanlı: “Torpaq fondunun tədricən məhdudlaşması prossesi gedir”

Bakının torpaq bazarında bahalaşma davam edir. Artıq mərkəz ərazilərlə bərabər, Bakı ətrafı ərazilərdə də torpaq qıtlığı yaşanmaqdadır. Mövcud vəziyyəti şərtləndirəm amillər haqda ekspertlər Movqe.az-a münasibət bildiriblər.

 Belə ki, "MBA LTD" konsaltinq şirkətinin direktoru, iqtisadi ekspert Nüsrət İbrahimov bildirib: "2012-2013-cü illərdə daşınmaz əmlak bazarında qiymət artımı olmuşdu. Bu qiymət artımı əsasən mənzillərə və kommersiya obyektləri üçün xarakterik idi. Amma torpaq bazarı üçün elə bir qiymət dəyişimi müşahidə olunmayıb.  Mənzillərdə qiymət artımı olduğundan, evə real ehtiyacı olan insanların bir hissəsi əllərində müəyyən qədər pul olmasına rəğmən mənzil almaq imkanından məhrum olmuşdular. Çünki əldəki vəsait mənzil almağa bəs eləməmişdi. Ona görə də insanlar havalar düzələn kimi torpaq bazarına üz tutdular ki, torpaq sahəsi alıb fərdi yaşayış evi tikib mənzil problemini o yolla həll etsinlər. Ona görə də, son 2-3 ayda torpaq bazarında aktivlik müşahidə edilməkdədir və qiymət artımı var. Digər tərəfdən isə torpaq bazarı üçün indi mövsümi aylar sayılır. Mövsümi aylarda isə qiymət artımı gözləniləndir. Bir tərəfdən isə, insanların ödəmə qabiliyyəti tədricən artır və onlar zəruri xərcləri ödədikdən sonra qalan xərcləri adətən daşınmaz əmlak bazarına yönəldirlər. Nəticədə tələbat çoxalır. Bununla paralel olaraq da bazarda qıtlıq yaranır, qiymətlər artır". 

Əmlak Bazarı İştirakçıları İctimai Birliyinin icraçı direktoru Ramil Osmanlının sözlərinə görə isə, torpaq sahələri daşınmaz əmlak bazarında yeganə seqmentdir ki, onun perspektivində artmaq imkanları, demək olar ki yoxdur: "Torpaq fondunun tədricən məhdudlaşması prossesi gedir. İndi mərkəzi ərazilərdə meşə fonduna, dövlət fonduna, digər fondlara aid olan torpaqların bələdiyyə fonduna keçməsi barədə müzakirələr gedir. Bunun da səbəbləri konkret torpaq çatışmazlığı ilə bağlıdır. Çatışmazlıq insanların artan mənzil tələbatını torpaq almaqla ödəmək istəyi ilə bağlıdır ki, təbii olaraq tələbat artdıqca qiymət də artır. Əvvəl bu prosses Bakı və ətraf ərazilər üzrə müşahidə olunurdusa, bu gün deyərdim ki, respublikanın bütün regionlarında torpaq sahələrində qiymət artımı baş verir. Qarşısını almaq isə mümkün deyil. 

Torpağı qiymətinin artması təbii olaraq bu ərazidə yerləşən digər obyektlərin də qiymətinə təsir edəcəkdir. Beləliklə bu artım daşınmaz əmlak obyektlərinin bahalaşmasına da gətirib çıxarır".


Sizin Reklam Yeriniz