Rusiyaya tətbiq edilən sanksiyalar fonunda rubl daha artıq dərəcədə dəyərdən düşməyə başlayıb və bu prosesin uzunmüddətli olacağı istisna deyil. Yaranmış vəziyyət müəyyən mənada Azərbaycanda da öz əksini taapır. Xüsusən də "Binə" və "Sədərək" ticarət mərkəzlərində çalışanlar iddia edir ki, rublun zəifləməsi onların da ticarətinə mənfi təsirlərini göstərib. Belə ki, rublun dəyərdən düşməsi fonunda, Rusiyanın Azərbaycana yaxın ərazilərindən, Dağıstan, Şimali Qafqazdan həmin ticarət mərkəzlərinə mal almağa gələnlərin sayı kəskin azalıb. Çünki hazırkı məqamda burada alış-veriş etmək rublun dəyərdən düşməsi fonunda onlara sərf etmir.
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev düşünür ki, sözügedən ticarət obyektlərində yaranmış vəziyyət Rusiya valyutası olan rublun kəskin olaraq dəyərdən düşməsindən qaynaqlanır: "Təbii ki, burada söhbət Rusiyaya tətbiq edilən sanksiyaların nəticəsi olaraq bu ölkə iqtisadiyyatının zəifləməsi və eyni zamanda rublun getdikcə dəyərdən düşməsindən gedir. Rublun dəyərdən düşməsi ilk öncə Rusiyada yaşayan insanların sosial vəziyyətinin pisləşməsinə gətirib çıxarır. Bu Rusiyadan gətirilən malların ucuzlaşması ilə onların rəqabət qabiliyyətinin artmasına da səbəb olur. Həmçinin, Azərbaycandan bu ölkəyə gedən malların qiymətinin baha və rəqabət qabiliyyətinin aşağı olmasına gətirib çıxarır. Belə vəziyyətin yaranmasının nəticəsidir ki, Azərbaycana Rusiyanın Dağıstan və digər ərazilərindən gəlməklə buradan mal alıb aparan insanlar üçün artıq bu işi davam etdirmək sərf etmir. Rus rublu ucuzlaşır, onlar isə bura mal almağa gələndə alqı-satqını manatla aparırlar. Manatla alınan mal isə rus rubluna keçiriləndə qiyməti baha başa gəlir. Səbəb də rublun manata nisbətdə də ucuzlaşması ilə bağlıdır. Bu baxımdan Dağıstan və digər bölgələrdən həmin ticarət mərkəzlərinə mal almaq ardınca gələnlərin sayının minimuma enməsi təbii haldır və sanksiyaların davam edərək artacağı fonunda minimuma enən say ümumiyyətlə, tamamilə dayana da bilər. Onlara dəyəri bahalaşdığından buradan mal alıb aparmaq bir o qədər də sərf etmir".
Rus rublunun zəifləməsi ilə əsasən bu ölkədən mal almağa gələnlərlə ticarət quran yerli satış obyektlərinin gələcək taleyinin necə olacağına gəldikdə isə, ekspert bildirdi ki, bu, onların ruslara satdıqları malın ümumi satılma prosesindəki payının nə qədər olmasından asılıdır: "Ola bilsin hansısa ticarət obyekti yalnız Rusiyadan mal dalınca gələnlərlə iş qurub, yerlilərlə iş qurmaq isə onlara sərf etmir. Məhz ticarətini bu istiqamətdə quranlar üçün rublun ucuzlaşması onlara zərbə olacaq. Amma malını sırf Azərbaycan vətəndaşlarına satan ticarət obyektlərinə isə rublun ucuzlaşmasının hər hansı bir isti-soyuğu olmayacaq. Hər bir halda həmin təsir daha çox ticarət obyektlərindəki topdansatış mərkəzlərinə öz təsirini göstərəcək. Çünki Rusiyadan gələnlər malı məhz topdansatış mərkəzlərindən alır. Problemdən çıxmaq üçün də həmin obyektlər mallarını yerlilərə satmağa çalışacaq. Hər bir halda rubl məsələsi inların ticarətinə mənfi təsir göstərəcək".
Müstəqil iqtisadçı ekspert Qadir İbrahimli qeyd etdi ki, rublun zəifləməsinin "Sədərək" və "Binə" ticarət mərkəzlərində çalışanların gəlirlərinin azalmasına gətirb çıxarması Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların nəticəsidir: "Sədərək" və "Binə" ticarət mərkəzlərindəki bəzi obyektlərdə alış-verişin zəifləməsi son zamanlar Rusiyada baş verən proseslərlə əlaqədardır. Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar artıq rublun dəyərinin itirilməsinə gətirib çıxarır. Bu da təbii ki, ölkəmizdə əsasən Rusiyadan gələnlərlə ticarət edən sahibkarların maraqlarına uyğun deyil. Proses onlara ziyan vuran bir amilə çevrilib. Rusiyada baş verən bu amillərin müəyyən mənada Azərbaycana da təsir edəcəyi gözlənilirdi və göründüyü kimi artıq təsir edir. Azərbaycanın Rusiya ilə böyük ticarət dövriyyəsi var. Rusiyada rublun zəifləməsi tendensiyası uzunmüddətli olacaqsa, olay belədə Azərbaycandakı müəyyən biznes şəbəkələrinə də təsirsiz ötüşməyəcək. Rublun zəifləməsinə adekvat olaraq, öncə onların gəlirləri kəskin azalmağa doğru istiqamət götürəcək. Müəyyən zamandan sonra sanksiyaların davamlılığı fonunda rublun dəyərini daha da itirməsi ilə, Rusiyadan gələnlərlə ticarət aparan biznes şəbəkələrinin gəlirlərini daha da azaldacaq".