Havaların istilaşəmsi ilə turizm sektoru da canlanmağa loğru gedir. Amma məsələ ondadır ki, imkanı çatan Azərbaycan vətəndaşları istirahət üçün xarici məkanlara getməyə daha çox üstünlük verir. Anoloji vəziyyət cari ildə də müşahidə edilir. Bunu turizm şirkətlərinə edilən müraciətlərdən də görmək olar. Belə ki, xaricə tursit kimi getmək üçün verilən sifarişlər artır. Halbuki, Azərbaycanda son illər turizmin inkişafı baxımdan xeyli addımlar atılıb. Otel və mehmanxanalar tikilib istifadəyə verilib. Amma məsələ ondadır ki, hələ də ölkəmizdə turistik obyektlərinin qiyməti bir çox xarici ölkələrlə müqayisədə daha yüksəkdir. Eyni zamanda, yüksək qiymətə rəğmən xidmətin keyfiyyəti aşağı olaraq qalmaqdadır. Bütün bunlara görə də azərbaycanlılar istirahət üşün əsasən Gürcüstan, Türkiyə kimi ölkələrə üz tuturlar.
Msələ ilə bağlı ekspert Eldar Aslanov düşünür ki, azərbaycanlıların istirahət üçün daha çox xaricə getmələri onların imkanlarının artmasının göstəricisidir: "Azərbaycanda əhalinin böyük hissəsi istirahətini ölkə daxilində keçirir. Buna baxmayaraq, mühüm bir hissə də bunun üçün xaricə üz tutmağa üstünlük verir. Yaxın xaricə, hətta uzaq ölkələrə Azərbaycandan gedənlər var. Bu məsələ ilə bağlı ikili yanaşma mövcuddur. İstirahət üçün xaricə gedən şəxslərin yəqin ki, imkanları da buna zəmin yaradır. İkinci bir tərəfdən, ola bilsin, onlar daha uyğun istirahət məkanı qismində məhz xarici ölkələri görürlər. Qiymət, xidmət və keyfiyyət baxımından. Azərbaycanda həm də lazım olan qədər uyğun yer tapa bilmədiyindən xarici seçirlər. Bütün hallarda, nəticə ondan ibarətdir ki, hətta inkişaf etmiş Avropa ölkələrində belə turistlərin böyük əksəriyyəti xaricdə dincəlməyə daha çox meyllidir. Onlar olmadıqları ölkələri görmək, tarixi tikililərlə yaxından təmas qurmaq istəyirlər. Təbii ki, biz maraqlıyıq ki, əhali əsasən daxildə istirahət etsin. Çünki, ölkədən turistin getməsi həm də valyutanın xaricə axını deməkdir. Ölkəyə turistin gəlməsi isə daxilə valyuta axını deməkdir. Bu baxımdan maraqlıyıq ki, ölkəyə daha çox turist gəlsin, nəinki ölkədən xaricə getsinlər. Amma bütün bunlar inzibati üsullarla deyil, bazar iqtisadiyyatının qanunları ilə tənzimlənməlidir. Turizm mərkəzləri, yerləşdirmə yerləri, otellər özlərinin mövsümə uyğun qiymət siyasətlərini, cəlbedici təkliflərini çatdırmalıdırlar ki, ona əsasən də əhali əsasən istirahətini daxildə keçirməyə üstünlük versin".
Müstəqil ekspert Rəşad Həsənov düşünür ki, xidmətin keyfiyyətinin yüksək olması və qiymət baxımından ucuzluq azərbaycanlı turisti istirahət üçün xaricə getməyə həvəsləndirməkdə davam edir: "Azərbaycanda turizm sektoru keçən əsrin 90-cı illərinin əvvəllərində bərbad vəziyyətə düşmüşdü. Son illər bu sahənin dirçəldilməsi üçün müəyyən addımların atılmasına baxmayaraq, ölkədə turizm sektorunun xidmət səviyyəsi yüksək deyil, qiymətlər də bahadır. Bu kimi səbəblər məhz bir çox insanın istirahət üçün xaricə üz tutmalarına səbəb olur. Sektorda rəqabət mühitinin aşağı olması da burada ciddi irəliləyişin olmasına imkan vermir. Qiymətin yüksək olması fonunda xidmətin ona adekvat olmaması da belə bir disbalans yaradır. Xaricdə isə xidmət də yüksəkdir. Yaxşı olardı ki, ölkədə daha çox saylı Azərbaycan vətəndaşlarının gəlirlərinə uyğun gələn istirahət mərkəzləri yaradılsın. Belə olarsa, xaricə gedənlərin sayı da azalar. Azərbaycanda bir nəfərin bir həftəlik istirahətinə çəkilən xərclə Gürcüstanda iki nəfər bir həftə ərzində istirahət edə bilər. Bildiyiniz kimi, son illər Azərbaycandan Gürcüstan və Türkiyəyə turistik səfərlərə çıxanların sayı çoxalır. Bu da orada infrastrukturun daha yaxşı olması, eyni zamanda, turizm mədəniyyəti də həmin ölkələrdə daha yüksəkdir. Azərbaycanda isə hələ bu sahədə çoxsaylı işlər görülməlidir. Bu sahədə dövlət proqramları qəbul edilərək müəyyən işlər görülür. Amma buna baxmayaraq, ölkədə turizm sektorunun vəziyyəti qənaətbəxş sayıla bilməz. Vətəndaşları da bu qane etmir, ona görə də xaricə üz tuturlar".