Əlaqə Arxiv
news Image
2014.05.27
08:11
| A A A
Kredit bataqlığına düşənlərin sayı artır
Ekspertlərə görə, bir şəxsin eyni vaxtda bir neçə banka borclu olması halları da çoxalır

Təxmini rəqəmlərə görə, Azərabaycanda 1.6 milyona qədər insanın banklara kredit borcu var. Ötən illərlə müqayisədə rəqəmdə artım özünü göstərməkdədir. Ölkədə günü-gündən bank sayının və aktivlərinin artması da buna dəlalət edir. Böyük məbləğlər iş adamları tərəfindən götürülsə də, borc alanların əsas hissəsi fiziki şəxslərdir. Hətta 2-3 banka eyni zamanda faiz ödəyən insanlarımız da az deyil. Bu isə, potensial olaraq girov qismində qoyulan əmlakın itə bilməsi və sosial vəziyyətin sonradan daha da pisləşməsi deməkdir. Çünki, faiz dərəcələrinin yüksəkliyi ilə yanaşı, ölkədə problemli kreditlərin həcmində də artım var. Borca öyrəşilmiş həyat tərzi kimi məsələnin sosial-pxisoloji tərəfi olsa da, əsas səbəb yenə də iqtisadi amil göstərilir. Hazırda bankdan borc götürən hər bir şəxsə düşən orta kredit göstəricisi 3,5-dir. Halbuki, 3 il əvvəl bu rəqəm 2,5 kredit təşkil edirdi.

İqtiasdi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədri Azər Mehtiyev bildirdi ki, Azərbaycanda kreditlə bağlı problem olsa da, məsələlər təbliğat səviyyəsinə qaldırılır: "Kreditin sanki insanlar üçün ziyanlı vasitə olması təbliğ olunur. Ancaq burada problem kreditdə deyil. Nəzərə almalıyıq ki, krediti alan insanlar bundan necə istifadə edib, ödəyə biləcəkləri barədə düşünməlidirlər. İlk növbədə Azərbaycanda olan bankların kreditləri çox yüksək faizlə verməsi diqqəti cəlb edir. Burada əslində, qeyri-adi nəsə yoxdur. Çünki, Azərbaycan kimi keçid dövrünü yaşayan ölkələrdə faiz dərəcələri yüksək olur. Lakin əhalinin kreditlərdən sərbəst şəkildə istifadə etmələri üçün kredit faizlərinin aşağı salınması vacibdir. Əslində, insanların kreditlə üzləşmələrindən əsas səbəblərindən biri məhz daha yüksək kredit dərəcələrinin olmasıdır. Lakin kredit faizləri aşağı olarsa, yüksək faizlə kredit alan insanlar həmin kreditlərdən imtina edəcəklər? Yaxud da kredit almağa meylli olmayacaqlar? Burada digər problem ikinci tərəf - əhalinin kredit alarkən ödəyəbilmə imkanlarını düzgün qiymətləndirə bilməməlidir. Təbii ki, ehtiyaclar çoxdur. İnsanlar ən müxtəlif məqsədlərlə kredit alırlar. Onların bəzilərinin hazrıki gəlirləri bu ehtiyacları ödəmək iqtidarında deyil. Belə bir vəziyyətdə isə onlar kredit almağa məcbur olurlar. Bu zaman hətta iş o yerə gətirib çıxarır ki, bir dəfə aldığı krediti ödəyə bilmədiyinə görə, bu krediti əlavə bir kredit almaqla ödəməli olurlar. Burada bir zəncir formalaşır. Getdikcə daha çox borclanmağa başlayırlar. Bu, həm kredit alanların vəziyyətini ağırlaşdırır, həm də ödənməyən kreditlərin artmasına gətirib çıxarır".

Ekspert bildirdi ki, problemi həlli üçün ilk növbədə insanların gəlir əldə etmə imkanları genişləndirilməlidir: "İkincisi, kredit faizləri aşağı salınmalıdır. Üçüncüsü, insanlar kredit alarkən ödəyəbilmə bacarığına görə hərəkət etməlidirlər. Azərbaycanda digər bir ciddi problem odur ki, insanlar həyata keçirdikləri işi başqalarına göstərmək xatirinə daha təm-taraqlı edirlər. Bu cəhdlər də insanları bir çox hallarda daha çox pul xərcləməyə məcbur edir".

İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov bildirdi ki, vətəndaşların kreditlə yaşamasının kökündə əsasən iqtisadi problemlər dayanır: "Azərbaycanda mövcud ailələrin 25%-nin bir neçə banka borcu var. Bu, ilk növbədə onunla bağlıdır ki, Azərbaycana kütləvi vəsaitlər daxil olur. Nəzərə alaq ki, 1980-1990-ci illərdə insanların tələbinin çeşidi də çox az idi. İnsanlar ailənin tələbatını ödəmək üçün əsas ərzaq məhsullarını alırdısa, bu işi yerinə yetirmiş kimi hesab edirdilər. Lakin artıq insanların zövqləri və tələbatın çeşidləri də dəyişib, çoxalıb. Dəyişən tələblərin qarşılığında insanların gəlirləri bəzən ona cavab verə bilmir. Belə olduğu təqdirdə insanlar hansısa digər maliyyə mənbələrindən istifadə edərək bu tələbi qarşılamağa cəhd edirlər".

Ekspert əlavə etdi ki, bankların təqdim etdiyi krditlərin çeşidi artdıqca, ondan istifadə edən insanlar da çalışırlar ki, zamanı qabaqlayaraq öz istəklərini yerinə yetirsinlər: "İnsanlar çalışır ki, problemlərini qabaqcandan həll etsin. Hansısa məhsulu almaq üçün müəyyən il gözləməkdənsə, banklara faiz verməyi daha üstün tutur. Digər səbəb odur ki, bir çox insanlarda şöhrətə meyillik çoxdur. Bu da sonda insanların bir neçə banka borclanmasına və kreditlərinin həcminin çoxalmasına gətirib çıxarır.

2000-ci illərdən Azərbaycanda kreditləşmə prosesi başlayandan sonra kütləvi şəkildə insanlar arasında borclama artdı. İnsanlar gələcəyə olan ümidləri müqabilində bu gün kəskin qərarlar qəbul edirdilər. Nəticədə vəziyyət belə oldu. Yəni, problemləri öncədən həll etməyə çalışmaq cəhdi sonda bu vəziyyətə gətirib çıxarıb".

Sizin Reklam Yeriniz