ÜDM-da insan kapitalının rolu artdıqca ölkənin iqtisadi inkişafı daha dayanıqlı və uzunmüddətli olur.
Araşdırmalara görə, Azərbaycanda vətəndaşların əmək məhsuldarlığının ÜDM-dəki payı 10,8 faizdir. Qərb ölkələrində isə bu göstərici bir neçə dəfə çoxdur.
Bəs, Azərbaycanda vətəndaşların əmək məhsuldarlığının aşağı olmasının səbəbləri nədən ibarətdi? Necə etmək olar ki, məhsuldarlıq yüksək olsun?
Bu mövzuda söhbətləşdiyimiz iqtisadçı ekspert Sabit Bağırov hesab edir ki, əmək məhsuldarlığının artmasına təsir göstərən əsas faktor təhsildir: "Azərbaycanda əmək məhsuldarlığının aşağı olduğu faktdır. Amma onun neçə faizlə ölçüldüyünü deyə bilmərəm. Həqiqətən də bizdə məhsuldarlığın ÜDM-dakı payı 10 faiz civarındadırsa, deməli, təhsildə vəziyyət ürəkaçan deyil. Bu birbaşa təhsillə bağlı olan məsələdir. Sovet dövründə əmək məhsuldarlığının təmin olunması ilə bağlı xüsusi institutlar var idi. Hər bir işçiyə fərdi qaydada yanaşılırdı. Onun əməyi qiymətləndirilirdi. İş yerlərində işçinin əmək məhsuldarlığının artırılmasını təmin etmək üçün elmi tədqiqatlar aparılırdı. Amma sistem, hər şeyin dövlətdən asılı vəziyyətdə olması elmi nəzəriyyənin praktikada nəzərdən keçirilməsinə imkan vermirdi".
S.Bağırovun sözlərinə görə, Azərbaycanda iqtisadiyyatın bütün sahələri ekstensiv yolla inkişaf edir: "İşçilərin sayını artırırıq, əraziləri böyüdürük, texnikaların sayını artırırıq, amma məhsuldarlıq sabit qalır. Avropada isə daha çox intensiv inkişafa meyil göstərirlər. Bir insan bir neçə nəfərin işini həyata keçirə bilir. Əlbəttə ki, modern texnikanın sayəsində. Unutmaq lazım deyil ki, bu gün texnoloji yeniliklər əmək məhsuldarlığının inkişafına birbaşa təsir göstərir".
Ekspert qeyd etdi ki, Azərbaycanda ÜDM-da neft gəlirlərinin çəkisinin yüksək olması da əmək məhsuldarlığına mənfi təsir göstərir: "Neft və qaz ölkələrində bir qayda olaraq vətəndaşların əmək məhsuldarlığı aşağı düşür. Çünki ölkənin zəngin təbii ehtiyatlarının olması, dövlətin sosialyönümlü xərcləmələrə meyilliliyi və insanların hökumətdən daim umacaqlarının olması məhsuldarlığa pis təsir göstərir. Problemlərin həlli üçün vətəndaş təşəbbüsü olmalıdır. Bu yoxdur. Almaniyada insanlar saat 6-da işə gedir, 15.00-da işdən çıxır. İşdən gələndən sonra evinin təmizlik işlərilə məşğul olur. Bizdə isə daim işə gecikmələr olur. Heç bir dövlət qurumunda, müəssisədə işçilər işə vaxtında gəlmirlər. İnanmırsızsa gedək araşdırma aparaq. Yarım saat işlədikdən sonra çay içirik, saat 12 olmamış nahara çıxırıq, saat 15-də işə qayıdırıq. Hələ mən işdə işdənkənar hərəkətləri, münasibətləri demirəm. Hesab edirəm ki, vətəndaşların əmək məhsuldarlığını artırmaq üçün iş yerlərində rejim bir qədər sərtləşdirilməlidir. Sovet dövründə gündüzlər şəhərdə, rayonda gəzən adamlar sorğu-suala tutulurdu ki, niyə çöl-bayırdadır. Amma indi maşallah günün bütün saatlarında avtobuslar, yollar, parklar adamlarla doludur. Bəzisinin adları hansısa dövlət qurumunun işçilərinin sırasında var, amma işə getmirlər. Bu məsələ əvvəl-axır araşdırılmalı və dövlət müdaxilə etməlidir".
R.Qaçayoğlu