Son aylar mənzil bazarında qiymətlərin nəzərəçarpacaq dərəcədə aşağı düşməsi müşahidə olunur. Bu azalma özünü ilin əvvəlindən 15 faiz civarında göstərib və prosesin davamlı olacağı proqnozlaşdırılır. Amma buna rəğmən, hələ də mənzil satışı yüksək səviyyədə deyil.
Əmlak Ekspert Mərkəzinin eksperti Rövşən Talıbzadə bildirdi ki, mənzil bazarında qiymət azalması özünü təkrar mənzil bazarında göstərir: "Mənzil bazarı seqmentləri arasında ən çox qiymət azalması müşahidə edilən seqment təkrar mənzil bazarıdır. Bu proses özünü ilkin mənzil və torpaq bazarında da göstərir. Amma daha çox təkrar mənzil bazarında hiss olunmaqdadır. May ayında 4,2 faiz qiymət azalması baş verib. Apardığımız monitorinq nəticəsində bəlli olub ki, mənzil bazarı qiymətlərinin bir kvadratmetri 1677 manat həcmində qərarlaşıb. Reallıqla uyğunlaşdıranda, deməliyəm ki, bu halda qiymətlərin düşməsindən daha çox, onun əvvəlki real dəyərinə doğru istiqamət götürməsindən danışmaq olar. 2 otaqlı "Xruşşovka" layihəli mənzillərin qiyməti son zamanlar həddən artıq pik qiymətə, 75-80 min manata çatmışdı. Bu gün belə mənzilin qiyməti 60 min manata düşürsə, bu reallıqdır. Çünki, belə layihəli mənzillər həm dövrünü keçib, onlar bugünkü yeni tikililərlə uyğunlaşmır. Ona görə də yeni tikilən mənzillərdə qiymətlərin düşməsi halı hissolunmaz dərəcədə çox cüzidir. Yeni tikili mənzillərdə cüzi ucuzlaşma kvadratmetrinin qiyməti 2500 manatdan yuxarı olan mənzillərdə hiss olunur. Kvadratmetri 1000-1500 manat arasında dəyişən mənzillərdə isə qiymət enmələri gözə dəymir".
Həmsöhbətimiz qeyd etdi ki, bu seqmentdə qiymət enmələrinə səbəb olan amillər çoxdur: "Birmənalı olaraq qeyd etmək olar ki, bu gün bazarda təklif çoxdur, tələb isə azdır. Bunun da səbəbi gözləmə mövqeyilə bağlıdır. Alan, satan da daha çox gözləmə mövqeyindən çıxış edir. Düzdür, satan tez satmağa çalışaraq ucuz qiymətə olsa da, malını təklif edir. Alıcı isə qiymətlərin daha da düşməsi üçün gözləmə mövqeyi tutub. O fikirləşir ki, ilin sonunadək qiymətlər düşməkdə davam edəcək. Bunu da şərtləndirən amillər var. Bu da dünya iqtisadiyyatında baş verən proseslərlə bağlıdır. Neftin qiymətinin aşağı düşməsi pul dövriyyəsinə daxil olan vəsaitlərin həcminin dəyər ifadəsilə azalmasına səbəb oldu. Bu da öz növbəsində alıcılıq qabiliyyətinə təsir etdi, alıcılar gözləmə mövqeyi tutdu".
Qiymət azalmasına səbəb olan ikinci amili R. Talıbzadə bu il ərzində söküntü proseslərinin azalması ilə əlaqələndirdi: "Ötən dövr ərzində Bakıda söküntü prosesi çox olub. İstər "Eurovision" müsabiqəsi, istərsə də, Avropa Oyunları dönəmində yeni-yeni komplekslər tikilib istifadəyə verildi. Bu zaman da böyük həcmli kütləvi söküntülər baş verdi. Bu da əhalinin əlində nağd pul vəsaitinin cəmlənməsinə gətirib çıxardı və o, bu pulu daşınmaz əmlaka yönəltdi. Bu isə həmin dövrdə bazarda aktivliyin yaranmasına səbəb oldu. Belə olan halda normalda proses qiymətlərin artımını nəticələndirir. İndi isə söküntü işlərinin həcmi də azalıb. Bu isə əhalinin əlində nəğd pulun yığılmasının qarşısını aldı və bazarda passivliyi şərtləndirdi".
Ekspert qiymət azalmasında digər səbəbi vasitəçilərin azalmasında görür: "Rieltorlar bazarın aktivləşməsində mühüm rol oynayır. Onalrın aktiv fəaliyyəti də qiymət artımına gətirib çıxarırdı. Amma bu ilin yanvarından Vergilər Nazirliyinin tətbiq etdiyi yeni vergi maddəsi bazarda rieltorların sayının nisbətən azalmasına rəvac verdi. Belədə alqı-satqı prosesi də zəiflədi. Çünki, artıq vergi rüsumları rieltorlar arasında bu sahəyə marağı azaltdı".
Habelə banklarda kredit vermə şərtlərinin mürəkkəbləşməsi də eksperin fikrincə, sözügedən qiymət enməsinə stimul yaradıb: "Dolların məzənnəsinin oynaması da bazara təsirsiz ötüşməyib. Əvvəllər əhali bankdan kredit alıb mənzil almağa yönəldirdisə, artıq buna ehtiyat edir. Fikirləşir ki, manatın növbəti devalvasiyası baş verə və belədə götürdüyü kreditin həcmi birdən-birə arta bilər. Bunu fevralın sonu-martın əvvəlində müşahidə etdik. Həmin anda təkrar mənzil bazarında qiymət birdən-birə 15-20 faiz artdı. Sonradan isə əvvəlki vəziyyətinə çatdı".