Yay mövsümü ilə bağlı olaraq təbitəin səfalı guşələrində istirahətə üz tutanların sayı artır. İnsanlar getdikcə daha çox təbiət qoynunda yaradılan istirahət mərkəzlərində dincəlməyə üstünlük verir. Lakin bir sıra belə istirahət mərkəzlərində müştəriyə xidmət zamanı kassa aparatlarından istifadə olunmur. Halbuki, qanunvericiliyə uyğun olaraq, sahibkarlıq fəaliyyətilə məşğul olanlar kassa aparatları da almalıdır. Görəsən, nədən bu tip obyektlər kassa aparatlarından istifadə etmir və bu vergidən yayınmaya nə dərəcədə yol açır?
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirdi ki, kassa aparatlarından istifadə sahibkarlıq subyektləri üçün məcburidir. Onun fikrincə, prosesə nəzarət mexanizmi gücləndirilməlidir ki, kassa aparatlarının istifadəsindən yayınma hallarına son qoyulsun: "Kassa aparatlarından istifadə edilməsi məcburi xarakter daşıyır. Qanunvericilikdə hansı hallarda kassa aparatlarından istifadə edilməməsi müəyyənləşdirilib. Məsələn, xidmət sektoru, kafe və restoranlar birmənalı şəkildə, kassa aparatlarından istifadə etməlidir. Bu sektorlarda kassa aparatlarından istifadə edilməməsi bu sahələrdə çalışan sahibkarların vergidən yayınmaq istəyilə bağlıdır. Çünki, kassa aparatlarından istifadə edilməsi birmənalı şəkildə həmin obyektlərin vergiyə cəlb edilməsinə gətirib çıxarır və belədə bütün əməliyyatlar rəsmiləşir. Təəssüf ki, bəzi hallarda biznes nümayəndələri çalışır ki, kassa aparatından istifadə etməsin və belədə vergi ödəməkdən qaçsınlar. Bu da sözsüz ki, kiçik və orta sahibkarlığın vergidən yayınması deməkdir. Belədə görürük ki, kiçik sahibkarlığın vergidən yayınma halları artır. Belə hallaqın qarşısını alamq üçün birmənalı şəkildə, nəzarət mexanizmlərinin gücləndirilməsinə ehtiyac vardır. Bu istiqamətdə addım atılması və belədə bütün bu tip obyektlərin vergiyə cəlb edilməsi olduqca vacibdir. Vergilər xırda-xırda formalaşır. Hər bir kiçik, orta sahibkarın vergi ödəməsi vacibdir. Ödənilən bu vergilər son nəticədə dövlət büdcəsində ümumi büdcənin formalaşmasına zəmin yaradır. Ona görə turizm xidməti göstərən kiçik sahibkarlıq obyektlərində də kassa aparatının quraşdırılması və onların da vergiyə cəlbi mühüm əhəmiyyət kəsb edir".
İqtisadçı-ekspert Natiq Cəfərli isə problemin həlli yolunu həmin obyektlərin sadələşdirilmiş vergiyə cəlb olunmasında görür: "Hər hansı bir ticarət obyektində kassa aparatı fəaliyyət göstərmirsə və uçot işləri normal aparılmırsa, bu. birbaşa vergidən yayınmağa gətirib çıxarır. Turizm obyektlərində, əsasən də regionlarda, yol kənarında və yaxud təbiət qoynunda açılan, mövsümü olaraq fəaliyyət göstərən iaşə obyektlərində kassa aparatlarının olmaması və onların vergidən yayınması problemi həmişə olub. Hətta burada sanitar qaydalara riayət olunması sahəsində də problemlər yaşanır. Bu da ərzağın yay mövsümündə tez xarab olması fonunda müştərilərin sağlamlığı ilə bağlı bəzi problemlərin yaranmasına gətirib çıxara bilər. Bu tip obyektlərdə kassa aparatlarının quraşdırılmamasında yerli müvafiq orqanların məsuliyyətsizliyi, göz yumması da rol oynayır. Bəzi hallarda yerli orqanlarla müvəqqəti anlaşılaraq belə obyektlər açılır. Problemin həlli üçün həmin obyektlərə münasibətdə sadələşdirilmiş vergi sistemi tətbiq olunmalıdır. Müəyyən ciddi nəzarət mexanizmi tətbiq etməklə, sadələşdirilmiş vergi qaydasında onları vergiyə cəlb etmək zənnimcə, daha asan olar. Çünki, onlar müvəqqəti obyektlərdir, ən çoxu 4-5 ay fəaliyyət göstərir. Vergiyə cəlb olunduqdan sonra da onlara nəzarət üçün müəyyən formalar fikirləşib tapmaq lazımdır ki, iş adamlarını həm tez-tez narahat etməklə fəaliyyətlərində çətinliklər yaradılmasın, həm də onların normal şəkildə vergi ödəmələri üçün şərait olsun. Dünya praktikasında da belə obyektlər sadələşdirilmiş vergiyə cəlb olunurlar. Problemdən çıxmağın ən effektiv yolu bundan ibarətdir".