Son zamanlar Türkmənistan Rusiyanın "Qazprom" şirkətindən narazılıq etməyə başlayıb. Buna da səbəb "Qazprom"un aldığı qaza görə Aşqabada olan borcunu ödəməməsidir. Bu fonda da Türkmənistan sözügedən şirkətlə əməkdaşlığı dayandırmaq istəyir. Belədə Aşqabad daha etibarlı tərəfdaşlarla əlaqə qurmaq üçün yeni bazar axtarır. Hazırda əsas diqqət türkmən qazının Azərbaycan üzərindən Avropaya nəqliən nail olmaqdır.
Ekspert Zəfər Vəliyev bildirdi ki, bu fonda "Transxəzər" layihəsinin işə düşməsi ilə Bakı ilə Aşqabad arasında enerji əlaqələri də sürətlənəcək: "Rusiya ilə Türkmənistan arasında qaz alqı-satqısına dair yaşanan fikir ayrılığı heç də bu günün məsələsi deyil. 2000-ci ildən üzü bəri iki ölkə arasında bu proses gedir və hazırkı gündə gəlib son kulminasiya nöqtəsinə çatıb. Əvvəllər əsas fikir ayrılığı "Qazprom"un Türkmənistanın neft-qaz konserni ilə bağladığı qaz alqı-satqı müqaviləsində qazın həcmi istiqamətində olub. Keçən il "Qazprom" elan etdi ki, artıq 2015-ci ildən başlayaraq Türkmənistandan 4 milyard kubmetr civarında qaz idxal edəcək. Qiymətinə gəldikdə müəyyən edilmişdi ki, hər kubmetrinə görə 240 dollar ödəniləcək. Hazırda isə Rusiya şirkətinin həmin qiymətlə qaza görə Türkmənistana vəsait ödəmək imkanları yoxdur. Bu, o demək deyil ki, "Qazprom" həmin vəsaiti ödəmək gücündə deyil, ödəyə bilir. Amma Rusiya ərazisindən nəql xərcləri də bura əlavə edildikdə, "Qazprom" ziyana düşür. Çünki bu gün Avropanın qaz bazarlarında boru kəmərlə gətirilən qazın satış qiyməti 240-245 dollar arasında dəyişir. Ona görə də hazırda "Qazprom" şirkətilə Türkmənistanın neft-qaz konserni arasında narazılıq məhz qiymət siyasətinin formalaşması ilə bağlıdır.
İkinci bir tərəfdən, Türkmənistanla "Qazprom" arasında fikir ayrılığının dərin bir tarixcəsi var. 2005-2006-cı ildə Türkmənistan "Qazproma" ildə 41-42 milyard kubmetr qaz verirdi. Əvvəlki illərdə isə bu rəqəm daha çox idi. Amma 2006-cı ildən başlayaraq "Qazprom" Türkmənistandan idxal etdiyi qazın həcmində endirimlər etməyə başladı. Bu istiqamətdə kulminasiya nöqtəsi 2009-cu ilə təsadüf etdi. Həmin ildə Türkmənistanla Rusiyanı birləşdirən qaz kəmərində partlayış oldu. Nəticədə həmin kəmər öz fəaliyyətini ancaq 2010-cu ildə bərpa etdi. 2010-cu ildə yenidən Türkmənistanla "Qazprom" şirkəti arasında qaz alqı-satqısına dair sazişə yenidən baxıldı. Bu ildən başlayaraq "Qazprom"un Türkmənistandan aldığı qazın həcmində azalmalar baş verdi. Elə həmin il Türkmənistandan Rusiyaya ixrac edilən qazın həcmi 10-12 milyard kubmetr oldu. Ümumiyyətlə, Aşqabad 2009-cu ildən başlayaraq "Qazprom"u etibarsız tərəfdaş adlandırıb. İndi də bu şirkəti ödəniş qabiliyyətini itirən tərəfdaş kimi qiymətləndirir. Bütün bu hadisələr onu göstərir ki, "Qazprom" şirkətinin tərəfdaş ölkələrlə bağladığı sazişlərdən irəli gələn öhdəliklərə sona qədər gedə bilmir. Bu ittihamlar isə son olaraq "Qazprom"un beynəlxalq səviyyədə etibarlı tərəfdaş imicinə ciddi zərbə vurur.
Təbii ki, Türkmənistan öz qaz ehtiyatlarını şaxələndirmə prinsipi əsasında nəqli məsələsini gündəmə gətirirsə, belə olan halda Aşqabadın Bakı və Ankara ilə, eyni zamanda Avropa Komissityası ilə ciddi əməkdaşlığa getməsi qaçılmaz olacaq. Son iki ildə bu istiqamətdə əlaqələr intensiv xarakter daşıyıb. Türkmənistan, Azərbaycan, Türkiyə üçtərəfli danışıqları, habelə Azərbaycan, Türkmənistan və Avropa Komissiyası arasında olan üçtərəfli danışıqlar çox intensiv mərhələ xarakteri alıb. Son hadisələr də göstərir ki, Türkmənistan yaxın perspektivdə öz qaz ehtiyatını məhz Azərbaycan üzərindən Avropaya nəql edəcək. Bu qaçılmazdır, çünki Rusiyanın Ukrayna və Avropa ilə qaz məsələsində ciddi fikir ayrılığı və qarşıdurmada olması Türkmənistan qazının Azərbayacan üzərindən idxal edilməsini qaçılmaz edir. Yaxın zamanlarda bu istiqamətdə ciddi irəliləyişləri müşahidə edəcəyik. Türkmənistan hökuməti Londonda ölkəsinin neft-qaz yataqları ilə bağlı bir proqram həyata keçirmək niyyətindədir. Burada Türkmənistanın neft-qaz sektoruna, xüsusən də Xəzərdəki yataqlarına xarici investisiyaların cəlb edilməsinin təşkilatı və hüquqi aspektlərinin gtələcək perspektivi müzakirə ediləcək. Bu, o deməkdir ki, Türkmənistan çox qısa müddətdə qazını Azərbaycan və Türkiyədən keçməklə Avropaya ixrac edəcək. Çünki "Cənub qaz dəhlizi" layihəsinin həyata keçirilməsi fonunda "Transxəzər" qaz kəməri məhz Azərbaycanın müəllifi olduğu layihənin bir seqmentidir. Hesab edirəm ki, yaxın gələcəkdə Türkmənistan qaz hasilatını əvvəlki illərlə müqayisədə artırmağı hədəfləyərsə, onda onun müəyyən hissəsinin də Azərbaycan üzərindən Avropaya ixracı təmin ediləcək. Avropa Komissiyası və Ukraynanın Rusiya ilə münasibətlərinin gərginləşməsi Qərbi enerji təhlükəsizliyinin təmin olunmasında alternativ mənbələrə müraciət etməyə vadar edir. Bu baxımdan qısa zaman kəsimində Türkmənistandan qazın Avropaya çıxışı təmin olunacaq. Belədə indiyə kimi bəzi dövlətlər siyasi manipulyasiya etməklə məşğuldur. İndi isə onların hamısı arxada qalacaq. Yetər ki, Türkmənistan siyasi çevrələri siyasi qərar qəbul etsin və Avropa Komissiyası bu məsələdə Aşqabada siyasi dəstək göstərsin.Bu təqdirdə məsələ tam həll olunacaq. Bunun sonu olaraq da, Türkmənistanla Azərbaycan arasında enerji sferasında ciddi yaxınlaşma baş verəcək".