"Mənə siqnal gəlir ki, bizdə otellərin qiyməti bahadır, xüsusilə bölgələrdə. Beşulduzlu olmayan otellərin qiyməti niyə bahadır?
Movqe.az-ın məlumatına görə, bu sözləri prezident İlham Əliyev iyulun 13-də Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.
"İndi Bakıda tanınmış brendlər fəaliyyət göstərir. Əlbəttə ki, onlar bütün dünyada var. İndi Bakıda otelləri şəbəkəsi ən mötəbər şəbəkədir. Onların öz qiymət siyasəti var. Biz buna o qədər də qarışa bilmərik. Ancaq beşulduzlu olmayan otellərin qiyməti niyə bahadır?", - deyə İlham Əliyev bildirib.
Onun sözlərinə görə, bölgələrdə, rayon yerlərində elə qiymət qoyurlar ki, heç adam oraya getmək istəmir.
"Yenə də deyirəm, burada bəlkə də buna çox sadə yanaşırlar ki, qiymətləri bazar tənzimləyir, əgər tələbat varsa, təklif də var, amma hər kəs gedə bilmir. Bizdə beşulduzlu otellərin sayı kifayət qədər çoxdur. Mən buna çox sevinirəm. Bu, ölkəmizin gücünü göstərir, bu, prestijdir. Yəni, ölkədə gedən proseslərin təzahürüdür. Əgər dünyanın aparıcı beşulduzlu brendləri Bakıdadırsa, demək Bakı buna layiqdir və onlar layiqdirlər ki, Bakıda olsunlar", - deyə dövlət başçısı əlavə edib.
Lakin, İlham Əliyevin bildirdiyinə görə, üçulduzlu otellər azdır, ikiulduzlu otellər yoxdur. Prezidentin sözlərinə görə, o qədər də böyük maddi imkanlara malik olmayan ailələr istirahət edə bilmirlər, budur reallıq:
"Azərbaycanda o qədər gözəl yerlər var ki, heç xaricə getmək lazım deyil. Dağlar, meşələr, dəniz, çaylar, göllər, xizək kurortu. Ona görə, bu üç məsələyə mütləq baxmaq lazımdır - vizalar, biletlərin, otellərin qiymətləri və üçulduzlu, ikiulduzlu otellərin tikintisi. Mədəniyyət və Turizm Nazirliyi də tövsiyələr versin və eyni zamanda, sahibkarlar da bunu eşitsinlər".