Əlaqə Arxiv
news Image
2015.07.24
11:00
| A A A
Ucuz otellər tapmaq hələ də müşkül məsələdir
Elxan Vəliyev: “Təcrübənin olmaması və kadr çatışmamazlığı 2-3 ulduzlu otellərin tikintisinə marağı da azaldır” Müzəffər Ağakərimov: “Sahibkarların bu sahəyə marağının artması üçün onlara yerin ayrılmasında, otellərin tikintisində vergi güzəştləri edilməlidir”

Prezident İlham Əliyev Nazirlər Kabinetinin ilin 6 ayının yekunlarına dair keçirilən iclasında bir çox məsələlərlə yanaşı turizm sektoruna da toxundu. Bu mövzu ətrafında çıxışı zamanı dövlət başçısı 2 və 3 ulduzlu otellərin tikilməsinin vacibliyini qeyd etdi: "Bizdə beşulduzlu otellərin sayı kifayət qədər çoxdur. Mən buna çox sevinirəm. Bu, ölkəmizin gücünü göstərir, bu, prestijdir. Yəni, ölkədə gedən proseslərin təzahürüdür. Əgər dünyanın aparıcı beşulduzlu brendləri Bakıdadırsa, demək Bakı buna layiqdir və onlar layiqdirlər ki, Bakıda olsunlar. Ancaq üçulduzlu otellər azdır, ikiulduzlu otellər yoxdur. O qədər də böyük maddi imkanlara malik olmayan ailələr istirahət edə bilmirlər. Budur reallıq. Azərbaycanda o qədər gözəl yerlər var ki, heç xaricə getmək lazım deyil. Dağlar, meşələr, dəniz, çaylar, göllər, xizək kurortu. Ona görə, bu üç məsələyə mütləq baxmaq lazımdır - vizalar, biletlərin, otellərin qiymətləri və üçulduzlu, ikiulduzlu otellərin tikintisi".

İndiyə qədər iş adamları, sahibkarlar 2 və 3 ulduzlu otellərin tikilməsinə maraq göstərməyblər.

Halbuki turizmin inkişaf etdiyi ölkələrdə 2 və 3 ulduzlu otellər daha geniş həcmi daha çoxdur. Bu da həmin ölkələrə daha çox turistin axın etməsinə gətirib çıxarır. Hesab edilir ki, müəyyən stimullaşdırıcı addımlar atılmalıdır ki, sahibkarlar az ulduzlu otellərin tikilib istifadəyə verilməsində də maraqlı olsunlar.

Turizm üzrə ekspert Elxan Vəliyevin fikrincə, ölkəmizdə 2 və 3 ulduzlu otellərə marağın olmaması bu sahədəki təcrübəsizlikdən və kadr çatışmamazlığından irəli gəlir: "Bu yaxınlarda hörmətli Prezident tərəfindən otellərdə qiymətlərin həddən artıq baha olması ilə bağlı konkret faktlar irəli sürüldü. Ona əsasən də ölkəmizdə hazırda mehmanxana tipli otellərin tikilməsində problemlərin olduğunu gördük. Fikrimcə, ölkəmizdə 2 və 3 ulduzlu otellərin olmamasında başlıca səbəb həmin mexanizmi reallaşdıracaq kadr potensialının çatışmamazlığı ilə bağlıdır. Otellər də öz üzərlərində bu istiqamətdə işləməlidir. Digər tərəfdən, otellərin qiymət və xidmət baxımından düzgün mövqe tutmaması nəticəsində də mehmanxana tipli otellərə elə də ciddi tələbat olmur. Hətta adlarını 4 və 5 ulduzlu xidmət səviyyəsində qeyd edən otellərin də bir çoxu bu göstəriciyə uyğun olaraq xidmət göstərə bilmir. Yəni fikrimcə, təcrübənin olmaması və kadr çatışmamazlığı 2 və 3 ulduzlu otellərin tikintisinə marağı da azaldır. Bunun üçün otellər marketinq siyasətini də düzgün aparmalıdırlar. Bu istiqamətdə fəaliyyət göstərmək üçün stimullaşdırıcı addımların atılmasına gəldikdə, düşünürəm ki, bunun üşün Türkiyə, İsrailə gedib orada müvafiq ölkələrin təcrübəsindən, proqramlardan yararlanmaqla problemin həllinə nail olmaq olar".

Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov isə bu qənaətdədir ki, az ulduzlu otellərin tikintisinə maraq yaratmaq üçün sahibkarlara ilk növbədə müəyyən güzəştlər edilməlidir: "Azərbaycanda 2 və 3 ulduzlu otellərin tikilməsi məsələsi çoxdandır ki, ön plandadır. Turizmin inkişafı üçün Avropa, Türkiyədə olduğu kimi ölkəmizdə də 2 və 3 ulduzlu otellərin olması vacibdir. Bu istiqamətdə real addımların atılması Azərbaycana gələn turistlərin say baxımından artımına səbəb olacaq. Sahibkarların bu sahəyə marağının artması üçün onlara müxtəlif güzəştlər edilməlidir. Yerin ayrılması, otellərin tikintisində onlara vergi güzəştləri edilə bilər. Belə olarsa, sahibkarlarda bu sahəyə maraq oyatmaq olar. Eyni zamanda, sahibkarların özləri də başa düşməlidir ki, 2 və 3 ulduzlu otellər dövriyyəsinə görə daha çox gəlir gətirən sahədir. Bəzən 2 və 3 ulduzlu otellərdə dolum səviyyəsi 80-90 faizə çatır, ümumi otellərdə dolum səviyyəsi isə standarta uyğun olaraq ancaq 65-70 faizdir. Həm də az ulduzlu otellərin tikilib, onun gəlir verməsi üçün müəyyən səbr lazımdır. Hər bir otel 5-10 il ərzində qoyduğu mayanı götürə bilər. Sahibkarlar isə tez gəlir əldə etmək üçün 4 və 5 ulduzlu otel tikintisinə daha çox üstünlük verir. Yekun olaraq onu deyim ki, sahibkarlara güzəştlər edilməli, maarifləndirmə işləri aparılmalıdır ki, onlarda 2 və 3 ulduzlu otellərə maraq oyansın. Bunun üçün otellər arasında rəqabətin gücləndirilməsi də vacib elementdir".

Sizin Reklam Yeriniz