Əlaqə Arxiv
news Image
2015.07.24
10:45
| A A A
Lombardlardan banklara böyük zərbə
Cavid Əzimov: “Lombardlara üz tutanların sayının artmasının çoxsaylı səbəbləri var” Əli Əhmədov: “Lombardın operativliyi olduğundan ona tələbat həmişə olacaq”

Bankların kredit şərtlərində ağırlaşmaya doğru etdikləri çoxsaylı dəyişikliklər, lombardların işinə yarayıb. Belə ki, maliyyə bazarlarında aparılan araşdırmalar ölkəmizdə hər il lombardların sayının sürətlə artmaqda olduğunu göstərir. Elə kredit üçün bu məkanlara üz tutanların satında da hiss ediləcək artımlar baş verir. Cari ilin ilk yarısında lombara müraciət edənlərin sayında təxminən 30% çoxlama olub. Halbuki, lombard faizlərinin yüksək olduğunu nəzərə alsaq, müraciət edənlərin sayının azalacağı ehtimal edilirdi. Ekspertlər bu təzadın yaranmasında əsas amil kimi banklar tərəfindən verilən kredit şərtlərinin ağırlaşmasını göstərirlər. Məhz bu amil yüksək faiz dərəcəsinə baxmayaraq, insanların yolunu lombardlardan salır.

İqtisadçı ekspert Cavid Əzimov "Mövqe"yə bildirdi ki, lombardlara üz tutanların sayının artmasının çoxsaylı səbəbləri var: "Belə ki, ilk növbədə banklar kredit üçün müxtəlif sənədlər tələb edirlər. Hansı ki, bu sənədlər sadə vətəndaşların çoxunda yoxdur. Varsa da, əmək haqqı düzgün göstərilmir. İnsanlar zamin tapa bilmirlər. Yaxud da artıq bir neçə bankda krediti var. Bundan başqa, banklarda rəsmiləşdirmə prosesi zaman alır. Amma lombardlarda bu işlər daha tez həyata keçirilir. Düzdür, lombardlarda faizlər çox yüksəkdir. Baxmayaraq ki, verilən kreditdən təxminən 2 qat artıq girov da qoyulur. Əslində, lombardlarda faiz çox aşağı olmalıdır. Ancaq ümumi ölkə üzrə kredit faziləri yüksək olduğundan lombardlar da bundan istifadə edirlər". İqtisadçının sözlərinə görə, lombardlar kreditlərinin çoxalmaması üçün Mərkəzi Bank banklara uçot dərəcələrindən kreditləşməni artırmalıdır.

Digər iqtisadçı Əli Əhmədov da hesab edir ki, lombardlara üz tutanların sayının artması bankların kredit verilişi ilə bağlı şərtlərin sərtləşdirilməsi ilə bağlıdır: "Çünki, Mərkəzi Bank elan etmişdi ki, banklar kredit verilməsinə daha məsuliyyətli yanaşmalıdılar. Yəni, müştərilərin ödəmə qabiliyyətlərinin daha dəqiq hesablanlması nəzərdə tutulur. Nəticədə bankdan kredit götürmək istəyən müştərilərin sayında azalma var. Bunlar da lombardlara müraciət edirlər. Düzdür, lombardların faiz dərəcləri yüksəkdir. Ancaq iki ay əvvəl bəzi bankların faiz dərəcələri heç də lombard faizlərilərindən aşağı deyildi. Xüsusən də istehlak kreditləri üzrə bəzi banklarda faiz dərəcələri lombardların faiz dərəcələrindən yüksək idi.

Ancaq lombardların müəyyən üstünlükləri də var. Onlar kredit şərti yüngülür. Lombardlar iş yerindən arayış tələb etmir. Bir az qeyri-adi səslənsə də, bəzi hallarda lombardlardan kredit götürmək banklardan kredit götürməkdən daha yaxşıdır. Təcili pul lazım olanda bankdan tez lombard imdada çatır. Lombardın operativliyi olduğundan ona tələbat həmişə olacaq. Ancaq insan məsuliyyətlidirisə, onun haradan kredit götürməsinin ciddi fərqi yoxdur".

Sizin Reklam Yeriniz