Əlaqə Arxiv
news Image
2015.08.14
23:30
| A A A
Şərtlər ağırlaşsa da, kredit alanların sayı azalmır
Məhəmməd Talıblı: “Banklar kredit resurslarını satmaq deyil, daha əlverişli şərtlərlə davamlı və sabit fəaliyyət göstərən müştəriləri qazanmaqda maraqlı olmalıdır” Natiq Cəfərli: “Son dövrlərdə şərtlərin sərtləşməsi fonunda verilən kreditlərin həcminin azalmaması təbiidir”

Son araşdırmalar göstərir ki, Azərbaycanda bank kreditlərinin sayı sürətlə artır. Artıq bəzi vətəndaşlar ehtiyac olmasa belə, kreditdən yararlanmağa çalışır. Bundan banklar müəyyən qazanc əldə etsə də, eyni zamanda problemlərdən də xali deyillər.

Qeyd edək ki, ölkədə verilən kreditlərin sayı əhalinin sayını ötüb. Belə ki, indiyədək əhaliyə 10 milyon 244 min kredit verilib. Düz bir il əvvəl isə verilən kreditlərin sayı indikindən təxminən 30 faiz az idi. Hazırda bildiyimiz kimi, kreditlərin verilmə şərtləri sərtləşdirilib. Bu fonda belə proqnozlaşdırılırdı ki, sərt şərtlər daxilində son bir il ərzində verilən kreditlərin həcmi də bir o qədər çox olmayacaq. Amma son 12 ayda verilən kreditlərin həcmi daha da artıb. İqtisadçı-ekspert Məhəmməd Talıblının fikrincə, kreditlərin verilmə şərtlərinin sərtləşməsi fonunda, bu prosesin verilən kreditin həcminin azalmasına təsir göstərməməsi bank borclularının sayını artırır: "Kredit şərtlərinin yüngül olması təbii ki, kredit alanların problemlərinə daha çox dərəcədə yardımçı olur. Amma ağır şərtlərlə verilən kreditlərin olması isə ola bilsin, kredit alanların sayını çoxaldacaq. Lakin bu da nəticə etibarı ilə kredit portfelində problemli kreditlərin həcminin xüsusi çəkisinin artmasına gətirib çıxaracaq. Şərtlərin ağırlaşması fonunda verilən kreditlərin həcminin azalmamasında başlıca məsələ də budur. Yəni, kredit resurslarını satmaq bir problemdirsə, onun geriyə dönüşünü də təmin etmək ikinci problemdir ki, hazırda bununla kollektor şirkətlər məşğuldur, onlar həyata keçirir. Məsələyə bu baxımdan yanaşanda əslində, problemli kreditlərin yaranma səbəblərindən biri də bankların müştərilərə ağır şərtlərlə kreditləri təklif etməsidir. Nəticə etibarı ilə ola bilsin, bu başdan ağır şərtlərlə kredit almağa razılaşan vətəndaşlar, onun qaytarılması zamanı ciddi problemlərlə üz-üzə qalacaqlar.

Ona görə də banklar kredit resurslarını satmaq deyil, daha əlverişli şərtlərlə davamlı və sabit fəaliyyət göstərən müştəriləri qazanmaqda maraqlı olmalıdır. Əks halda bu, ümumilikdə əvvəlki müştərilərini itirmələri ilə sonuclana bilər".

İqtisadçı-ekspert Natiq Cəfərli isə

şərtlərin sərtləşdirilməsinə baxmayaraq, verilən kreditlərin həcminin azalmamasına təbii hal kimi baxır: "Əslində, kredit şərtlərinin sərtləşdirilməsindən sonra da müəyyən dərəcədə kreditlərin verilməsində azalmalar müşahidə olunur. Son aylarda bu rəsmi rəqəmlərdən də görünür. Amma ümumiyyətlə, Azərbaycanda başlayan iqtisadi inkişafın sürət tempi son 5 ildə özünü daha kəskin şəkildə büruzə verib. Neftin qiyməti 2008-ci ildə özünün tarixi rekord həddinə, yəni barreli 147 dollara çatmışdı. Belədə neftdən külli miqdarda vəsait əldə edən Azərbaycanda tikinti bumu da yaşandı, çoxsaylı tikintilər həyata keçirildi. İnsanların həyat səviyyəsi də yaxşılaşmağa başladı, maaşlar, gəlirlər artdı. Belə halda insanlar mənzil və avtomobil alarkən daha çox onu kreditlə almağa üstünlük verdi. Bu fonda istehlak kreditlərinin həcmi də kəskin şəkildə artdı. Son dövrlərdə şərtlərin sərtləşməsi fonunda verilən kreditlərin həcminin azalmaması təbiidir. Lakin görünən odur ki, getdikcə kredit şərtləri daha da sərtləşir. Belədə istər-istəməz verilən kreditlərin həcmi azalmağa doğru gedəcək. Bu da ondan qaynaqlanır ki, geri dönüşü problemli olan kreditlərin həcmi artır. Yanvar ayının 1-nə 950 milyon manata qədər olan problemli kreditin həcmi iyulda 1,3 milyarda qədər qalxıb. Bu da bank sektoru üçün ciddi stress mənbəyidir. Düşünürəm ki, bu temp davamlı olsa, bankların kredit verməsi daha da çətinləşəcək və kredit verilmənin həcmi keçən ilə nisbətən aşağı düşəcək".

Sizin Reklam Yeriniz