Son günlər dolların məzənnəsi istiqamətində qeyri-müəyyən vəziyyət yaranıb. Belə ki, dollar xeyli müddət idi ki, avroya nisbətən mövqeyini möhkəmləndirmişdi. Amma son günlər dollar avroya nisbətdə məzənnə baxımından bir qədər zəiflədi. Bu proses isə vətəndaşlarla yanaşı, xaricdən kredit cəlb edən banklar üçün də çox həssas məqamdır.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirdi ki, sözügedən proses fonunda yerli bank və şirkətlər üçün hansısa təhdidlərin yarana biləcəyi ehtimalı sıfır səviyyəsindədir: "Son günlər dollarla müqayisədə manatın məzənnəsinin dəyişməsi təbii ki, dünya bazarında baş verən dəyişikliklərlə bağlıdır. Bildiyiniz kimi, avronun məzənnəsində möhkəmlənmələr müşahidə edilir. Avronun dollara nisbətən məzənnəsinin güclənməsi manatın da dollara nisbətən məzənnə baxımından möhkəmlənməsinə təsir edir. Yalnız dünən (iki gün öncə-red.) avronun dollara nisbətən məzənnəsi müəyyən qədər aşağı düşdü ki, bu isə öz növbəsində manatın da dollara nisbətən cüzi yumşalmasına səbəb oldu. Amma dollar ətrafında yaşanan bu qeyri-müəyyənliyə baxmayaraq, kommersiya bankları xaricdən vəsait cəlb etməkdə davam edirlər. Bu gün kommersiya bankları üçün xaricdən vəsaitin, xüsusən də dolların cəlb edilməsi, praktik olaraq alternativsizdir. Bu da ondan irəli gəlir ki, xaricdən cəlb edilən vəsaitlərin faiz üzrə ödənişləri praktik olaraq aşağı həddədir. Faiz ödənişlərinin aşağı olması səbəbindən də kommersiya bankları çalışır ki, xaricdən ucuz başa gələn daha çox vəsait cəlb edə bilsinlər. Ölkədə sığortalanan əmanət faizinin 12 faiz civarında olduğunu nəzərə alsaq, bu, o deməkdir ki, daha ucuz şəkildə, yəni 7-8 faizlə dollar vəsaitinin cəlb edilməsi kommersiya banklarına ucuz kreditlərə çıxış imkanları yaradır. Bir qismini dollar formasında kredit kimi də təklif edirlər. O baxımdan fikrimcə, manatın dollara nisbətdə məzənnəsindəki dəyişikliklər kommersiya banklarının xarici valyutaları cəlb etməsinə heç bir təsir göstərməməlidir. Belədə onlar xarici valyutanı cəlb etməkdə davam etməlidirlər".
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyevin fikrincə isə, baş verən proses müəyyən yerli şirkət və banklara təhdidedici təsir göstərə bilər: "Dolların bahalaşması zərbəni təkcə daxildəki qiymətlərə vurmur. Həm də xaricdən borc götürən şirkətlər üçün də çətinliklər yaradır. SOCAR isə xaricə mal satdığından onun üçün xarici borcların qaytarılmasında problem yoxdur. Azərbaycanda onsuz da dolların ciddi bahalaşması prosesi müşahidə edilmir, o, sadəcə olaraq oynayır. Banklar üçün dolların qeyri-müəyyən formada oynamasının xaricdən kredit almalarına təsirini gəldikdə, bu vəziyyət problemli kreditlərin yaranmasında özünü göstərə bilər. Bank əhaliyə verdiyi kreditin bir hissəsini xaricdən aldığı vəsait hesabına verir. Bu fonda vətəndaş bank qarşısında öhdəliyini yerinə yetirə bilməyəndə bank da xarici banklar qarşısında götürdüyü öhdəliyi icra edə bilmir".