Əlaqə Arxiv
news Image
2016.01.13
08:00
| A A A
Vergi bazası genişləndirilir
Pərviz Heydərov: “Vergi siyasətinin təkmilləşdirilməsi fasiləsiz tələb olunan prosesdir” Natiq Cəfərli: “Biznesin daha çox inkişafı vergilərdə artıma gətirib çıxara bilər”

Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında toxunulan məsələlərdən biri də vergi bazası oldu. Belə ki, Prezident vergi bazası genişləndirilməsinin vacib olduğunu vurğuladı. Ölkə rəhbəri bildirdi ki, buna nail olmaq üçün kifayət qədər ehtiyatlar var: "Biz qeyri-formal iqtisadi fəaliyyəti leqal müstəviyə gətirməliyik və bu istiqamətdə çox ciddi addımlar atılmalıdır".

Ekspertlər də qarşıya qoyulmuş bu məqsəddə görüləcək işlərin az olmadığını deyirlər. İqtisadçı-ekspert Pərviz Heydərov bildirir ki, vergi siyasətinin təkmilləşdirilməsi fasiləsiz tələb olunan prosesdir: "Yəni, bunu böhranlı vəziyyətin ortaya çıxması ilə, neft gəlirlərinin azalması və sairlə əlaqələndirmək olmaz. Vergi mexanizminin daima təkmilləşdirilməsi təkcə büdcəyə gəlirlərin artırılması məqsədi ilə edilmir, iqtisadiyyatın inkişafına da xidmət edir. Bilavasitə Azərbaycanın timsalına gəldikdə isə, keçən il Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 7 milyard 118 milyon manat vəsait daxil olub ki, bu da gəlirlərin 41,5 faizi deməkdir.

2015-ci ildə qeyri-neft sektoru üzrə büdcə daxilolmaları 6 milyard 950 milyon manat və yaxud 103 faiz icra edilməklə proqnozda nəzərdə tutulduğundan 200 milyon manat, 2014-cü illə müqayisədə isə 694 milyon manat ( 9,5 faiz) çox təşkil edib. Ümumən vergi daxilolmalarında qeyri-neft sektorundan daxilolmaların xüsusi çəkisinin 40,5 faiz təşkil etdiyi deyilir ki, bu da 2014-cü illə müqayisədə 6,5 faiz-bənd çoxdur. Bütün bunlara rəğmən, Dövlət Neft Fondundan transfert olmasa, büdcədən bütün ödənişləri icra etmək mümkün deyil".

Ekspertin sözlərinə görə, ölkədə vergi bazasını genişləndirmək üçün həqiqətən də geniş imkanlar var: "Bunun üçün birincisi, sahibkarlıq mühiti durmadan yaxşılaşdırılmalı, ikincisi vergi dərəcələri mərhələli olaraq yumşaldılmalı, üçüncüsü, qeyri-leqal dövriyyə üçün şərait yaradan bütün amillər aradan götürülməli, dördüncüsü bütün növ hesablaşmalarda nağdsız əməliyyatlara daha çox yer verilməli və bunun həcmi artırılmalıdır. Ümumiyyətlə, vergi yığımı şaquli deyil, maksimal səviyyədə üfiqi istiqamətdə təşkil olunmalıdır. Bütün bunlar təmin edilərsə, ölkədə qeyri-neft sektorunun inkişafında qısa müddətə uğurlu nəticələr əldə etmək olar. Ümumiyyətlə, xarici təcrübə də göstərir ki, vergi yığımında effektli nəticəyə nail olmaq üçün dolayı vergilərə deyil, birbaşa vergilərə üstünlük vermək lazımdır".

Digər iqtisadçı-ekspert Natiq Cəfərli bildirir ki, ümumiyyətlə, vergidən yayınmalar müxtəlif formalarda olur: "Bütün ölkələrdə belə hallar mövcuddur. Biznesin daha çox inkişafı vergilərdə artıma gətirib çıxara bilər. Bundan başqa, Azərbaycanda bir çox sahələrdə perspektivdə vergi dərəcələrinin müxtəlif formalarda artırılması mümkündür. Ancaq indiki şəraitdə vergi dərəcələrinin artırılması bir qədər qəliz görünür".



Sizin Reklam Yeriniz