Azərbaycanın bölgələrində fəaliyyət göstərəcək sahibkarlara lisenziya 50 faizlik endirimlə təqdim ediləcək. Bu gündən Milli Məclis tərəfindən "Dövlət rüsumu haqqında" Qanununa edilən dəyişiklik qüvvəyə minib. Dəyişikliyə əsasən, bundan sonra lisenziyalaşdırılan sahibkarlıq fəaliyyəti yalnız Azərbaycan Respublikasının regionlarında həyata keçirildikdə, sahibkar həmin fəaliyyət növü üzrə müəyyən etdilən dövlət rüsumunun yalnız 50 faizini ödəyəcək.
Dəyişikliyə əsasən, 50 faizlik endirim regional tele- və radioyayım üçün lisenziyalara şamil edilmir. Güzəşt yalnız Bakı şəhərinin inzibati ərazisindən kənarda fəaliyyət göstərən sahibkarlara şamil edilir.
Bundan başqa, lisenziyalaşdırılan sahibkarlıq fəaliyyətinin bir neçə alt növünün eyni vaxtda həyata keçirilməsi üçün müraciət edildikdə, həmin alt növlərdən biri üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət rüsumu ödənilir. Bu zaman həmin alt növlər üçün müəyyən edilmiş rüsumlardan ən yüksək olanı ödənilir.
Lisenziyalaşdırılan sahibkarlıq fəaliyyətinin müvafiq növü üzrə bir və ya bir neçə iş və xidmətlərin həyata keçirilməsi üçün müraciət edildikdə, iş və xidmətlərin sayından asılı olmayaraq həmin fəaliyyət növü üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət rüsumu ödənilir.
Lisenziya verildikdən sonra lisenziya sahibi lisenziyada göstərilən fəaliyyət növünü başqa obyektlərdə də həyata keçirmək və ya lisenziyanın əlavəsində göstərilməyən iş və xidmətlərlə məşğul olmaq üçün lisenziya əlavəsinin alınması məqsədilə müraciət etdikdə, obyektlərin və ya iş və xidmətlərin sayından asılı olmayaraq, müvafiq fəaliyyət növünə lisenziya verilməsinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət rüsumunun 50 faizi ödənilir. Lisenziyanın yenidən rəsmiləşdirilməsi və bərpası üçün dövlət rüsumu ödənilmir.