Mediada yayılan məlumatlara əsasən, Bərdədə ticarət obyektlərində satılan çörəyin qiymətində ucuzlaşma müşahidə olunur. Əvvəllər 30 qəpiyə satılan 500 qramlıq çörəyin qiyməti indi 25 qəpik olub. Dükan sahibləri çörəyin ucuzlaşmasını dəyirman tərəfindən unun pərakəndə satış qiymətində endirimlərin edilməsi ilə əlaqələndirir. Onların sözlərinə görə, əvvəllər əla növ unun 50 kq. olan bir kisəsi 25 manat 80 qəpiyə satıldığı halda, hazırda 24 manat 50 qəpiyə satılır. Bu isə çörəyin qiymətini aşağı salmağa rəvac verib. İstehlakçılar qiymətin ucuzlaşmasından razıdır. Çörək satıcıları bildiriblər ki, əvvəllər topdansatış qiyməti 27 qəpik idisə, hazırda 22 qəpiyədir. Sahibkarlar çörəyin qiymətinin düşməsini bu il Bərdədə bol taxıl yığımı ilə əlaqələndirir. Ümumiyyətlə, bol taxıl yığımı fonunda çörəyin digər bölgələrdə, eləcə də Bakıda ucuzlaşmasını gözləmək olarmı?
Kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmov qeyd edir: “İndiki halda çörəyin qiyməti məsələsində un amili əsas faktordur. Azərbaycanda taxıl yığımı üzrə məhsuldarlıq iki dəfə artsa da belə, çörək istehsalında əsas rol oynayan və qiymətlərə təsir edən digər xərclər də var. Bura məhsulun istehsalı, emalı və çörək bişirmədəki xərcləri də daxildir. Son zamanlar bildiyiniz kimi elektrik enerjisi və qazın da qiyməti qalxıb. Bütün bunlar fonunda məhsulun maya dəyəri də artıb. Yəni unun qiyməti düşsə belə, digər istehsal və xidmət xərcləri yüksəkdir. Ona görə də məhsulun bol olması fonunda belə çörəyin qiymətinin bütün bölgələrdə düşəcəyi gözlənilən deyil”.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənovun isə fikrincə, bir sıra yerlərdə çörəyin qiymətinin düşməsi sahibkarların rəqabət apara bilmək imkanlarını artırmaq cəhdlərilə bağlıdır: “Ola bilsin ki, sahibkarlar fərdi maraqları üçün qiymətlərin müəyyən qədər azaldılması haqqında qərar qəbul ediblər. Çünki faktiki şərtlər daxilində qiymətlərin ucuzlaşması hələlik sektor üçün məqbul variant deyil. Bu baxımdan da prosesin genişlənə biləcəyini düşünmürəm”.
Rüfət NADİROĞLU