Əlaqə Arxiv
news Image
2013.05.01
09:00
| A A A
LAYİHƏNİN İSTİQAMƏTİ: “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi”
Regionların inkişaf proqramı Füzuli rayonunda da uğurla icra olunur

Müasir Azərbaycanın dinamik inkişafı onun hər bir guşəsində özünü qabarıq büruzə verməkdə, ölkəmizin simasının müsbət istiqamətdə dəyişməsi ilə müşayiət olunmaqdadır. Bu hal özünü cəbhə zonasında yerləşən, hətta ərazisinin bir hissəsi işğal altında olan rayonlarda da göstərir. Qeyd edilənlərin real nümunəsini Füzuli rayonunun timsalında da görmək olar. Füzuli rayonunda ötən ilin sosial-iqtisadi yekunları regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının burada uğurla davam etdirildiyini, geniş tikinti-quruculuq və abadlıq işlərinin aparıldığını göstərir.

Bu barədə danışmazdan əvvəl xatırlatmaq yerinə düşərdi ki, 1993-cü il avqustun 23-də Füzuli şəhəri, Horadiz qəsəbəsi və rayonun 82 kəndi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. İşğal nəticəsində 80 məktəb, 13 xəstəxana, 69 mədəniyyət evi və klub, 90 kitabxana, 2 muzey, 9 musiqi məktəbi, Dövlət Dram Teatrı dağıdılıb. Müharibə zamanı rayon sakinlərindən 740 nəfər şəhid olub, 192 nəfər girov götürülüb, 1240 nəfər sağlamlığını itirib. Torpaqlarımızın müdafiəsi uğrunda fədakarlıq göstərmiş füzulililərdən 8 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

1994-cü ilin yanvarında ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu rayonun 21 kəndini və Horadiz qəsəbəsini işğaldan azad edib. Hazırda rayonun 1382 kvadratkilometr ərazisinin 682 kvadratkilometri - 1 şəhər, 61 kəndi işğal altındadır. Rayonun Dövlətyarlı və Dilağar əhəngdaşı, Kürdmahmudlu gil, Quruçay qum-çınqıl qarışığı yataqları hazırda ermənilərin əlindədir. Özünəməxsus təbiəti olan Füzuli rayonunun ərazisində 200-1400 yaşlı 11 ədəd Şərq çinarı təbiət abidəsi kimi pasportlaşdırılıb və işğala qədər mühafizə olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "İşğal olunmuş Azərbaycan ərazilərində ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən (izləyən) operativ mərkəz"i işğaldan sonrakı dövrlərdə rayon ərazisində təbii sərvətlərin ermənilər tərəfindən dağıdılmasına dair bir sıra faktlar aşkarlayıb. Müəyyən edilib ki, geniş meşə massivləri ilə örtülü olan Dövlətyarlı kəndindəki ağaclar, Yağlıvənd kəndində yolun sağ və sol tərəfindəki böyük yaşıllıqlar tamamilə qırılıb. Eyni zamanda, Qoçəhmədli kənd yolu boyunca ağaclar kütləvi şəkildə məhv edilib.

Bundan başqa, 2006-2009-cu illər ərzində rayonun 35 min hektardan artıq ərazisi ermənilər tərəfindən yandırılıb. Elə indi də ermənilər rayonun təbiətinə ziyan vumaqda davam edirlər. Ümumiyyətlə, işğal nəticəsində isə rayon iqtisadiyyatına, əhaliyə dəyən zərər milyard manatlarla hesablanır.

115 min nəfər əhalinin 45 min nəfərdən çoxu respublikanın 50 şəhər və rayonunda, 70 min nəfərə yaxını isə rayonun işğaldan azad edilmiş ərazilərində məskunlaşıb. 1996-cı ildən başlayaraq rayonun işğaldan azad olunmuş ərazilərində infrastrukturun bərpasına başlanılıb, məcburi köçkünlər üçün 16 qəsəbə salınıb. Təhsil, səhiyyə və mədəniyyət müəssisələri, yollar, körpülər, elektrik və suvarma sistemləri, evlər yenidən tikilmiş və bərpa olunub, Horadiz qəsəbəsinə şəhər statusu verilib. Bir sözlə dövlətimiz dağıdılanları bərpa edir, yenilərini tikir. Mədəniyyət və tibb müəssisələri, idarəetmə obyektləri yerləşən binalar, yollar, körpülər, elektrik və suvarma sistemləri, bir sözlə, yaşayış üçün zəruri olan infrastruktur yenidən qurulub və yararlı hala salınıb. 4 mindən artıq ev bərpa olunub, 3 minə yaxın evin isə bərpası istiqamətində müvafiq addımlar atılır.

Ölkə rəhbəri İlham Əliyevin sərəncamları ilə Dövlət Neft Fondunun hesabına ərazidə 4211 ailəlik 16 daş evlərdən ibarət qəsəbə salınıb. Horadizdə geniş tikinti-quruculuq və bərpa işləri aparılıb, küçələr asfaltlanıb, yaşıllıqlar salınıb, müasir işıqlandırma sistemi quraşdırılıb. Şəhərdə ümummilli lider Heydər Əliyevin abidəsi qoyulub, onun yaxınlığında 33 metr hündürlükdə Azərbaycanın Dövlət bayrağı ucaldılıb, 3,5 hektar ərazidə ulu öndərin adını daşıyan park salınıb, Heydər Əliyev Mərkəzi, Muğam evi, Olimpiya İdman Kompleksi, mədəniyyət sarayı, şahmat məktəbi inşa edilib, park və istirahət guşələri yaradılıb. Dövlətimiz tərəfindən hər cür diqqət və qayğı ilə əhatə olunmuş füzulililər doğma torpaqlara qayıdacaqları günü səbirsizliklə gözləyirlər. Eyni zamanda, Ali Baş Komandanın əmri ilə erməni faşistlərinə qarşı silaha sarılmağa hər an hazırdırlar.

Dövlət başçısının 2012-ci il dekabrın 15-də Füzuli rayonuna səfəri zamanı Əhmədbəyli kəndi ərazisində soyuducu anbar kompleksi və Bala Bəhmənli kəndində Su Elektrik Stansiyası istifadəyə verilib. Prezident İlham Əliyevin 17 dekabr 2012-ci il tarixli Sərəncamı ilə rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Prezidentinin ehtiyat fondundan iki milyon manat ayrılıb. 40 çarpayılıq mərkəzi xəstəxananın, rayon icra hakimiyyəti üçün inzibati binanın, 320 şagird yerlik gimnaziyanın, Qazaxlar, Mollaməhərrəmli və Araz Zərgər kəndlərində orta məktəb binalarının tikintisinə başlanılması üçün müvafiq addımlar atılır. Rayonda təhsil, səhiyyə, idman, mədəniyyət, əhalinin təbii qaz, elektrik enerjisi və su təminatının yaxşılaşdırılması sahələrində görülmüş işlər də tərəqqidən xəbər verir.

Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq isə, Füzuli rayonunun yaşayış məntəqələrinin qazlaşdırılması davam etdirilir. Proqrama uyğun olaraq artıq Füzuli rayonunun Əhmədbəyli kəndinə təbii qaz verilib. İndiyədək Horadiz şəhəri və rayonun 17 kəndi təbii qazla təmin olunub. Hazırda rayonun Yuxarı Kürdmahmudlu, Mahmudlu-2 kəndlərinə, Zobucuq 1 və Zobucuq 2 qəsəbələrinə daxili, Qayıdış qəsəbəsinə isə daşıyıcı qaz xətləri çəkilir.

Əhmədbəyli kəndinin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında ümumi uzunluğu 14 min 219 metr müxtəlif diametrli polietilen, 11 min 179 metr daxili qaz xətləri çəkilib, 381 abonentə qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb. 2013-cü ilin sonunadək rayonun bütün kəndlərinin qazlaşdırılması nəzərdə tutulub.

Rayon iqtisadiyyatının əsasını təşkil edən aqrar sahədə əldə olunan uğurlar da təqdirəlayiqdir. Görülən işlər nəticəsində taxıl, qarğıdalı, kartof, bostan-tərəvəz məhsulları, çuğundur, pambıq, üzüm, günəbaxan, meyvə istehsalı artıb. Keçən il rayonun fermer və sahibkarları 103 min tona yaxın taxıl götürüblər. Bu, rayon tarixində ən yüksək göstəricidir və Füzuli, respublika üzrə 100 min ton həddini keçən rayonlardan biri olmuşdur. Halbuki ərazisinin 70 faizi hələ də düşmən tapdağı altındadır. Heyvanların cins tərkibinin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir. Kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi üçün xeyli sayda sahibkar və fiziki şəxsə kreditlər verilib. Hazırda rayonda 200-dən artıq sahibkarlıq obyekti fəaliyyət göstərir ki, bunların da 130-u son 2 ildə yaradılıb. Bu gün rayonda istehsal olunan kənd təsərrüfatı və sənaye məhsulları istehsalı yüz faiz özəl bölmənin payına düşür.

Təhsilin inkişafı da diqqət mərkəzindədir. Rayon üzrə 80 ümumtəhsil məktəbi, o cümlədən 74 tam orta, 5 ümumi orta, 1 ibtidai məktəb fəaliyyət göstərir. Horadiz şəhərində 240, Gecəgözlü və Üçbulaq kəndlərinin hər birində 80 yerlik məktəb binalarının tikintisi başa çatıb, Qayıdış qəsəbəsindəki 4 nömrəli tam orta məktəbin binası əsaslı təmir edilib. Ərazidə ötən müddətdə 44 məktəb bərpa olunub və yenidən tikilib. Heydər Əliyev Fondunun köməyi ilə Horadiz şəhərində ikimərtəbəli 240 yerlik orta məktəb binası ötən dərs ilində qapılarını şagirdlərin üzünə açıbr.

Rayonun digər məktəblərində isə cari təmir işləri aparılıb. Birinci və beşinci sinifdə dərs deyəcək müəllimlər kurikulum kurslarına cəlb olunub, məktəblər vəsait, dərslik və avadanlıqla təmin olunub. Füzuli rayonunun Kərimbəyli kəndində Ermənistan silahlı qüvvələrinin işğalı dövründə dağıdılmış 45 yerlik uşaq bağçası isə ötən ilin əvvəlində əsaslı bərpa olunaraq istifadəyə verilib. Bütün infrastruktura malik uşaq bağçası lazımi avadanlıqlarla təmin edilib.

Füzuli rayonunun işğaldan azad edilmiş hissəsində digər sahələrlə yanaşı, idmanın inkişaf etdirilməsi də diqqət mərkəzindədir. Füzulidə 32 idman qurğusu, 18 idman zalı və 28 stadion uşaqların, yeniyetmələrin və gənclərin istifadəsinə verilib. 2010-cu ilin noyabrında Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilmiş Horadiz Olimpiya İdman Kompleksində futbol, basketbol və voleybol meydançaları, tennis kortu fəaliyyət göstərir. Rayon gəncləri idmanın futbol, voleybol, cüdo, sərbəst və yunan-Roma güləşi, karate növləri ilə məşğul olurlar.

Cari ilin "İdman ili" elan edilməsi ilə əlaqədar rayonda müxtəlif tədbirlər, idmançılarla görüşlər, cüdo, karate, şahmat, voleybol, futbol idman növləri üzrə yarışlar keçirilib. Tədbirlər planına əsasən, bu cür mərasimlər ilin sonunadək davam etdiriləcək.

Füzuli Elektrik Şəbəkə (EŞ) Müəssisəsində yenidənqurma işləri həyata keçirilib. Enerji təchizatında dayanıqlığın daha da möhkəmləndirilməsi məqsədilə "Böyük Harami", "Mahmudlu", "Horadiz" və "Böyük Bəhmənli" yarımstansiyalarının hava elektrik verilişi xətlərində əsaslı və cari təmir işləri aparılıb. Müvafiq tədbirlər rayonun bir sıra kəndlərində də icra edilib.

Füzuli rayonunun Qarabağ kəndində ayda 450 ton quş əti istehsal edə bilən "Qarabağ broyler" MMC üçün yeni müəssisə inşa edilməsi də təqdirəlayiq hallar sırasındadır. Müəssisənin ümumi sahəsi 25 hektardır. Müasir texnologiyaya əsaslanan müəssisədə Türkiyənin aparıcı şirkətlərindən gətirilmiş ən müasir avadanlıq quraşdırılıb.

Son il yarım ərzində rayon ərazisində İtaliya, Amerika və Türkiyədən gətirilmiş 80 minə yaxın ağac, eləcə də digər həmişəyaşıl ağaclar əkilib. Küçə və səkilər müasir dizaynla təmir olunub, xiyabanlar yaradılıb.

Geri qayıdaraq ərazidə quruculuq işləri ilə məşğul olanların sayı son illərdə artıb. Prezident İlham Əliyevin sərəncamı ilə rayonun Əhmədbəyli - Alıxanlı - Zobucuq məntəqələrini, Bala Bəhmənli - Araz Dilağarda - Araz Zərgar kəndlərini birləşdirən yollar son dövrdə yenidən tikilib. Hazırda 25 min nəfər bu yollardan istifadə edir.

İndi isə bu rayon sakinləri bir nəfər kimi inanır ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə aparılan düzgün siyasət nəticəsində köçkünlər Qarabağa, Füzuliyə qayıdacaqlar. Onlar bu günün uzaqda olmadığına qəti surətdə əmindirlər.

Elşən BAYRAMOV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilən "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" layihəsi çərçivəsində çap olunub.

Sizin Reklam Yeriniz