İnkişafının yeni yüksəliş dövrünü yaşayan müasir Azərbaycanda əldə edilən nailiyyətlər bütün ölkə boyu insanların maddi rifah halının yüksəlməsinə böyük təkan verməkdədir. Eyni zamanda bütün bunlar perspektiv inkişaf üçün ölkəmizdə möhkəm bir özülün yaradılmasının mühüm göstəricisi kimi çıxış edir. Qeyd edilənlərin real nümunələrini qədim Ağcabədi rayonunun timsalında da görmək olar.
Məlumat üçün bildirək ki, Ağcabədi rayonu 1 şəhər, 1 qəsəbə və 39 kənd inzibati ərazi vahidindən və 44 kənddən ibarətdir. Məşğul əhalinin əsas hissəsi kənd təsərrüfatında, rayonda fəaliyyət göstərən sənaye müəssisələrində, ticarət, ictimai iaşə xidmət sahələrində çalışır. Cari ilin ilk rübünün yekunları da dinamik tərəqqidən xəbər verir. Hesabat dövründə Aran kəndində 220 şagird yerlik tam orta məktəb üçün yeni bina tikilib istifadəyə verilib, qonaq evi və 150 yerlik uşaq bağçasının inşası başa çatdırılıb. Ağcabədi şəhərində geniş abadlıq işləri aparılıb, prospekt və küçələrə 8.885 kvadratmetr asfalt örtüyü çəkilib. Hazırda Yeni Azərbaycan Partiyası rayon təşkilatının inzibati binasının, Olimpiya İdman Kompleksinin, 205 çarpayılıq yeni xəstəxananın, Gənclər Mərkəzinin, sutkalıq istehsal gücü 10 ton olan çörək zavodunun, Avşar kəndində 320 şagird yerlik məktəb binasının, Xocavənd kəndi ərazisində illik istehsal gücü 15 min ton olan ət kəsimi kombinatının, Rəncbərlər kəndi ərazisində tutumu 5 min ton olan soyuducu anbarın tikintisi davam etdirilir, Xocavənd və Kəbirli kənd orta məktəbləri əsaslı təmir olunur.
Birinci rübdə rayonun Avşar, Salmanbəyli, Xocavənd, Aşağı Avşar kəndləri təbii qazla təmin olunub. İndiyədək Ağcabədi şəhərinə, 16 kəndə, məcburi köçkünlərin istifadəsinə verilmiş 10 ədəd beşmərtəbəli binaya və laçınlı məcburi köçkünlərin məskunlaşdıqları Taxtakörpü qəsəbəsinə təbii qaz verilib. 2013-cü ilin sonunadək rayonun bütün kəndlərinin qazlaşdırılması nəzərdə tutulub. 420 abonenti olan Aşağı Avşar kəndinin isə qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında ümumi uzunluğu 14 min 327 metr olan müxtəlif diametrli borular çəkilib, 420 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb. Hazırda Hindarx qəsəbəsi, Muğanlı, Şahsevən, Təzəkənd, Köyük, Qaradolaq, Yeni Qaradolaq, Mehrablı, Aran və Kəbirli kəndlərində qaz çəkilişi davam etdirilir. Rüb ərzində rayonda ümumi məhsul buraxılışının həcmi 48 milyon 346,3 min manat olub ki, bu da 2012-ci ilin birinci rübünə nisbətən 28,5 faiz çoxdur. Bu dövrdə 5.846 min manatlıq sənaye, 13 milyon 141,8 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib, əsas kapitala 15 milyon 829,5 min manat investisiya yönəldilib. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə sənaye məhsulları istehsalı 12,3 faiz, kənd təsərrüfatı məhsulları istehsalı 6 faiz, əsas kapitala yönəldilən investisiyalar 2,1 dəfə artıb. Üç ayda, 407-si daimi olmaqla, 675 yeni iş yeri açılıb.
Sahibkarlığa Kömək Milli Fondu tərəfindən rayonda kiçik cins heyvandarlıq təsərrüfatının yaradılması məqsədilə 27 sahibkara 250 min manat güzəştli kredit verilib, Ağabəyli kəndi ərazisində "Aqat Aqro" MMC-nin heyvandarlıq kompleksinə Almaniyadan 1.500 baş damazlıq düyə gətirilib. Rüb ərzində 2.556 ton ət, 14 min 224 ton süd, 2 milyon 915 min ədəd yumurta istehsal edilib. Rayonun yaşıllaşdırılması da diqqət mərkəzində saxlanılıb, üç ay ərzində 30 min ağac, 10 min gül kolu əkilib. Ağcabədi Meşə Mühafizəsi və Bərpası Müəssisəsi tərəfindən 44 hektar sahədə yeni meşələr salınıb.
Dövlət Proqramında nəzərdə tutulan pambıqçılıq, taxılçılıq və heyvandarlıq məhsulları istehsalının və kiçik emal müəssisələrinin inkişafının dəstəklənməsi tədbiri ilə əlaqədar taxılçılıq və heyvandarlıq məhsulları istehsalı artıb, Xocavənd kəndi ərazisində illik istehsal gücü 15000 ton olan ət kəsimi kombinatı və Rəncbərlər kəndi ərazisində 5000 ton olan soyuducu anbarın, Ağcabədi şəhərində sutkalıq istehsal gücü 10 ton olan çörək zavodunun tikintisi aparılır. Hazırda 205 çarpayılıq Rayon Mərkəzi Xəstəxanasının tikintisi, Olimpiya İdman Kompleksinin,YAP Ağcabədi rayon təşkilatının üçün inzibati binanın, Qonaq Evinin tikintisi uğurla davam etdirilir.
Bununla yanaşı,2013-cü ildə rayonun M.Füzuli adına Yeni Qaradolaq kənd tam orta məktəbi üçün 360 yerlik, Köyük kənd tam orta məktəbi üçün 220 yerlik, R.Quliyev adına Taynaq kənd tam orta məktəbi üçün 180 yerlik yeni məktəbin tikilməsi üçün lahiyə smeta sənədləri hazırlanıb. Hazırda M.Füzuli adına Yeni Qaradolaq kənd tam orta məktəbində tikinti işi başlanıb. S.Hüseyinov adına Xocavənd kənd 1 saylı tam orta və M.Ə.Sabir adına Kəbirli kənd tam orta məktəblərinin binalarında hal-hazırda əsaslı təmir işləri aparılır. Ötən ay isə Ağcabədi Bu dərs ilində yeni inşa edilmiş 960 yerlik Ağcabədi şəhər 3 nömrəli məktəb-liseyin, 540 yerlik Təzəkənd kənd, 480 yerlik Qaravəlli kənd, 280 yerlik Qiyamadınlı kənd, 480 yerlik Rəncbərlər kənd, hər biri 180 yerlik Qaraxanlı, Şərəfxanlı və Biləğan kənd tam orta məktəblərinin, 80 yerlik Aran kənd 2 nömrəli, Ağabəyli və Aşağı Mehrablı kənd ümumi orta məktəblərinin, əsaslı təmir edilmiş şəhər 5 nömrəli tam orta məktəbinin binaları istifadəyə verilib. Ümumiyyətlə, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin fəaliyyəti də daim diqqət mərkəzində saxlanılır. Əsas cəhət odur ki, həmin sahələrin maddi-texniki bazası daha da möhkəmləndirilir, intizam və nəzarət gücləndirilir.
Rayon ərazisində 216 idarə və müəssisə, 4 bank filialı, 2 rabitə müəssisəsi, 1 mehmanxana fəaliyyət göstərir. İşçilərin sayına və ərazisinə görə ən iri müəssisə Atena MMC- dir. Bu Məhdud Məsuliyyətli cəmiyyətin 200 nəfər işçisi vardır. Xatırladaq ki, "Atena" süd emalı kombinatında Avropanın ən müasir avadanlıqları quraşdırılıb. Zavodda gələcəkdə 100-ə qədər çeşiddə süd məhsullarının istehsalı planlaşdırılır. Kombinatda emal prosesi tam şəkildə kompüterləşdirilib və bütün proses vahid mərkəzdən idarə olunur. Mütəxəssislər emal prosesini kompyuter vasitəsilə kənardan izləyirlər. Kombinatda süd, qatıq, kəsmik, pendir və digər məhsulların hər biri xüsusi şəraitdə hazırlanır və gigiyenik normalara uyğun şəkildə qablaşdırılır. İstehsal olunan məhsulların qablaşdırılması üçün tələb olunan taralar zavodda hazırlanır. Zavodun xammalla təmin edilməsi məqsədilə Ağcabədi və ətraf rayonlarda xeyli sayda süd qəbulu məntəqəsi təşkil olunub. Bu isə regionda fəaliyyət göstərən fermerlərin və ailə təsərrüfatlarının inkişafına təkan verir. Kombinatda bütün emal prosesi yüksək keyfiyyətli laborator avadanlıqla yoxlamadan keçirilir. Bu proses bir neçə dəfə təkrar olunur.
Məlumdur ki, 2012-ci ildə Azərbaycanın kənd təsərrüfatında baş verən ən mühüm yenilik iri fermer təsərrüfatlarının yaradılmasının başlanmasıdır. Ötən il Ağcabədi və Beyləqan rayonları ərazisində sahəsi 4800 hektar olan ilk iri fermer təsərrüfatı yaradılıb. İri fermer təsərrüfatlarının yaradılması ilk növbədə əkin dövriyyəsinə yeni torpaq sahələrinin daxil olmasına səbəb olur və bu da kənd təsərrüfatı məhsullarının istehsalını artırır. Təsərrüfatların yaradılması və uğurla inkişaf etməsi digər kiçik fermerləri də birləşdirərək iri təsərrüfat yaratmağa və bu sahə ilə daha peşəkar məşğul olmağa həvəsləndirəcəkdir. Digər tərəfdən iri təsərrüfatların təşkili məhsul bolluğunun yaradılmasına, məhsulun maya dəyərinin aşağı düşməsinə və fermerlərin gəlirlərinin artmasına imkan verəcək.
Ümumiyyətlə, hər yerdə olduğu kimi, Ağcabədidə də "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda nəzərdə tutulan vəzifələr ardıcıl surətdə, yüksək sürət və keyfiyyətlə yerinə yetirilir. Ağcabədi Azərbaycan ədəbiyyatına, mədəniyyətinə, incəsənətinə böyük dahilər bəxş etmiş diyardır. Bu mənada burada - şəhərin mərkəzində yaradılmış Qarabağ Muğam Mərkəzi olduqca simvolikdir. Muğam mərkəzindən çal-çağır, nəğmə-musiqi səsi əskik olmur. Ağcabədi Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fərman və sərəncamlarını, regionlara səfəri zamanı verdiyi tapşırıq və tövsiyələri, Nazirlər Kabinetinin 14 aprel 2013- cü il tarixdə Nazirlər Kabinetinin 2013- cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrlə əlaqədar nitqindən irəli gələn tapşırıqları əldə rəhbər tutaraq rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsini, təhsil, səhiyyə, mədəniyyət sahələrinin inkişaf etdirilməsini, sahibkarlığın inkişafını, əhalinin içməli su, enerji və təbii qazla təminatının yaxşılaşdırılmasını, kənd təsərrüfatı məhsulları istehsalının artırılmasını təmin etmək istiqamətində fəaliyyətini genişləndirir.
Turizmin inkiaşfı üçün jə lazımi potensial var. Rayonda şimal-şərq sərhədi ilə Kür çayı, mərkəzi hissədən Qarqar çayı axır. Rayonun ərazisindən Yuxarı Qarabağ kanalı keçir. Ağgöl Milli Parkı Ağcabədi rayonu ərazisindədir. Burada 15 növ heyvan, 20 növ balıq və 40 növ bitki qeydə alınıb. Ağcabədi rayonunun ərazisində tarixi, memarlıq və incəsənət abidələri mövcuddur. Belə ki, rayonda eneolit, tunc, antik dövr və orta əsrlərə aid yaşıyş yerlərinin qalıqları tapılıb. Rayonda digər sahələr üzrə də dinamik inkişaf qeydə alınmaqdadır.
Elşən BAYRAMOV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilən "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" layihəsi çərçivəsində çap olunub.