Əlaqə Arxiv
news Image
2013.05.14
09:00
| A A A
Yevlax inkişafının intibah dövrünü yaşayır
Aparılan son araşdırmalar bu gün ölkəmizin sosial-iqtisadi inkişafında regionların xüsusi çəkisinin getdikcə daha dinamik şəkildə artıdığını qabarıq surətdə meydana qoyur. Proseslərin gedişi bundan sonra da ölkənin sosial-iqtis

Azərbaycanın iqtisadi həyatında mühüm əhəmiyyətə malik olan rayonlardan biri qismində isə Yevlax çıxış edir. Bunu cari ilin ilk rübünün uğurlu sosial-iqtisadi nəticəlri də təsdiq edir. Cari ilin birinci rübündə Yevlax rayonunda ümumi daxili məhsulun (ÜDM) həcmi 115,7 milyon manat olub. Bu, ötən ilin eyni dövrünə nisbətən 18,7 milyon manat və yaxud 19,3 faiz çoxdur. ÜDM-in 3,2 milyon manatını sənaye, 11,2 milyon manatını kənd təsərrüfatı, 20,6 milyon manatını tikinti, 66,6 milyon manatını ticarət, 1,2 milyon manatını nəqliyyat, 0,3 milyon manatını rabitə, 12,5 milyon manatını digər xidmətlər təşkil edib. Adambaşına 943,1 manat ÜDM istehsal olunub ki, bu da 2012-ci ilin birinci rübünə nisbətən 142,6 manat və yaxud 17,8 faiz çoxdur. 2013-cü ilin birinci rübündə tikinti, quruculuq işləri davam etdirilib, infrastrukturun yaxşılaşdırılmasına, əhalini narahat edən problemlərin aradan qaldırılmasına xüsusi fikir verilib. Sahibkarlara, iş adamlarına 4 milyon 695,2 min manat kredit verilib, 495-i daimi olmaqla 527 yeni iş yeri açılıb. Bütün maliyyə mənbələri hesabına kapital qoyuluşunun həcmi 25 milyon manat olub.

Hazırda dördmərtəbəli, 20 mənzilli yaşayış binasının, Kür çayı sahilində beşulduzlu otelin, təhsil şöbəsinin inzibati binasının, şəhər 10 nömrəli tam orta məktəb üçün 240 şagird yerlik, Balçılı kəndində 180 şagird yerlik, Aran qəsəbəsində 180 şagird yerlik məktəb binalarının, "Azərbaycan Beynəlxalq Bank" ASC-nin Yevlax filialının binasının, uşaq-gənclər idman məktəbinin üzgüçülük hovuzunun, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Komitəsinin Yevlax şöbəsinin, Sənaye və Energetika Nazirliyinin Regional Qaz Nəzarəti İdarəsinin, qaz istismar sahəsinin, 11 saylı Ərazi Vergilər İdarəsinin, regional referens toksikologiya və karantin ekspertiza laboratoriyasının, 180 çarpayılıq mərkəzi şəhər xəstəxanasının, 50 çarpayılıq regional vərəm dispanserinin, İqtisadi İnkişaf Nazirliyinin Aran regional idarəsinin binalarının tikintisi davam etdirilir, Kövər kənd tam orta məktəbinin binası əsaslı təmir olunur.

Əhalinin həyat şəraitinin yaxşılaşdırılması, elektrik enerjisi, təbii qaz və su ilə təminatı, təhsilin, mədəniyyətin inkişafı sahəsində görülən işlər uğurlu nəticələrdən xəbər verir. Yevlax rayonunda əhalinin içməli və təsərrüfat suyuna olan tələbatın yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir. Cari ildə Aran qəsəbəsində əhalinin ekoloji cəhətdən təmiz içməli su ilə təmin etmək məqsədi ilə sutəmizləyici qurğu quraşdırılıb, qəsəbə daxili su xətləri çəkilib. Bu il rayonun Kövər, Kolanı, Cırdaxan, Nemətabad kəndlərində də modul tipli içməli su təmizləyici qurğuların quraşdırılması və kəndarası su xətlərinin çəkilməsi nəzərdə tutulub. Rayonun əkin sahələrinin suvarılmasının yaxşılaşdırılması və məhsuldarlığın yüksəldilməsi məqsədilə "Bakı" nasos stansiyasında əsaslı təmir işləri başa çatdırılıb. Stansiyanın gücü artırılıb, 530 millimetrlik təzyiqli su borusu çəkilib.

Ərəbbəsrə, Meyvəli, Ərəş kəndlərinin əkin sahələrinin suvarılması üçün 350 metr beton kanal inşa edilib. Hazırda 300 metr beton kanalın çəkilişi davam etdirilir, Aran-2 nasos stansiyasında yenidən qurma işləri aparılır. Salahlı və Malbinəsi nasos stansiyalarının da yenidən qurulması nəzərdə tutulub. Prezident İlham Əliyevin Sərəncamına əsasən isə Yevlax şəhərində inşa olunan 180 çarpayılıq mərkəzi xəstəxanda son tamamlama işləri aparılır. 4,3 hektar ərazini əhatə edən yeni xəstəxana kompleksi 6 korpusdan və yardımçı binalardan ibarətdir. Ən müasir avadanlıqla təchiz ediləcək xəstəxanada qəbul, inzibati, poliklinika, şüa-diaqnostika, doğum, urologiya, cərrahiyə, travmotologiya, hemadializ, ginekologiya, sterilizasiya, anesteziologiya, lor, əməliyyat, daxili xəstəliklər şöbələri, qadın məsləhətxanası, laboratoriya, həyətində yolxucu xəstəliklər şöbəsi, camaşırxana, morq, yeməkxana, transformator yarımstansiyası, 2 su hovuzu, nasosxana, tibbi qaz binası, gözətçi məntəqəsi və sair fəaliyyət göstərəcəkdir. Xəstəxananın korpuslarının və həyətdə yardımçı binaların inşası yekunlaşmışdır. Hazırda kompleksdə son tamamlama işləri görülür. Tibb ocağında inşaat işlərinin avqust ayında başa çatdırılması nəzərdə tutulub. Bundan başqa Yevlax şəhərində ağciyər xəstəliklərin müalicəsi xəstəxanası üçün yeni binanın tikintisi davam etdirilir. 1,5 hektar ərazidə tikilən ikimərtəbəli xəstəxana 50 çarpayılıqdır. Artıq xəstəxananın əsas binasında hörgü işləri yekunlaşmış, həyətdə yardımçı binaların, laboratoriya, yeməkxana, qazanxana, çamaşırxana, nasosxana, su anbarı, transformator yarımstansiyasının tikintisinə başlanılıb. Müasir tələblərə cavab verən xəstəxananın cari ildə istifadəyə verilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Yevlax iri kənd təsərrüfatı rayonu olmaqla yanaşı, həm də sənaye şəhəridir. Keçən əsrin 70-80-ci illərində Ümumilli Lider Heydər Əliyevin qayğı və diqqəti sayəsində bir sıra sənaye müəssisələri tikilib istifadəyə verilib və 80-ci illərin əvvəllərində sənaye məhsulları istehsalının həcminə görə Yevlax respublikanın 3-cı şəhəri idi. Azərbaycan xalqının xilaskarı olan Heydər Əliyevin ikinci dəfə hakimiyyəiə qayıdışından sonra yaradılmış ictimai-siyasi sabitlik, həyata keçirilən islahatlar, özəlləşdirmə Yevlaxda da sənaye sahələrinin inkişafına münbit şərait yaratlı, 2004-cü ildən başlayaraq və çoxlu sayda sənaye müəssisələri tikilib istifidayə verildi. Buna misal olaraq "Lalə-Tekstil" MMC, müxtəlif çeşidli mebellər istehsal edən Mebel fabriki, ildə 30 milyon ədəd kərpic istehsal edən "Dan" Kərpic zavodu, Makaron sexi, Çörək sexi, Konserv sexi, Akkumlyator təmiri və istehsalı sexi saatda, 60 ton və 160 ton asfalt istehsal edən iki Asvalt-Beton zavodu, Dəmir-Beton zavodunu göstərmək olar. Həmin müəssisələrdə ən müasir texnoloji avadanlıqlar quraşdırılıb və rəqabətə davamlı yüksək keyfiyyətli məhsullar istehsal olunur.

Yevlax-Təmir ASC-də isə hər cür kənd təsərrüfatı texnikası təmir edilib sazlanır və qeyri-standart avadanlıqlar istehsal olunur. "Yevlax-Qida" MMM-də yeni istehsal sahələrinin yaradılması istehsalın modernləşməsi hesabına istehsalın həcmi xeyli artırılıb. Hazırda müəssisədə pivə, limonad, şirələr istehsal olunur, mineral su qablaşdırılır. Bölgədə ən böyük sənaye müəssisəsi olacaq "Gilan" dəri emalı və dəri məmulatları zavodunun işə düşməsi nəticəsində şəhərin sənaye gücü xeyli artıb.

Aparılan abadlıq-quruculuq işləri fonunda Yevlax rayonunun Kolanı kəndində kənd təsərrüfatı məhsulları istehsal edəcək müəssisə yaradılır. Sahəsi 188 hektar olan müəssisə 61 ədəd istixanadan, heyvandarlıq üçün yem sexindən, anbarlardan, 2 ədəd qazanxanadan, inzibati və köməkçi binalardan ibarət olacaqdır. Artıq 4 ədəd istixananın, 2 ədəd qazanxananın, həmçinin heyvandarlıq üçün saatda 20 ton yem istehsal edən sexin tikintisi başa çatdırılıb. Müəssisədə tikinti işləri davam etdirilir. Hazırda rayonda geniş tikinti-quruculuq işləri davam etdirilir, infrastrukturun yaxşılaşdırılmasına, əhalini narahat edən problemlərin aradan qaldırılmasına xüsusi fikir verilir.

Onu da bildirək ki, Yevlax coğrafi mövqeyinə görə Azərbaycanın mərkəzində mühüm kommunikasiyaların kəsişməsində yerləşməklə qədim yaşayış məskənlərindən biridir. Buranın qədim tarixi onun turizm potensialının inkişafı üçün əlverişli zəmin yaradır. Yevlax rayonu ərazisində Yevlaxın qədim yaşayış məskəni olmasını sübut edən bir sıra tarixi abidələr vardır. Eramızdan əvvəl üçüncü minilliyin sonlarına aid olan Qoçtəpə kurqanı rayonun Qaraməmmədli kəndi ilə Rüstəmli kəndi arasındakı ərazidə yerləşir. Kurqana yaxın yerdə vaxtı ilə eyni adlı yaşayış məntəqəsi- Qoçtəpə kəndi olub, 1938-ci ildə həmin kənd ləğv edilərək əhalisi Qaraməmmədli kəndinə köçürülüb. Yevlax rayonunun Şirvan bölgəsində yerləşən ərazi orta əsrlərdə Azərbaycanın iri şəhərlərindən biri olan Ərəş şəhərinin və bu şəhərin adından götürülmüş Ərəş mahalının bir hissəsi idi. Bu şəhərin mərkəzinin indiki Xaldan kəndindən 3 km şərqdə yerləşdiyi ehtimal olunur. Şəhərin qala divarlarının xarabaları Xaldan kəndi yaxınlığında qalır. Xaldan kəndinin əiraf ərazisi bu gün də Ərəş kimi tanınır. Yevlax - Bərdə magistral yolunun təxminən 18-ci kilometrliyində torpaqdan ucaldılmış Zərgərtəpə Kurqanı yerləşir. Konusvari formada olan kurqanın ətək hissəsinin diametri təxminən 58 metr, hündürlüyü 11 metr, uzunluğu 120 metrə yaxındır. Üçtəpə kurqanın topaq örtüyü 35 min kub metrə çatır və tədqiqatçılar hesablayıblar ki, bu kurqanın törpaq örtüyü fasilələrlə 3 ilə tökülüb başa çatdırılıb. Xaldan kəndinin 3-4 km-də antik dövrə təsadüf edən Alban Sərdabəsi olduğu ehtimal olunan Sərdabənin, Marzılı kəndi ərazisində VII əsrə aid edilən və XVI əsrdə Şeyx Həzrə Piri kimi tanınan Pirin, Malbinəsi kəndində Qarabağda tikilən qədim məscidlər tipinə aid olan, XVIII əsrdə inşa edilən Məscidin qalıqları mühafizə olunur. Bütün bunlar turizmin tərəqqisinə imkan verir. Digər sahələrdə də dinamik inkişaf qeydə alınır.

Elşən BAYRAMOV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilən "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" layihəsi çərçivəsində çap olunub.

Sizin Reklam Yeriniz