Əlaqə Arxiv
news Image
2013.06.21
09:00
| A A A
LAYİHƏNİN İSTİQAMƏTİ: “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi”
Tərəqqisinin yeni yüksəliş mərhələsini yaşayan Biləsuvar

Regionların inkişafı məqsədilə həyata keçirilən dövlət proqramları Azərbaycan bölgələrinin simasını dəyişməkdə, bu yerləri abadlıq və quruculuq ünvanına çevirməkdə davam edir. Artıq danılmaz həqiqətdir ki, 2004-cü ildən bəri ötən müddət ərzində ölkəmizin hətta ən ucqar rayonlarında belə böyük bir intibah yaşanır. Bu yerlərdə çoxsaylı yeni müəssisələr, sosial infrastruktur və digərlərinin yaradılması, iş yerlərinin açılması əhalinin rifah halına da müsbət yöndə təsir göstərməkdədir.

Qeyd olunanların real təsdiqini Azə

rbaycanın dilbər guşələrindən olan Biləsuvar rayonunun timsalında da görmək mümkündür.

Son illərdə respublikamızın hər yerində olduğu kimi, Biləsuvarda da sosial-iqtisadi inkişaf sahəsində aparılan işlər uğurla davam etdirilir. Ümumi məhsul buraxılışı sənayedə, kənd təsərrüfatında, tikintidə, nəqliyyatda, ticarətdə və digər sahələrdə atmaqda davam edir. İqtisadiyyatın bütün sahələrində məşğul əhalinin sayı 48 min nəfərdir. Regional inkişaf Dövlət Proqramına uyğun olaraq Sahibkarlığa Kömək Milli Fondu tərəfindən rayonda sahibkarlıq subyektinə verilən güzəştli kreditlər əhalinin məşğulluq səviyyəsini daha da yüksəldir.

Rayon ərazisində tikinti və abadlıq sahəsində də xeyli işlər görülüb. Belə ki, ölkə prezidentinin "Biləsuvar rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" 23 iyul 2012-ci il tarixli sərəncamı ilə 17 min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən 21 kilometr uzunluğunda Biləsuvar-Əsgərabad-Amankənd-Ovçubərə avtomobil yolunun tikintisi üçün 5,2 milyon manat ayrılıb. Həmin yolda yüksək keyfiyyətli asfalt-beton örtüklü yol tikilib. Rayonun Bağbanlar, Çinarlı-Aranlı, Ağayrı, Nəsimi və Xırmandalı kəndlərinin mərkəzi giriş yollarında təmir aparılıb. Rayon mərkəzində Heydər Əliyev parkının müasir üslubda yenidən qurulması, həmin parkın ərazisində Heydər Əliyev Mərkəzinin, rayon icra hakimiyyətinin və Yeni Azərbaycan Partiyası rayon təşkilatının yeni inzibati binalarının, ümummilli lider Heydər Əliyevin abidə kompleksinin və fəvvarə kompleksinin tikintiləri skinlər tərəfindən böyük məmnunluqla qarşılanır. Şəhər ərazisində Vergi Terminalının inzibati binasının, Bitkilərin Fitosanitar Karantin İdarəsinin, Yuxarı Ağalı kəndində baytarlıq məntəqəsinin, şəhər 2 saylı uşaq bağçasının 1 mərtəbəli 40 yerlik binasının, Zəhmətabad kəndində 2 mərtəbəli 50 yerlik uşaq bağçasının, Səmədabad polis bölməsi üçün inzibati binanın tikintiləri, eləcə də Biləsuvar şəhər 1 saylı uşaq bağçasının, Xırmandalı kənd 1 saylı orta məktəb binasının və Zəhmətabad kənd ümumi orta məktəbində idman zalının əsaslı təmir işləri də mühüm nəticələrdən xəbər verir. Biləsuvar şəhərinin H.Əliyev, M.İbrahimov və Nizami küçələrində hasarların tikilməsi, dekorativ üzlük aqlay daşları ilə müasir üslubda üzlənməsi, piyada səkilərinə üzlük tavalar döşənməsi və yeni işıqlandırma dirəkləri quraşdırılması da görülən abadlıq-qurucluq işləri sırasındadır.

Rayonun iqtisadiyyatını əsasən kənd təsərrüfatı təşkil edir. Son illərədə ölkə iqtisadiyyatının sürətli inkişafı nəticəsində Biləsuvar rayonunda da kənd təsərrüfatı məhsullarının istehsalı edən sənaye müəssisələri yaradılıb. Rayonda özəl sektorun inkişafı sürətlənib. Xırmandalı kəndi ərazisində 2 hektar sahədə kənd təsərrüfatı məhsulları yetişdiriləcək istixana, Biləsuvar dolama yolunun başlanğıcında kənd təsərrüfatı məhsullarının saxlanması üçün soyuducu anbar kompleksinin tikilməsi fermerlərin tərəfindən yüksək qarşılanır. Rayonda təbii qaz təchizatı və qaz təsərrüfatının yenidən qurulması istiqamətində işlər davam etdirilir. Hələ ötən il rayonun Ovçubərə, Təsəkənd, Yuxarı Cürəli, Amankənd, Ağalıkənd, Aşağı Cürəli, Dərvişli, Çinarlı, Aranlı kəndlərində və Biləsuvar şəhərinin genişlənən hissəsində salınmış "Təyyarə meydanı" yaşayış məntəqəsində təbii qazın verilişi bərpa edilib. Xatırladaq ki, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) "Azəriqaz" İstehsalat Birliyi (İB) tərəfindən ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində intensiv işlər aparılır, ölkənin qaz təchizatı sistemində mövcud olan problemlər aradan qaldırılır, uzun müddət təbii qaz almayan yaşayış massivləri "mavi yanacaq"la təmin olunur.

Biləsuvar rayonunun qazlaşdırılması istiqamətində həyata keçirilən genişmiqyaslı işlər də bu baxımdan xarakterikdir. Bu ilin martin 18-də Biləsuvar rayonunun Çaylı kəndinə ilk dəfə olaraq təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib. 200 abonenti olan Çaylı kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 35 min metr olan müxtəlif diametrli polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 200 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb. Ötən ay isə Biləsuvar rayonunun Bağbanlar kəndinə ilk dəfə olaraq təbii qaz verilib. 546 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 1100 metr uzunluğunda polietilen və 66 min 38 metr uzunluğunda metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 540 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Aqrar bölmədə ümumi məhsul istehsalının həcmi artıb, məhsuldarlıq yüksəlib və torpaq adamlarının həyat səviyyəsi xeyli yaxşılaşıb. Ölkə Prezidenti İlham Əliyevin təhsil ocaqlarının müasir tələblər səviyyəsində qurulmasına göstərdiyi diqqətin nəticəsidir ki, son illər Biləsuvarda 9 yeni məktəb binası tikilib, 4 məktəb yüksək səviyyədə əsaslı təmir olunub. Bu il Xırmandalı kənd 2 saylı və Amankənd kənd tam orta məktəbləri üçün yeni binaların tikintisi həyata keçiriləcək. Ümumiyyətlə, ölkə Prezidentinin Nazirlər Kabinetinin iclasında söylədiyi kimi, yaxın illərdə bütün bölgələrdə bir dənə də olsun nəinki qəzalı, təmirsiz, yaxşı təmir olunmayan məktəb qalmayacaq. Səhiyyə ocaqlarının maddi-texniki bazasının ilbəil möhkəmləndirilməsi xidmət keyfiyyətinin yüksəldilməsində mühüm rol oynayır. Artıq 6 kənddə müasir tələblərə cavab verən yeni səhiyyə ocaqları tikilərək istifadəyə verilib.

Qeyd edək ki, "Azərsu" Açıq Səhmdar Cəmiyyəti (ASC) regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq bölgələrdə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində kompleks tədbirləri davam etdirir. Dövlət büdcəsi hesabına maliyyələşdirilən layihə çərçivəsində Biləsuvar şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə işlərin böyük hissəsi yekunlaşıb. İcrasına 2011-ci ilin sentyabrında başlanmış "Biləsuvar şəhərinin su təchizatı və kanalizasiya sistemləri kompleksinin yenidən qurulması layihəsi"nə əsasən Biləsuvar şəhərinə içməli su hazırda inşa edilən Şirvan-Muğan qrup su kəmərindən veriləcək. Şirvan-Muğan qrup su kəməri istismara verilənədək Biləsuvar şəhərində su və kanalizasiya şəbəkələrinin yenidən qurulması işləri tam başa çatdırılacaq. Biləsuvar şəhərini fasiləsiz rejimdə içməli su ilə təmin etmək üçün hər birinin tutumu 5 min kubmetr olan 2 su anbarı tikilir. Layihəyə uyğun olaraq inşası nəzərdə tutulan 54,8 kilometr magistral su xəttinin 30 kilometrdən çox hissəsi çəkilmişdir. Şəhərin içməli su şəbəkəsinin tikintisi yekunlaşmaq ərəfəsindədir. Ümumi uzunluğu 110 kilometr olan şəhərdaxili su şəbəkəsinin 106 kilometrlik hissəsi çəkilərək ünvanlara birləşmələr verilib.

Layihəyə əsasən Biləsuvar şəhərində ilk dəfə olaraq kanalizasiya sistemi yaradılacaqdır. Bu məqsədlə inşa olunan 9,5 kilometr uzunluğunda kanalizasiya kollektorunun 8,8 kilometrlik hissəsi çəkilmiş, 76,8 kilometr kanalizasiya şəbəkəsi yaradılıb. Layihəyə əsasən Biləsuvar şəhərində toplanacaq tullantı suları yeni tikiləcək çirkab sutəmizləyici qurğuda təmizlənəcək.

İçməli su və kanalizasiya xidmətlərindən istifadənin dəqiq uçotunun aparılması məqsədi ilə "smart-kart" tipli sayğacların quraşdırılması da davam etdirilir və indiyədək 5600 abunəçinin 2420-si sayğacla təmin olunub. Hazırda Biləsuvar şəhərinə içməli su Əzizbəyov adına kanaldan cədvəl əsasında verilir. Şəhərdə kanalizasiya sistemi mövcud deyildir. Yeni layihənin icrası nəticəsində 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla 26,2 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsi yaxşılaşacaq. Layihə üzrə işlərin cari ilin sonunadək başa çatdırılması nəzərdə tutulur. Bununla yanaşı, Şirvan-Muğan qrup su kəmərinin tikintisi layihəsi çərçivəsində kəmərin marşrutu boyunca Biləsuvar rayonunun 23 kəndinə içməli su veriləcəkdir.

Təbiətii və tarixi burada turizm üçün əlverişli imkanlar yaradır. Biləsuvar rayonunda 1 memarlıq, 12 arxeoloji tarixi və memarlıq abidəsi var. Bunlar keçmiş Biləsuvar yaşayış məntəqəsi ərazisində "Şəhriyar qalası" memarlıq abidəsindən, həmçinin Bədilli kəndi ərazisində tunc dövrünə aid 7 Kurqan təpəsi, Təzəkənd kəndi ərazisində tunc dövrünə aid 2 Kurqan (qoşatəpə), dəmir dövrünə aid "Torpağay təpə", Dərvişli kəndi ərazisində dəmir dövrünə aid "Seyid altı təpə" kurqanı, Yuxarı Ağalı kəndi ərazisində "Ceyran təpə" kurqanı, Əmənkənd kəndi ərazisində tunc dövrünə aid "Şəhriyar təpə" kurqanı, Şəhriyar kəndində orta əsrlərə aid Ağdam qalası, yenə həmin ərazidə orta əsrlərin əvvəllərinə aid "Çöl Ağdam şəhərciyi" və "İçəri Ağdam yaşayış ərazisində" arxeoloji abidələrindən ibarətdir. Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu Biləsuvar rayonunda apardığı arxeoloji kəşfiyyat işləri zamanı orta əsrlərə aid bir neçə qədim abidə, eyni zamanda, qədim şəhərin qalıqlarını aşkarlayıb. Biləsuvar rayonunda arxeoloji qazıntı aparılan zaman "Çöl Ağdam qalası", "İçəri Ağdam qalası", orta əsrlər Şəhriyar şəhərinin qalıqları, rayonun İsmətli kəndində orta əsr yaşayış yeri və kurqanı, Səmədabad kəndində orta əsr yaşayış yeri və s. aşkarlanıb. Bunlar turizmin inkiaşfına imkan verir. Digər sahələr üzrə də dinamik tərəqqi qeydə alınır.

Elşən BAYRAMOV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilən "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" layihəsi çərçivəsində çap olunub.

Sizin Reklam Yeriniz