İnkişaf modelləri dövlətin iqtisadiyyata müdaxiləsi və ona məxsus mülkiyyətin səviyyəsindən, əhalinin sosial ehtiyaclarının ödənilməsi vəziyyətindən, habelə intizabi tənzimləyici mexanizmlərdən asılı olaraq bir-birindən fərqləndirilir. Bu baxımdan müasir iqtisadi nəzəriyyələrdə bazar iqtisadiyyatının üç əsas növü – liberal (amerikan modeli), sosial yönümlü və sosial-demokrat modelləri barədə geniş bəhs olunur.
Liberal modeldə xüsusi mülkiyyət iqtisadiyyatda üstün mövqeyə malik olur, bazar subyektlərinin tam sərbəstliyinə imkan verilir, dövlət tənzimlənməsi məhdud səciyyə daşıyaraq əsasən makroiqitsadi prosesləri əhatə edir. Dövlət özünü əhalinin zəruri yaşayış problemlərinin həllindən təcrid etməklə, sosialyönümlü investisiya layihələrinə az diqqət ayırır. Bazarın amerikan modelində dövlət mülkiyyətinin əsas kapitaldakı, dövlət büdcəsinin isə ümumi daxili məhsuldakı payının azlıq təşkil etməsi də əsas xüsusiyyət kimi özünü göstərir.
Sosial yönümlü iqtisadi model sosial ədalətin və sosial müdafiənin təmini, eləcə də iqtisadi-sosial həyatın humanistləşdirilməsi məsələlərini önə çəkir. Bu model radikal bazar iqtisadiyyatı ilə mərkəzləşdirilmiş planlı iqtisadiyyat arasında aralıq mövqe tutur. Sosial yönümlü bazar iqtisadiyyatı (alman modeli) bir tərəfdən iqtisadi azadlığın, digər tərəfdən sosial dövlət ideyası ilə əlaqədar olan sosial müdafiə və sosial ədalət ideyalarının vəhdətinə əsaslanır. Bu modelin əsas cəhəti onun güclü sosial siyasət sisteminə malik olmasıdır. Bu siyasət əhalinin gəlirləri arasında mövcud fərqləri minimuma endirmək məqsədilə dövlətin həyata keçirdiyi yenidən bölgüsü prinsipini, sosial müdafiə və sosial sığorta sisteminin inkişaf etdirilməsini, minimum yaşayış həddinə təminatın mövcudluğunu, mənzil təsərrüfatı sahəsinə subsidiyaların ayrılmasını və digər tədbirləri nəzərdə tutur.
İnkişafın sosial-demokrat modelinin (İsveç modeli) səciyyəvi cəhəti isə onun bünövrəsində sosial-demokrat ideyalarının dayanmasıdır. Bu model, ilk növbədə, sosial-iqtisadi siyasətin xüsusiyyətləri, iş qüvvəsi və əmək münasibətlərinin tənzimlənməsi ilə fərqlənir. Bazar iqtisadiyyatının sosial-demokrat modeli bazar iqtisadiyyatına xas çatışmazlıqların – mülkiyyətin və gəlirlərin cəmiyyətin kiçik bir hissəsinin əlində cəmləşməsinin aradan qaldırılmasına şərait yaradır. Bu model həm də əhalinin gəlirləri arasındakı fərqlərin azaldılmasını və məşğulluğun səviyyəsinin yüksəldilməsini təmin edən güclü sosial siyasətin gerçəkləşdirilməsini nəzərdə tutur. Sosial-demokrat modelində iqtisadiyyatın dövlət tənzimlənməsi sosial siyasət sahəsində birbaşa, xüsusi istehsal sektorunda isə dolayı formada – yüksək vergilər vasitəsi ilə təmin edilir.
Bunlarla yanaşı, hazırda bir çox iqtisadçı alimlər digər ölkələrin – Yaponiyanın, Çinin, Malaziyanın, Cənubi Koreyanın və s. ölkələrin özünəməxsus inkişaf modelinin formalaşdığını iddia edirlər. Ümumiyyətlə, hazırda dünyada 200-ə yaxın dövlət olsa da, onların az qisminin özünəməxsus inkişaf modelindən bəhs olunur. Milli inkişaf modeli ilə dünyada tanınan dövlətlər, ilk növbədə, iqtisadiyyatlarının bəzi səciyyəvi xüsusiyyətləri – transmilli xarakter daşıması, yüksək özünütəminetmə imkanları, ümumi daxili məhsulun artım dinamikası, iqtisadi-maliyyə sisteminin qlobal təhdidlərə çevik müqavimət əzmi ilə seçilirlər.
Müasir dünyada sosial-iqtisadi və mədəni hüquqlar əsas insan hüquqları sisteminə aid olmaqla, fərdin yaşayışının sosial-iqtisadi şəraitinin qorunması və normativ möhkəmləndirilməsi məsələlərinə toxunur. Bəşər cəmiyyəti sivilizasiyanın yüksək mərhələsinə çatdıqca, cəmiyyətdə formalaşmış mənəvi dəyərləri qoruyub saxlamaqla sosial müdafiəyə ehtiyacı olan insanlara daha diqqətlə yanaşılır, həmin insanların sosial tələbatının ödənilməsi bir növ sosial dövlətin mənəvi göstəricisinə çevrilir.
Qeyd edilənlər kontekstində Azərbaycanda həyata keçirilən iqtisadi siyasətin sosialyönümlü mahiyyəti bir tərəfdən Azərbaycanda insan amilinə, insan hüquqları sisteminə yüksək həssaslıq nümunəsidirsə, digər tərəfdən bazar iqtisadiyyatı yolu ilə inkişaf edən bir sıra qabaqcıl dünya dövlətlərinin təcrübəsinə əsaslanır. Müasir dövrdə hər bir inkişaf etmiş dövlət bazar münasibətlərinin inkişafı, iqtisadi sərbəstlik, azad sahibkarlıq və özəl mülkiyyətçilik şəraitində sosial hüquqların təminatı sisteminə xüsusi diqqət yetirir. Vətəndaşların sosial və iqtisadi təminat hüquqlarının reallaşdırılması demokratik inkişaf yolu tutmuş bütün dövlətlər üçün mühüm vəzifələrdən sayılır.
Azərbaycan Respublikasının sosial hüquqlara sadiqliyini Birləşmiş Millətlər Təşkilatının 1966-cı il tarixli «İqtisadi, sosial və mədəni hüquqlar haqqında Pakt»ını, «Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt»ını imzalamaqla təsdiqləmişdir. «İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakt»ın 2-ci maddəsinin 1-ci bəndində aydın şəkildə qeyd olunmuşdur: «Bu Paktda iştirak edən hər bir dövlət fərdi, o cümlədən beynəlxalq yardım və əməkdaşlıq qaydasında qanunvericilik tədbirləri də daxil olmaqla ehtiyatda olan maksimal miqdarda vəsaitlərdən istifadə edərək, xüsusilə iqtisadi və texniki sahələrdə tanınan hüquqların bütün lazımi üsullarla tədricən tam həyata keçirilməsini təmin etməlidir».
İstənilən cəmiyyətdə insanların müəyyən kateqoriyası mövcuddur ki, onlar özlərindən asılı olmayan obyektiv səbəblərdən yaşamaq üçün maddi vəsaitlər əldə etmək imkanından məhrum olmuşlar. Burada daha çox insanın fizioloji vəziyyəti əsas rol oynayır, ilk növbədə, hələ fəaliyyət qabiliyyəti formalaşmamış uşaqlar, eləcə də bu imkanlarını itirmiş insanlar – əlillər, ahıllar, müharibə veteranları və s. nəzərdə tutulur. Azərbaycan dövləti müxtəlif kateqoriyaları əhatə edən vətəndaşların sosial ehtiyaclarının dolğun şəkildə ödənilməsinə xidmət edən iqtisadi siyasət həyata keçirir. İnsan amilinin hərtərəfli yüksəlişinə və firavanlığına xidmət edən bu sosialyönümlü siyasətin mahiyyəti bundan ibarətdir ki, dövlət obyektiv səbəblərdən çalışmaq və zəhmətdən gəlir əldə etmək, (yaş, xəstəlik, əlillik, ailə başçısını itirmə, işsizlik və qanunla nəzərdə tutulmuş digər hallarda) həmçinin, uşaqların doğulması, tərbiyəsi ilə əlaqədar ailəyə kömək etmək qabiliyyəti və imkanından məhrum olmuş vətəndaşlara kifayət qədər vəsait ayırmağa təminat verir. Ölkənin malik olduğu təbii resurslardan əldə olunan gəlirlər hər bir vətəndaşın rifahı naminə ədalətlə bölüşdürülür, insanlar bunu öz həyatlarında getdikcə daha qabarıq hiss edirlər.
İctimai-iqtisadi formasiya dəyişkənliyini yaşayan bütün postsosialist dövlətlərində ictimaiyyətin baş verən köklü dəyişikliklərə mənəvi-psixoloji baxımdan adaptasiyası özünü ciddi problem kimi göstərir. Bu prizmadan keçmiş SSRİ respublikalarında, o cümlədən Azərbaycanda vətəndaşların sosial problemlərinin xüsusi diqqət mərkəzində saxlanılması son dərəcə vacibdir. Sərt bazar qanunlarının diktə etdiyi şərtlərin vətəndaşların mənafeyinə toxunmaması, istehsalçı və
istehlakçının maraqlarının uzlaşdırılması zərurəti bütün dünyada eyni inkişaf kursu seçmiş dövlətləri düşündürən mühüm məsələlərdəndir.
Azərbaycanda son illərdə bu sahədə formalaşmış uğurlu təcrübə analoji inkişaf yoluna yeni qədəm qoymuş digər ölkələr üçün də model rolunu oynaya bilər. Bu modelin unikallığı ondan ibarətdir ki, respublikada yeni mülkiyyət formalarının yaranmasına, sahibkarlığın daha sürətli inkişafına yönəlmiş kompleks tədbirlər sistemi əhalinin sosial baxımdan nisbətən zəif təbəqəsinin maraqlarını inkar etmir. Eyni zamanda müəyyən zərurət qarşısında həyata keçirilən sərt islahatlar sosialyönümlü tədbirlərlə kompensasiya edilir.
Ötən illərin reallıqları bir daha təsdiqləyir ki, ölkənin iqtisadi inkişafından, neft strategiyasının və sahibkarlığın inkişafının uğurlu nəticələrindən əldə edilən dividendlər bilavasitə insanların sosial problemlərinin həllinə, vətəndaşların həyat səviyyəsinin yaxşılaşmasına yönəldilir. Son aylarda minimum əməkhaqlarının, büdcə təşkilatlarında çalışan ayrı-ayrı vətəndaş kateqoriyalarının məvaciblərinin, pensiya və müavinətlərin artırılması, sosial müdafiə sisteminin getdikcə təkmilləşdirilməsi dövlətin vətəndaşlarına olan diqqət və qayğısının bariz təcəssümüdür.
Mövcud sosial müdafiə sisteminin bazar iqtisadiyyatı mühitinə uyğunlaşdırılaraq keyfiyyətcə yenidən qurulması, o cümlədən pensiya sistemində beynəlxalq normalara və inkişaf etmiş ölkələrin təcrübəsinə əsaslanan islahatların aparılması dövlətin sosialyönümlü siyasətinin mühüm istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Bütün bunlar ölkədə insan amilinin yüksəlişinə xidmət edən islahatların vaxtında və yetərincə reallaşdırılmasına münbit şərait yaratmışdır. Pensiya və müavinətlərin həcmində əsaslı artımlarla yanaşı, ölkənin pensiya təminatı sisteminin qanunvericilik əsaslarının ən modern standartlar səviyyəsinə çatdırılması, pensiya və müavinətlərin verilməsi işinin avtomatlaşdırılması son illərdə bu sahədə əldə edilmiş ciddi nailiyyətlərdəndir.
S.Elmanoğlu