Fevralın 2-də Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Litva Respublikasının Azərbaycandakı Səfirliyi arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Memorandumu Fondun prezidenti Günay Əfəndiyeva ilə Litva Respublikasının Azərbaycan Respublikasında və Türkmənistanda fövqəladə və səlahiyyətli səfiri Eqidius Navikas imzalayıblar.
Memorandumun imzalanması qarşılıqlı mədəni mübadilələrin həyata keçirilməsi, Litvanın Türk etnik kökənli azsaylı xalqlarının - tatarların və karaimlərin tarixi, mədəni irsinin qorunması, birgə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və möhkəmləndirilməsi məqsədi daşıyır.
Tədbirdə Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini Ramiz Həsənov, Fonda üzv və müşahidəçi ölkələrin səfirləri, beynəlxalq təşkilatların nümayəndələri və ziyalılar iştirak edib.
Tədbirdə çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva qonaqları salamlayaraq, rəhbərlik etdiyi təşkilatın binasının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı əsasında daimi istifadəyə verildiyini bildirib. Fondun prezidenti binanın rəsmi açılışının 2019-cu il oktyabrın 14-də Türkdilli ölkələrin dövlət başçılarının VII Zirvə toplantısı çərçivəsində Fonda üzv və müşahidəçi ölkələrin xarici işlər nazirlərinin və türkdilli beynəlxalq təşkilatların rəhbərlərinin iştirakı ilə həyata keçirildiyini qeyd edib.
Günay Əfəndiyeva Fond ilə Litvanın Azərbaycandakı Səfirliyi arasında imzalanan Memorandumun vacibliyini vurğulayıb: “Söhbət Litvada yaşayan türkdilli xalqların-karaimlərin və tatarların mədəni irsinin qorunmasından, onların tarixindən və adət ənənələrinin təbliğindən gedir. Düşünürəm ki, bu Memorandum Litva üçün də önəmlidir. Çünki Litva öz ərazisində yaşayan azsaylı xalqlara münasibətini göstərir. Bizim Litva səfirliyi ilə əməkdaşlığımız 2019-cu ildə Bakıda keçirilən həmin Zirvə toplantısına təsadüf edir. Zirvə çərçivəsində tərəfimizdən “Türk Dünyası Həftəsi” keçirilmişdir. Müxtəlif sərgi və konfranslarla yanaşı “ Türk Dünyasının Qadını ” adlı tədbir təşkil olunmuşdur. Konfransda müxtəlif türkdilli ölkələrdən xanım nümayəndələr iştirak edirdi. O zaman Azərbaycana yeni təyin olunan səfir cənab Eqidius Navikas Litvadan karaimlərin təmsilçisi, onların məşhur sənətçisi Severina Şpakovskanın dəvət edilməsində köməklik göstərmişdir. Düşünürəm ki, bu əməkdaşlıq bir başlanğıc oldu. Bu il Litvada karaimlər və tatarların ili elan olunub. Hesab edirəm ki, bizi birgə qarşıda gözəl tədbirlər, layihələr gözləyir. Çünki söhbət böyük Türk dünyasından, onun zəngin mədəniyyətindən, qədim tarixindən və böyük mənəviyyatından gedir”.
Litva Respublikasının Azərbaycan Respublikasında və Türkmənistanda fövqəladə və səlahiyyətli səfiri Eqidius Navikas Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda olmasından məmnuğunluğunu bildirib: “Memorandumun imzalanmasında Litvanın marağı ondan ibarətdir ki, bizim əvvəllər də Türk dünyası ilə çox sağlam və dərin bağlantılarımız olub. Litvada kiçik ancaq özünəməxsus azsaylı nümayəndələr – tatar
və karaimlər yaşayır. Bu xalqlar Litvaya XIV-XV əsrlərdə Krım ərazisindən almanların dəvətilə, bir döyüşçü kimi gəliblər.
Tarixi faktlara toxunan səfir vurğulayıb ki, 1918-ci ildə Birinci Dünya müharibəsinin sonu və Rusiya imperiyasının dağılmasından sonra bir çox tatarlar Krımda yeni hakimiyyətin formalaşmasında iştirak ediblər. Litvadakı tatarlar da həmçinin həmin ildə Azərbaycan Demokratik Respublikasının qurulmasında və müxtəlif qurumların yaradılmasında da yaxından iştirak edib. Bütün bu vaxt ərzində tatar və karaimlər azlıq təşkil etmələrinə baxmayaraq öz kimliklərini qorumağa nail olublar.
Bu Memorandumun imzalanması ilə gələcəkdə keçiriləcək tədbirlərdə, həmçinin əməkdaşlığın davam etdirilməsində yeni bir addım atırıq”.
Daha sonra Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva və Litva Respublikasının Azərbaycan Respublikasında və Türkmənistanda fövqəladə və səlahiyyətli səfiri Eqidius Navikas tərəfindən Əməkdaşlıq Memorandumun imzalanması mərasimi keçirilib.
Tədbir çərçivəsində konsert proqramı da təşkil olunub. Konsertdə Azərbaycan Respublikasının Xalq artisti Mənsum İbrahimovun rəhbərliyi ilə “Qarabağ” muğam qrupu, eləcə də Muğam televiziya müsabiqəsinin qalibi Gülzar Fərəcova, Beynəlxalq Muğam müsabiqəsinin qalibi Orxan Hüseynli və gənc ifaçı Amina Nurmakhambetova çıxış ediblər