Əlaqə Arxiv
news Image
2013.09.26
09:00
| A A A
LAYİHƏNİN İSTİQAMƏTİ: “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi”
Göygölün inkişafı daha dinamik xarakter alır

Modern tərəqqi yolunda inkişafını uğurla davam etdirən müasir Azərbaycanın regionlarının siması gündən-günə gözəlləşməkdə, özünün intibah dövrünü yaşamaqdadır. Bunu regionların timsalında aydın sezmək, onların tərəqqisinin yeni yüksəliş mərhələsinə daxil olduğunu istənilən rayonun timsalında görmək mümkündür. Belə rayonlardan biri qismində isə əsrarəngiz gözəlliyə malik Göygöl çıxış edir.

Cari ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları da burada dinamik tərəqqidən xəbər verir. Hesabat dövründə Göygöl rayonunda sosial obyektlərin tikilməsi, abadlıq quruculuq işlərinin aparılması, uzun illər yığılıb qalmış mövcud problemlərin aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər davam etdirilib, iqtisadiyyatın dinamik inkişafı təmin olunub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə iqtisadiyyatın əsas sahələrində istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi 3963,6 min manat artaraq 63281,9 min manata çatıb.

Rayon üzrə adambaşına 1050,5 manat dəyərində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,5 % çox məhsul istehsal edilib. Aqrar sahənin inkişafına yönəldilmiş Dövlət Proqramlarının müvəffəqiyyətlə həyata keçirilməsi üçün ölkə rəhbərliyi tərəfindən yaradılmış əlverişli şəraitin nəticəsi olaraq kənd təsərrüfatı məhsulları istehsalçılarının traktor, kombayn, digər kənd təsərrüfatı maşın və avadanlıqları ilə, toxum, gübrə və pestisidlərlə təminatı yaxşılaşdırılıb. Kənd təsərrüfatı məhsullarının istehsalçılarına dəyərinin 50%-ni ödəməklə 124980 manat dəyərində 546,3 ton mineral gübrə satılıb, 1191 nəfər istehsalçıya yanacaq və motor yağlarının dəyərinin 50 %-ni ödəmək məqsədilə 437292 manat məbləğində yardım verilməsi həyata keçrilib. 2013-cü ilin 6 ayında keçən ilin müvafiq dövrü ilə müqayisədə 399,7 min manat çox olmaqla 16316,8 min manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib, bunun da 99,6 %-i qeyri-dövlət sektorunun payına düşür. Əkin sahələrini suvarma suyu ilə təmin etmək məqsədilə Kürəkçay və Qoşqarçayda qapalı boru şəbəkələri bərpa edilib, 113 ədəd subartezian quyusu, Topalhəsənli nasos stansiyası təmir edilib, daşqınların qarşısını almaq məqsədilə çay məcrasında 111 min kubmetr həcmində təmizləmə işləri görülüb.

Rayonda hazırda fəaliyyət göstərən 21 sənaye müəssisələri tərəfindən bütövlükdə 5029,9 min manat dəyərində sənaye məhsulu istehsal edilib, Sənaye məhsulunun həcmində qeyri dövlət sektorunun xüsusi çəkisi 29,2% olub. Rayonda sahibkarlığın inkişafına yaradılmış münbit şəraitin nəticəsi olaraq hüquqi şəxslərin sayı 454-ə çatıb, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 64 sahibkara 940 min manat dəyərində güzəştli kredit verilib. Poçt və rabitə müəssisələri tərəfindən müəssisə və təşkilatlara, eləcə də əhaliyə faktiki qiymətlərlə 260 min manatlıq xidmət göstərilib ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 23 min manat (5,7%) çoxdur.

Rayon ərazisində 2013-cü ilin altı ayında müxtəlif nazirliklər, komitələr, agentliklər və əhali tərəfindən 17475,2 min manat əsas kapitala investisiya qoyulub, bunun da 17345,8 min manatı tikinti quraşdırma işlərinə yönəldilib. Cari ilin ilk 6 ayı ərzində rayon büdcəsinin gəlirləri (dotasiyasız) 1 milyon 823,1 min manat proqnoza qarşı 1 milyon 866,6 min manat və ya 102,4 % yerinə yetirilib. Əhalinin az təminatlı təbəqəsinin, sosial müdafiəyə ehtiyacı olan insanların maddi rifah halının yaxşılaşdırılmasına diqqət daha da artırılıb, "Ünvanlı Dövlət Sosial yardım haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq 2013-cü ilin 6 ayı ərzində 780 ailə olmaqla 3624 nəfərə 392,3 min manat məbləğində ünvanlı sosial yardım verilib.

Əhalinin məşğulluğunu təmin etmək və sosial müdafiəyə ehtiyacı olan vətəndaşların sosial müdafiəsini gücləndirmək məqsədilə 2013-cü ilin 6 ayı ərzində 171 nəfər iş axtaran Məşğulluq Mərkəzində qeydiyyata alınıb, onlardan 102 nəfəri münasib iş yerləri ilə təmin olunub. "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda Göygöl rayonu üzrə nəzərdə tutulmuş tədbirlərin icrası ilə əlaqədar müvafiq tədbirlər görülüb, işlər davam etdirilir.2013-cü ilin 6 ayı ərzində Göygöl şəhərinin Aşıq Şəmşir küçəsinə 15 min 623 kvm asfalt örtük salınıb, 973 p/m səki daşı və 1285 p/m su arxı düzülüb. H.Cavid, Nəsimi və M.Araz küçələrinin bir hissəsində isə asfalt örtük salınması üçün hazırlıq işlərinə başlanılıb.

Hazırda Göygöl şəhər Mədəniyyət və istirahət parkının genişləndirilməsi üçün ayrılmış əlavə 3 hektar torpaq sahəsində yenidənqurma işləri aparılır, Heydər Əliyev Mərkəzi, Gənclər mərkəzi, Uşaq əyləncə mərkəzi üçün binalar, Olimpiya İdman kompleksi, Göygöl Sukanal idarəsi üçün inzibati bina, Göygöl şərab zavodunun istehsal sahəsini genişləndirmək üçün spirt zavodu və Dövlət Bayrağı meydanı kompleksi tikilir. Dövlət Bayrağı meydanı kompleksinin əhatə etdiyi 5,5 hektar ərazidə yaşıllıq salınıb, bayraq muzeyinin tikintisi başa çatdırılıb, muzeyin fasad hissəsinə, pilləkənlərə, gəzinti üçün təşkil olunmuş meydançalara və ətrafına hörülmüş divarlara üzlük piltələr döşənib. Bayraq kompleksinin ətrafında yerləşən 8 küçəyə səki daşları düzülərək asfalt örtük salınıb və gecə işıqlanma sistemi quraşdırılıb. Dövlət Sosial Müdafiə Fondunun və Milli Təhlükəsizlik Nazirliyinin Göygöl rayon şöbələri üçün inzibati binalar tikilib, Yeni Zod kənd uşaq bağçası, 2 saylı Yeni Zod kənd mədəniyyət evi əsaslı təmir olunub.

Göygöl şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsinin icrası ilə bağlı Göygöl şəhərinə Kürək çayından yeni magistral su kəmərinin çəkilişi başa çatdırılıb, Göygöl şəhərində hesabat dövründə 134080 p/m kanalizasiya xətti, 151048 p/m su xətti çəkilib, su təmizləyici qurğularının və anbarlarının tikintisi, su sayğaclarının quraşdırılması davam etdirilir.

Yaşayış məntəqələrinin qaz təchizatını yaxşılaşdırmaq məqsədilə 2013-cü ilin 6 ayı ərzində Göygöl şəhərinin yeni salınmış yaşayış massivində 9608 p/m uzunluğunda qaz xətti çəkilərək 286 təsərrüfata müasir tipli qaz sayğacları quraşdırılıb. Əhaliyə genişzolaqlı internet xidməti göstərmək məqsədilə Şəhriyar və Zurnabad kənd Elektron ATS-nə DSLAM avadanlıqları quraşdırılıb istifadəyə verilib, beləliklə rayon ərazisində 27 yaşayış məntəqəsində abunəçilərə genişzolaqlı sürətli internet xidməti göstərilir, digər yaşayış məntəqələrinə də genişzolaqlı internet xidmətinin göstərilməsi üçün işlər davam etdirilir. Əhaliyə göstərilən poçt xidmətinin səviyyəsini yaxşılaşdırmaq məqsədilə Poçt Filialının inzibati binası əsaslı təmir olunub, Topalhəsənli, Balçılı və Xaqani poçt şöbələri üçün yeni binaların tikintisi nəzərdə tutulub. Ümumtəhsil məktəblərinin və məktəbəqədər uşaq tərbiyə müəssisələrinin tikintisinə, onların maddi-texniki bazasının müasir tələblərə uyğun möhkəmləndirilməsinə göstərilən dövlət qayğısının nəticəsi olaraq 2013-cü ilin 6 ayı ərzində 115,9 min manat dəyərində inventar və avadanlıqlar alınaraq ümumtəhsil məktəblərinə paylanılıb. 180 şagird yerlik Şəhriyar kənd tam orta, 80 şagird yerlik Bəhrəmbağ və Üçbulaq kənd ümumi orta məktəblərinə yeni bina tikilməsi üçün layihə-smeta sənədləri hazırlanıb. Rayonda 42 kitabxana, 15 mədəniyyət evi, 15 klub, 1 muzey, 2 musiqi məktəbi, 31 yerli əhəmiyyətli tarixi abidə var. Əhalinin sağlamlığının qorunub saxlanılması, onlara göstərilən tibbi xidmətin yaxşılaşdırması istiqamətində müəyyən işlər görülüb, səyyarı həkim briqadaları yaradılaraq uşaqların müayinəsi təşkil olunub, hesabat dövründə 262,1 min manat dəyərində dərmanlar alınaraq imtiyazlı xəstələrə pulsuz paylanılıb.

Turizm mövsümü başlayandan Göygöl rayonuna istirahətə gələnlərin sayı artıb. Buna səbəb olan amillərdən biri rayonun 2013-cü il üçün "Azərbaycanın sənətkarlar paytaxtı" seçilməsidir. Göygöl rayonu öz təbiəti, zəngin flora və faunası ilə həmişə turistlərin diqqətini cəlb edir. Göygöl rayonu Azərbaycan Respublikasının qərbində dağlıq və dağətəyi zonada yerləşir, ən yüksək nöqtəsi dəniz səviyyəsindən 3724 metr hündürlükdədir. Rayon şimalda Gəncə şəhəri və Samux rayonu ilə, şərqdə Goranboy rayonu ilə, cənubda Kəlbəcər rayonu ilə, cənubu-qərbdə Daşkəsən rayonu ilə, qərbdə Şəmkir rayonu ilə həmsərhəddir. Burala turistlərin xüsusi diqqətini cəlb edən məhşur Göy-göl Kəpəz dağının ətəyində, səfalı bir guşədə yerləşir. Onun ətrafında daha 7 eyni mənşəli göl var. Uçqunların əmələ gətirdiyi bənd nəticəsində Göygöl, Maralgöl, Zəligöl, Ağgöl, Şamlıgöl, Ördəkgöl, Ceyrangöl, Qaragöl gölləri həmişə xüsusi diqqət cəlb edib. Göygöl dəniz səviyyəsindən 1556 metr yüksəklikdə yerləşir. Su aynasının sahəsi 80 hektara yaxındır. Rayona gələn turistlər gözəl təbiətlə yanaşı, tarixi abidələrlə, eləcə də rayonda fəaliyyət göstərən sənətkarlarla, onların əl işləri ilə də tanış ola bilirlər. Bundan əlavə, turistlərin marağını artırmaq məqsədilə hər il rayonda yeni turizm marşrutları təyin edilməklə yanaşı, yeni obyektlər də yaradılır. Bu yaxınlarda rayonun Toğanalı və Topalhəsənli kəndlərində yeni turizm istirahət mərkəzləri istifadəyə verilib. Çaykənd, Mixaylovka, Üçbulaq və Yeni Zod kəndlərində isə mövcud obyektlərdə yenidənqurma işləri aparılıb. Bütün bunlar turizm potensialının genişlənməsiən imkan verir. Digər sahələr üzrə də dinamik tərəqqi qeydə alınır.

Elşən BAYRAMOV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilən "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" layihəsi çərçivəsində çap olunub.

Sizin Reklam Yeriniz