Əlaqə Arxiv
news Image
2013.09.27
09:00
| A A A
LAYİHƏNİN İSTİQAMƏTİ: “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi”
Ağsu sürətli inkişafın əsas ünvanlarından birinə çevrilib

Beynəlxalq miqyasda bu gün müasir Azərbaycanı xarakterizə edən əsas xüsusiyyətlərdən biri yüksək dinamizmə əsaslanan modern inkişafdır. Elə bunun nəticəsidir ki, dünya səviyyəsində ölkəmizin sosial-iqtisadi tərəqqisinə yüksək diqqət yetirilməkdə, onun xarakterik cəhətləri geniş tədqiqat predmetlərinə çevrilməkdədir. Qeyd olunan xüsusda nəzər salınan əsas məqamlardan biri də ölkəmizin regionlarının inkişaf dinamikasıdır. Yüksək inkiaşf dinamikasına görə fərqlənən rayonlardan biri də Ağsudur.

Araşdırmalar göstərir ki, ölkəmizin hər yerində olduğu kimi Ağsuda da regionların inkiaşfına dair Dövlət Proqramı uğurla icra edilməkdə, sosial infrastrukturun, əhalinin həyat şəraitinin və sosial müdafiəsinin yaxşılaşdırılması, yoxsulluğun səviyyəsinin azaldılması, sahibkarlığın inkişaf etdirilməsi, abadlıq-quruculuq, tikinti-bərpa işlərinin aparılması, yeni iş yerlərinin açılması və nəticədə əhalinin rifah halının yüksəldilməsi sahəsində böyük nailiyyətlər əldə olunmaqdadır. Bu uğurların davamı olaraq 2013-cü ilin birinci yarısında da "Azərbaycan Respublikası regionlarının 2009-2013 cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda nəzərdə tutulan tədbirlər müvəffəqiyyətlə icra olunub. Belə ki, kənd təsərrüfatı məhsullarının istehsalının və emalının inkişafının dəstəklənməsi davam etdirilib. Məhsuldarlığı artırmaqdan ötrü "Aqrolizinq" yolu ilə fermerlərə və ailə-kəndli təsərrüfatlarına 180 ton azot və 20 ton fosfor gübrəsi satılıb. Buğda istehsalçılarının maddi marağının artırılması və buğda istehsalının stimullaşdırılması məqsədilə dövlət büdcəsinin vəsaiti hesabına yardımın verilməsi təmin edilib, kənd təsərrüfatı məhsulları istehsalçılarına əkin sahələrinin becərilməsində istifadə olunan yanacaq və motor yağlarına görə dövlət maliyyə yardımının verilməsi üçün müvafiq addımlar atılıb. Xatırladaq ki, Ağsu rayonu kənd təsərrüfatı rayonudur. İqtisadiyyatında heyvandarlıq, taxılçılıq, pambıqçılıq, meyvə və tərəvəzçilik mühüm yer tutur.

Dünya Bankı və Azərbaycan Hökuməti ilə birgə maliyyələşdirilən "Milli Su Təchizatı və Kanalizasiya xidmətləri üzrə İkinci Layihə" çərçivəsində Ağsu şəhərinin su təchizatının yenidən qurulması və kanalizasiya sisteminin yaradılması istiqamətində işlərin icrası davam etdirilib. Meliorasiya və Su Təsərrüfatı ASC-nin sifarişi ilə Ağsu rayonunun Navahı və Curuğlu kəndlərində artezian quyuları qazılır. Hər biri saatda 25 kubmetr su vermək imkanına malik olacaq quyular bu kəndlərdə təsərrüfat suyuna olan tələbatın ödənilməsinə xeyli kömək göstərəcək. Quyuların sentyabrın sonunadək istifadəyə verilməsi nəzərdə tutulub. Hazırda elektrik xətləri çəkilir və transformatorlar quraşdırılır. Qeyd edək ki, bir qədər əvvəl rayonun Qaravəlli kəndində də artezian quyusu istifadəyə verilib.

Tikinti-quruculuq işləri də geniş vüsət alıb. Belə ki, Ağsu rayonunda cari ilin 7 ayında tikinti-quraşdırma işlərinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə xeyli artıb. 2013-cü ilin 7 ayında rayonda 22 milyon 967 min manatlıq tikinti-quraşdırma işləri görülüb ki, bu da ötən ilin müvafiq dövründəki göstəricidən 41,2 faiz çoxdur. Bu müddətdə əsas kapitala yönəldilən investisiyalar da 42,6 faiz artaraq 23 milyon 241 min manata çatıb. Hazırda rayonda tikinti işləri sahəsində yeni layihələr həyata keçirilir. Belə ki, rayon mərkəzi xəstəxanasının yeni binası, kənd təsərrüfatı məhsullarının saxlanılması üçün anbar və sair tikilir, Ağsu şəhərinin su və kanalizasiya sistemi təzədən qurulur, küçə və parklar abadlaşdırılır, yeni park salınır.

Məşğulluq səviyyəsinin yüksəlməsinə təsir edən istehsal və emal sahələri yaradılır. İlin ilk yarısında "Aqrolizinq" ASC -nin Ağsu rayon "Aqroservis" filialı üçün istehsalat bazası, rayonun Padar kəndində saatlıq istehsal gücü 30 kubmetr olan Qum-çınqıl karxanası, Ağsu şəhərində, eləcə də kəndlərdə onlarla ticarət, iaşə, məişət və servis xidməti obyektləri, plastik qapı-pəncərə hazırlayan sexlər, həmçinin digər xidmət və istehsal obyektləri istifadəyə verilib, Ağsu şəhərində dövlət fonduna aid olan bir yaşayış binasının dam örtüyü əsaslı təmir edilib. Kənd investisiya layihəsi çərçivəsində Pirhəsənli və Qaraqaşlı kənd qəbiristanlığının ətrafına tor hasar çəkilib, İlxıçı və Qaraqoyunlu kəndlərində kəndarası yollar, Çaparlı kəndində feldşer mama məntəqəsi təmir olunub. Səhərin mərkəzi küçələrinin tamamilə yenidən qurulması istiqamətində işlər davam etdirilir.

Vətəndaşlara məxsus fərdi evlərin, yardımçı tikililərin, ticarət, iaşə, məişət və digər xidmət obyektlərinin, ictimai və inzibati binaların görkəmi yaxşılaşdırılır, piyada səkiləri salınır, həyətyanı sahələrin küçələrə yaxın hissəsində mişar daşı ilə hasar tikilir, mövcud hasarlar eyni vəziyyətə gətirilərək üzlük daşlarla üzlənir. Yaşıllıq zolaqlarının salınması, ağac, gül və bəzək kollarının əkilməsi istiqamətində işlər davam etdirilir, rayonun Pirhəsənli kəndində 500 ton kənd təsərrüfatı məhsulları saxlanılması üçün soyuducu anbarın, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon şöbəsi, Dövlət Miqrasiya Xidmətinin regional idarəsi üçün inzibati binanın, onlarla ticarət, iaşə, məişət və servis xidməti obyektlərinin tikintisi, eləcə də rayon mərkəzində və kəndlərdə abadlıq, quruculuq, tikinti, sosial obyektlərin təmiri və bərpası istiqamətdə əsaslı işlər davam etdirilir. Təhsil ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, lazımi inventar və avadanlıqla təchizatı istiqamətində ciddi tədbirlər görülüb. Rayonun Ağabəyli kənd tam orta məktəbi əsaslı, Gəgəli kənd ümumi və Navahı kənd ibtidai məktəbləri isə cari təmir olunub. Bu il, həmçinin Rəhimli kənd tam orta məktəb üçün 180 yerlik yeni bina tikilib. Dilman, Muradlı, Keçdəməz kəndlərindəki məktəblər üçün də yeni binalar inşa olunur. Rayonun ümumtəhsil müəssisələrinin inventar və avadanlıqlarla təchizatı artıq başa çatıb. Belə ki, təhsil ocaqlarına 300 min manatlıq inventar və avadanlıq verilib.

Bu ilin ilk yarısında işsizlik probleminin həllinə köməklik göstərilməsi istiqamətində rayon Məşğulluq Mərkəzi tərəfindən müəyyən işlər görülüb. Hesabat dövründə 1023 nəfər vətəndaş işaxtaran kimi mərkəzdə qeydiyyatda olub, 137 nəfər işaxtaran kimi qeydiyyata alınıb, 81 nəfər göndəriş alaraq işlə təmin olunub. Hesabat dövründə işsizlik statusu alanlar cəmi 14 nəfər olub. Bu müddətdə sosial müdafiəyə daha çox ehtityacı olan vətəndaşlar üçün 6 kvota müəyyən edilib, 6 nəfər vətəndaş kvota yerinə göndərilərək münasib işlə təmin edilib.

Ağsu şəhərinin yaşayış massivlərinin qaz təchizatının yaxşılaşdırılması və rayonun kənd yaşayış məntəqələrınin qaz təminatının bərpası və yenidən qurulması işləri cari ilin birinci yarısında da davam etdirilib. Yeni tikilmiş mənzillərin qazlaşdırılması məqsədilə yeni qaz kəmərlərinin çəkilişi, eləcə də qaz almayan kənd yaşayış məntəqələrinin qazlaşdırılması üçün tikinti-quraşdırma işləri davam etdirilib. Rayonun elektrik təsərrüfatında da yenidənqurma işləri öx axarı ilə gedir. Hesabat dövründə şəbəkənin balansında olan 10 kilovoltluq elektrik verilişi xətlərində 65 kilometr əsaslı, 4,9 kilometr məsafədə cari, 4 kilovoltluq elektrik verilişi xətlərində 2,1 kilometr məsafədə əsaslı təmir işləri görülüb. Ümumi gücü 7741 kilovatt olan 31 ədəd transformator yarımstansiyası cari təmir olunub, 71 ədəd Smart-kart tipli, 73 ədəd elektron sayğac quraşdırılıb. Ölkənin sosial-iqtisadi həyatında mühüm rol oynayan rabitə son illər yüksək inkişaf səviyyəsinə çatıb, bu inkişaf həm mövcud rabitə vasitələrinin intensiv istismarı, habelə yeni texnologiyaların və xidmət növlərinin yaradılması ilə səciyyələnir. Bu sahədə rayon poçtamtı və Telekommunikasiya Qovşağı tərəfindən müəyyən işlər görülüb. İlin sonuna kimi rayon iqtisadiyyatının daha da yüksəldilməsi, əhalinin sosial problemlərinin həlli, özəl sektorun inkişafına köməklik göstərilməsi, ərzaq təhlükəsizliyinin təmin edilməsi, abadlıq-quruculuq işlərinin aparılması, sənaye, tikinti, nəqliyyat və rabitə müəssisələrinin fəaliyyətinin müasir tələblər səviyyəsində qurulması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi daha böyük nəticələ yol açacaq. Hazırda əhalinin enerji daşıyıcıları ilə dayanıqlı təminatı və içməli su təchizatının yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir, istehsal, xidmət və sosial-mədəni obyeklərin inşasına diqqət artırılır. Rayonun turizm potensialı böyükdür. Burada çoxlu tarixi abidələr var. Xanlıqlar dövründə Azərbaycanın həm ərazisinə, həm də əhalisinin sayına görə ən böyük şəhəri olan Ağsuda arxeoloji tədqiqatların 2010-2012-ci illərdə aparılıb, 1,5 hektar sahə öyrənilib. Tikili qalıqları konservasiya olunub, təbii və antropogen təsirlərdən qorumaq üçün bəzi sahələrin üzəri örtülüb, nəticədə istənilən fəsildə turistlərin qazıntı sahələrini ziyarət etmək imkanları yaranıb. Bunlar turistlərin marağına səbəb olur. Digər sahələr üzrə də dinamik tərəqqi qeydə alınır.

Elşən BAYRAMOV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilən "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" layihəsi çərçivəsində çap olunub.

Sizin Reklam Yeriniz