Əgər tez-tez yorğunluq, təngnəfəslik, tərləmə və ağızda quruluq , baş gicəllənmə, kimi hallar müşahidə edirsinizsə, bunun səbəbi anemiya və ya, qanda hemoqlobinin azalması ola bilər.
Anemiya, əsasən, orqanizmdə dəmir, fol turşusu, B9, B12 vitamini çatışmadıqda baş verir.
Özünüzdə bu problemdən şübhələnirsinizsə, mütləq həkimə müraciət edin. Qan analizinin nəticəsindən sonra o, sizə uyğun dərman preparatları təyin edəcək.
Bundan əlavə olaraq isə, sizə həyat tərzinizi dəyişmək məsləhətdir.
Anemiya zamanı diyeta
1. Səhər yeməyinə 1-2 xörək qaşığı cücərmiş buğdanı əzib, üzərinə qaysı qurusu, bal, kişmiş, qoz ləpəsi qatıb yemək çox faydalıdır. Cücərmiş buğda vitaminlərlə zəngindir və anemiya zamanı orqanizmi möhkəmləndirir.
2. Nahara buxarda bişirilmiş bir parça ətlə təzə tərəvəzlərdən düzəldilmiş salat məsləhətdir. Çalışın ki, salatın tərkibində yaşıl soğan, kök, çuğundur, alma, cəfəri, balqabaq, şirin qırmızı bibər kimi məhsullardan olsun. Onlar vitamin C ilə zəngindir və ətdən dəmirin sorulmasını təmin edir.
3. Gündəlik menyunuza suda şəkərsiz bişirilmiş, yağ, şüyüd və başqa göyərtilər əlavə olunmuş sıyıq da əlavə edir. Qarabaşaq və darıdan hazırlanan sıyıqlar daha güclü effektə malik olması ilə yanaşı, ət və ət məhsulları üçün yaxşı qarnir sayılır.
Qidanı optimallaşdırın
Anemiyanın müalicəsi zamanı böyüklər süd və süd məhsullarının qəbulunu sutkada 0,5 litrə qədər azaltmalıdırlar. Bununla yanaşı, südü dərman qəbulundan 2 saat əvvələ kimi içmək olmaz. Çünki, kalsium dəmirin sorulmasına mane olur. Çay və qəhvədə olan maddələr üçün də eyni şeyləri demək olar.
Hemoqlobin azlığı zamanı 30-40 dəqiqədən bir, 1/4 stəkan su içmək məsləhət görülür.
Açıq havada daha çox vaxt keçirin
Anemiya qidadan başqa, nəfəsimizin keyfiyyətinə də təsir göstərir. Hemoqlobinin əsas funksiyası toxumalara oksigen çatdırmaqdan ibarətdir. Əgər, orqanizmdə dəmir tərkibli zülal kifayət qədər deyilsə, orqanlar, faktiki olaraq, boğulmağa başlayır.
Çalışın ki, oksigenin az olduğu yerdə çox dayanmayın. Bu, vəziyyəti daha da ağırlaşdırar. Parkda gəzmək isə, əksinə, əhvalınızı yaxşılaşdırar. Küçədə nəfəs vermə müddətini uzatmağa cəhd etməyin. Bu, nəiniki, toxumalarınızı oksigenlə təmin edər, həm də sizi süstlük, yuxusuzluqdan xilas edər və sinir sisteminizi möhkəmləndirər.
Bitki vasitələrindən istifadə edin
Qanın tərkibinin normallaşdırılmasında quru və təzə halda olan zəncirotu bitkisinin faydası var. Onun təzə yarpaqlarından, gövdəsi, kökü və çiçəklərindən ilin isti vaxtında şirə hazırlamaq olar (amma zəncirotunu şəhər yerindən yığmayın). Ən sadə yolu bitkini ət maşınından və ya blenderdən keçirib, alınan məhsulu cuna vasitəsilə sıxmaqdır. Hazır olandan dərhal sonra 0,5-1 xörək qaşığı içmək lazımdır.
Qışda isə zəncirotununquru yarpaq və köklərindən məhlul düzəldə bilərsiniz. Hazırlanma qaydası belədir: 1 xörək qaşığı ota 1 stəkan qaynar su əlavə edilir,1 dəqiqə ərzində dəmlənir və 1 saatdan sonra süzülür. Səhər və axşam yeməkdən yarım saat əvvəl 0,5 stəkan daxilə qəbul edilir.
Anemiya zamanı səhər, acqarnına yarım limonun şirəsi və 1 xörək qaşığı bal əlavə edilmiş itburnu dəmləməsi də xeyirlidir.
Bütün yuxarıda sadaladıqlarımızla yanaşı, yarım stəkan kök, 1/4 stəkan alma və çuğundur şirəsinin qarışığı da çox yaxşı effekt verir. Onu da qeyd edək ki, bu şirə hazırlandıqdan sonra 15 dəqiqə ərzində içilməlidir ki, tərkibindəki faydalı elementlər maksimum şəkildə saxlansın.