Fransanın RTL radiosunun əməkdaşı Pyer Salvyak özünün tvitter səhifəsində ölkənin yeni birinci xanımı jurnalist Valeri Trierveyler haqqında təhqirəamiz fikirlər yazdığına görə işdən azad olunub. Salvyak yazıb: "Bütün qadın həmkarlarıma müraciət edirəm: xeyirli sekslə məşğul olun ki, nə vaxtsa Fransanın birinci xanımı ola biləsiniz".
Radio əməkdaşının bu fikrindən ölkənin qadın jurnalistləri o qədər hiddətləniblər ki, Salvyak yazdıqlarını silmək məcburiyyətində qalıb. RTL-in rəhbəri Jak Esnu isə işçisinin hərəkətini tam yolverilməz adlandırıb və onu "vulqar seksizm"də günahlandırıb.
Maraqlıdır ki, F.Olland heç vaxt evli olmayıb və bu mənada V.Trierveyler rəsmi nigahı olmayan ilk birinci xanım kimi tarixə düşüb. Fransanın yeni dövlət başçısı isə xanım jurnalistə qədər 30 il Seqolen Ruayal adlı qadınla yaşayıb.
Qeyd edək ki, ümumən Trierveylerlə bağlı məsələ son vaxtlar Fransa gündəmini daha çox məşğul etməkdədir.