Movqe.Az xəbər verir ki, Disney şirkəti səsi, insan bədəninin keçirici xüsusiyyətini istifadə edərək ötürülə bilən bir qurğu hazırlayıb. Ishin-Den-Shin adı verilən texnologiyayla, səsi yazmaq üçün adi mikrofon istifadə edilir. Cihaz, qeyd olunan səsi, mikrofonu tutan şəxsin bədəni tərəfindən ötürülən, eşidilməyən bir siqnala çevirir. Mikrofonu tutan şəxs, başqa adamın qulağına toxunanda səs eşidilə bilən bir hala çevrilir. Səs siqnalı, hər cür fiziki toxunuşla insandan insana ötürülə bilir. Disney Araşdırma Vahidinin internet saytı, bu texnologiyanı belə izah edir: "Başqa adamın qulağına toxunanda, elektrostatik sahə çox kiçik vibrasiyaya səbəb olur. Bunun nəticəsində barmaq və qulaq nitq söyləyən şəxsi canlandırır və səs siqnalları barmaq toxunulan şəxs tərəfindən eşidilə bilir". Bu cihazdan istifadə edilərək hazırlanan səs qeydi, yalnız toxunulan şəxs tərəfindən eşidilə bilir. Səsi çatdırmaq üçün insan bədəninin istifadə edildiyi işlərdə son dövrdə nəzərəçarpan inkişaf olub. Daxili qulaq və kəllə sümüklərindən istifadə edərək səs ötürülməsi sistemi son olaraq Google tərəfindən hazırlanan eynəklər və bəzi xüsusi qulaqlıqlarda istifadə edilib. Salford Universitetindən Səs Mühəndisi Professor Trevor Coks "İnsan bədəni keçirici olduğu üçün siqnalları bu şəkildə çatdırmaq əlbəttə mümkündür. Ancaq bu texnologiyayla nə edə biləcəklərini hələ tam olaraq anlaya bilmirəm." deyib. Professor Coks, hər şeyə baxmayaraq, bu texnologiyanın, "haradan gəldiyi müəyyən olmayan bir sehri" olduğunu vurğulayıb.