Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş mini-futbol üzrə yarışmada iştirak edib. Yarışmanı giriş sözü ilə açan Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsinin sədri Cəmilə Səttarova və teatrın direktoru, Əməkdar Artist Mübariz Həmidov çıxış edərək ümummilli liderimiz Heydər Əliyevin elm, təhsil, mədəniyyət, teatr və idman sahəsinə göstərdiyi yüksək diqqət və qayğıdan söz açaraq, həvəskar futbolçuların yarışa ciddi hazırlaşdıqlarına inandıqlarını və yüksək oyun texnikası göstərəcəklərinə əminliklərini vurğulayaıblar. Üç gün davam edən yarışmada teatrımızla yanaşı, Akamedik Milli Dram, Opera və Balet Teatrları da iştirak edib. Maraqlı oyun nümayiş etdirən Gənc Tamaşaçılar Teatrının oyunçuları yarışmada ikinci yeri qazanaraq diplom və pul mükafatına layiq görülüblər.
Daim maraqlı repertuar siyasəti sərgiləyən, beynəlxalq festivallarda iştirak edən teatr daha bir səfərə hazırlaşır. Belə ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı yaxın günlərdə növbəti Beynəlxalq Teatr Festivalına qatılmaq üçün dəvət alıb. Kollektiv bu il may ayının 12-19 tarixlərində Türkiyə Cümhuriyyətinin Dənizli şəhərində keçiriləcək Beynəlxalq Teatr Festivalında iştirak etmək üçün Türkiyə Cümhuriyyətinə səfər edəcək. Sözügedən festivalda teatr tanınmış alman yazarı Patrik Züskindin psixoloji dram janrında hazırlanmış "Kontrabas" adlı monotamaşa ilə çıxış edəcəkdir. Tamaşada kontrabasçı rolunu Əməkdar Artist Şövqi Hüseynov ifa edir.
Məlumat üçün bildirək ki, həmin tamaşa bu ilin aprel ayında Kolombo II Beynəlxalq Teatr Festivalında nümayiş olunub və festivalın əsas mükafatına layiq görülübdür.