Əlaqə Arxiv
news Image
2013.05.23
14:13
| A A A
"MİRAS" diplomatik korpus nümayəndələri üçün mədəni irs turlarına başladı

"MİRAS" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi Orta əsr Ağsu şəhərində aparılan arxeoloji qazıntılar zamanı aşkar olunmuş nümunələri və qalıqları, onların fotolarını, surətlərini respublikada və respublikadan kənarda nümayiş etdirir, kitab və jurnallar nəşr edir, şəhər mədəniyyəti, Azərbaycanın mədəni irsi mövzusunda beynəlxalq və lokal əhəmiyyətli simpozium və konfranslar keçirir, qazıntı sahələrinə arxeoloji turlar, düşərgələr təşkil edir. Yerli və beynəlxalq elmi və ictimai müəssisələrlə birlikdə həyata keçirilən bu mədəni irs fəaiyyətləri geniş ictimaiyyət tərəfindən diqqət çəkir. Azərbaycanın bölgələrinin qorunub saxlanmış tarixi və mədəni dəyərlərini, abidələrinin zənginliklərini və mədəni irsimizi təqdim etmək məqsədilə, birlik 2013-cü ilin may ayından ölkəmizdə fəaliyyət göstərən diplomatik koprus nümayəndələrinin Ağsu şəhərinə, Ağsudakı arxeoloji turizm kompleksinə mədəni irs turu layihəsinə başlayıb. Tur çərçivəsində səfirlik nümayəndələri Qobustanda Diri Baba türbəsi, Şamaxıda Tarix Diyarşünaslıq Muzeyi, Ağsuda Orta əsr Ağsu şəhəri arxeoloji turizm kompleksi, o cümlədən Azərbaycan etnoqrafiyasının zənginlik meyarlarından olan mətbəximizlə tanış olurlar.


Mədəni irs turları ölkələrimiz arasında mədəniyyət sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi, xalqların bir-birinin tarixi, mədəniyyəti və incəsənəti ilə yerindəcə tanış olması, onların mədəniyyətlərarası dialoqun meyarlarından biri kimi dəyərləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.


İlk mədəni irs turuna Özbəkistan səfiri Şirzod Fayziyev və Tacikistan səfiri Zohir Saidov səfirlik nümayəndələri və ailə üzvləri ilə qoşulublar. Tur zamanı Azərbaycan tarixi, tarixi Şirvan bölgəsinin qədim abidələri, turizm imkanları səfirlərin diqqətinə çatdırılıb, habelə Azərbaycan mədəniyyəti, incəsənəti ətrafında fikir mübadilələri aparılıb, gələcəkdə hər iki ölkənin mədəni təşkilatları ilə MİRAS İctimai Birliyinin əməkdaşlığı istiqamətində razılaşmalar əldə olunub. 


Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov və Ağsu rayonu İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev səfirlərlə Ağsu seyrangahında görüşüb, son zamanlar rayonda görülən abadlıq və quruculuq işləri haqqında məlumat veriblər. Daha sonra səfirlər Az-Granata Meyvə Şirəsi zavodunda istehsal prosesi və məhsullarla tanış olublar. 


Ağsu arxeoloji ekspedisiyasının rəisi, professor Qafar Cəbiyev Orta əsr Ağsu şəhəri arxeoloji turizm kompleksi haqqında geniş məlumat verdikdən sonra səfirlər qazıntı sahəsindəki sənətkarlıq məhəlləsi, hamam kompleksi, Cümə məscidi, buzxana-anbara baxış keçiriblər. "MİRAS" İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli Ağsu Cümə məscidi ilə Özbəkistandakı İçan Qala məscidi arasında paralelliklərdən bəhs edib. İtaliyalı professor Luigi Scrinzi Orta əsr Ağsu şəhəri ilə müasir Ağsunun dialoqunu yaradacaq "Ağsu – Yaşıl Şəhər" layihəsi haqqında qısaca məlumat verib. Tur zamanına təsadüf etmiş I "MİRAS" Rəssamlıq Simpoziumu qonaqlarda xoş təəssürat oyadıb.

Səfirlər tur zamanı Şamaxı Tarix Diyarşünaslıq Muzeyi və Diri Baba türbəsi ilə də yaxından tanış olublar.


"MİRAS" İctimai Birliyi yay mövsümü boyunca müxtəlif ölkələrin diplomatik korpus nümayəndələrini mədəni irs turlarına dəvət edib.


Sizin Reklam Yeriniz