Əlaqə Arxiv
news Image
2013.07.29
15:51
| A A A
Gənclər klassik musiqidən getdikcə uzaqlaşmaqdadırlar
Aygün Səmədzadə: «Bugünkü gəncliyin klassik musiqiyə marağına 5 ballıq şkala üzrə təxminən 3 qiyməti verərərm»

Faiq Sücəddinov: "Bu gün gənclərimizdə klassik musiqiyə maraq tamamilə ölüb"


Bu gün gənc nəsil arasında klassik musiqiyə o qədər də böyük maraq olmadığı artıq birmənalı həqiqətdir. Xüsusən də klassik Azərbaycan musiqisinə gənclərin elə də böyük maraq göstərməməsi musiqişünaslar arasında narahatlıqla qarşılanır. 

Mövqe.az-a açıqlamasında məsələyə münasibət bildirnə bəstəkar Aygün Səmədzadə bildirir: "Klassik musiqi zamanın hüdudlarını aşan, aktuallığını qoruyub saxlayan, mükəmməl əsərlərə deyilir. Bu əsərləri nəinki ifa etmək, həmçinin dinləmək üçün də geniş dünyagörüşü, daxili musiqi tərbiyəsi, dinləmək mədəniyyəti lazımdır. Klassik musiqi kütləvi musiqi deyil ki, ona hər kəsin mənəvi tələbatı olsun. Hamının yüksək sənət nümunələri dinlədiyi bir mühitə yəqin "musiqi cənnəti" deyərdilər. Amma təəssüf ki, belə bir mühit yoxdur və yəqin ki, heç vaxt olmayacaq. Çünki zövqlər müxtəlifdir. Heç kəsə zorla anlamadığı və ya anlamaq istəmədiyini dinlətmək mümkün deyil. Dinləmək mədəniyyəti kiçik yaşlardan tənzimlənməlidir, fundamental olmalıdır. Çünki, insanın formalaşma prosesi hamar keçmir. Keçid mərhələrində onun zövq anlayışınında da sıçrayışlar olur. Bu dövrlərdə hər şüur özünü rahat bildiyi musiqinin içinə aparır. Kimi cazı seçir, kimi muğamı, kimi xalq, kimi estrada, kimi də simfonik əsərləri, opera, baleti... Sadaladıqlarım ən yaxşı halda baş verir.  Məhz bu sahələrin ən maraqlı əsərlərini sevərək, anlayaraq dinləyənlər yüksək zövqə malik insanlar sayıla bilər. Mən düşünmürəm ki, maraq azalıb. Bəlkə də əksinə, kllasikaya maraq  10-15 il əvvəlkindən daha böyükdür. Bir də ki, konsert salonlarını küçədən keçənlərlə də doldurmaq olar. Amma klassik musiqinin nisbətən az da olsa, öz fərqli publikası var və bu hər küçədən keçən deyil! Bu halı da mən normal qiymətləndirirəm. Sadəcə mən, bütün gənclərin maraq dairəsini bilmirəm, sorgu statistikasından xəbərim olmadıgından dəqiq deyə bilməsəm də, bugünkü gəncliyin klassik musiqiyə marağına 5 ballıq şkala üzrə təxminən 3 qiyməti verərərm.  (əlbəttə, təhsilli musiqiçi gəncləri çıxmaq şərtilə) Yüksək sənət əyilə bilməz, ona doğru getməlisən. Cəmiyyətdə, mədəni mühitdə haqq və ədalət yolu ilə özünə status qazanmaq istəyən gənclər bunu anlaya bilsə, musiqi zövqünü formalaşdıra bilər. Təkcə musiqi məktəblərində deyil, orta məktəblərdə də elementar musiqi savadı bir fənn kimi keçirilməlidir. Musiqi fənninin statusu qalxmalıdır. Nə qədər ki, musiqi, məktəblərdə 3-cü dərəcəli fənn kimi tədris olunur, efirlərdə səssiz, sözsüz, müğənni tipli məxluqlar yarışır, yaxşını pisdən ayırmaga savadı çatmayan aparıcılar sənət haqqda mühazirələr aparır, bu, bir az çətin olacaq".

Bəstəkar Faiq Sücəddinov isə məsəəlyə belə münasibət bildirir: "Mən deyərdim ki, bu gün gənclərimizdə klassik musiqiyə maraq tamamilə ölüb. Burada azalıb demək doğru deyil. Bu gün oxumaq və qulaq asmaq mədəniyyəti yoxdur. Bu gün gənclərə sual verirlər ki, "Koroğlu" kimin operasıdır və 3 müəllif adı qeyd edirlər. Gənc buna doğru cavab vermir. Üzeyir Hacıbəylini tanımırlar. Bu dəhşətdir. Düzdür, bu, bütün gənclərə şamil olunmur. Ancaq klassik musiqini sevməmək elə savadsızlıq deməkdir. Savadsızlıq da bayağı mahnılara gətirir. Bu gün avtomobillərdə elə mahnılara yüksək səslə qulaq asan cavanları görəndə adamın əti ürpəşir. Onun biliyi nə səviyyədədirsə, qulaq asdığı mahnı, musiqi də o  səviyyədədir". 

Bəstəkar bu problemin bu dərəcəyə çatmasında televiziyanı günahlandırdı: "Baxın, televiziya kanalları axşamlar nələri, hansı musiqiləri verir?! Təbii ki, hər şey televiziyadan başlamalıdır. Televiziya klassik musiqilərimizi təbliğ etməlidir. Elə bir söz bilirlər: "reytinq, reytinq" vəssalam… İntellektual səviyyənin artmasına, zövqün formalaşmasına televiziya şərait yaratmalı, köməkçi olmalıdır. Ancaq bu gün gənclər heç bizim kllasiklərimiz tanımırlar. Əgər tanımırlarsa, necə sevə və dinləyə bilərlər?! Necə ruhlarını qidalandıra bilərlər?!".



Sizin Reklam Yeriniz