Əlaqə Arxiv
news Image
2013.09.10
17:04
| A A A
Klassik musiqidən uzaq düşən müğənnilər
Aygün Bayramova: «Bəzi ifaçılar var ki, şou-biznesi, bazarı düşündüyü üçün klassik musiqidənsə, digər mahnılara üstünlük verirlər»

İlqar Muradov: "Klassik musiqiyə müraciət etməyənlər şou-biznes nümayəndələridir"


Klassik musiqilərə bu gün bir çox müğənnilərin repertuarlarında getdikcə daha az yer verməsi danılmaz həqiqətdir. Xüsusən də adları şou-biznesdə daha çox hallanan müğənnilər bu qəbildən olan mahnılara ya nadir hallarda müraciət edirlər, ya da ümumiyyətlə belə mahnıları oxumurlar. Bunun səbəbləri barədə Mövqe.az saytına danışan xalq artisti, tanınmış müğənni Aygün Bayramova qeyd edir: "İfaçı öz yaradıcıllığında dəyərli musiqiyə daha çox yer ayırmalıdır. Hamını nəzərdə tutmuram. Ancaq bəzi ifaçılar var ki, şou-biznesi, bazarı düşündüyü üçün klassik musiqidənsə, digər mahnılara üstünlük verirlər. Amma adam da var mənim kimi, repertuarında dəyişiklik etməyi sevir, araşdırma aparır. Məsələn, mən 30 il bundan öncə ifa olunan mahnını tapıb aşkara çıxarıram və özünəməxsus şəkildə ifa edirəm. Ətrafdakılar çox təəccüblə soruşur ki, belə də mahnı var imiş?! Sadəcə zəhmət çəkib, araşdırma aparıb, o mahnıları tapıb, özünəməxsus şəkildə ifa etməlisən.

Klassik musiqiyə qulaq asmaq və öz yaradıcılığında o cür mahnılara yer vermək kübarlıq və böyük mədəniyyətdir. Amma onu da deyim ki, hər müğənni klassik mahnı ifa edə bilməz. Əgər hər hansısa müğənni klassik mahnı ifa edirsə, ən azından onu əla da olmasa, yaxşı ifa etməyi bacarmalıdır.

Hər müğənni klassik musiqiyə müraciət etsə də, onun öhdəsindən gələ bilmir. Əgər hər hansı mahnı ifaçının səsində, ifasında yaxşı səslənməyəcəksə, sevilməyəcəksə, müğənni gərək özü bunu başa düşüb, o mahnını ifa etməsin. Gənc və ya orta nəsildən olan müğənnilərimiz var ki, səsinə uyğun olmayan mahnıları ifa edirlər. Mən özüm 9 yaşından səhnədəyəm. Amma elə mahnı var ki, şəxsən mən ona müraciət etmirəm. Çünki o mahnıda özümü görmürəm. Əsas odur ki, mahnı ifaçının səsinə uyğun olsun, düzgün ifa olunsun və sevilsin".

Müğənni İlqar Muradovun isə məsələyə münasibəti belə oldu: " Klassik musiqiyə müraciət etməyənlər şou-biznes nümayəndələridir. Onlar pul qazanmaq üçün mahnı yazdırırlar. Ancaq Azərbaycanda klassik musiqiyə müraciət edib, o musiqi ənənəsini davam edənlər də var. Üzdə olan müğənnilərin klassik musiqisyə müraciət edib-etməməsi, mən düşünmürəm ki, Azərbaycan musiqisinə hansısa dərəcədəsə təsir edir. Çünki sırf Azərbaycan musiqisi ilə məşğul olan və maarifləndirmə bizim İncəsənət Universitetində Və Konservatoriyada həyata keçirilir. Mən düşünürəm ki, hər janrın öz müğənnisi var. Hər kəsin öz oxuyacağı mahnı var".


Sizin Reklam Yeriniz