Əməkdar artist Manana daha bir layihəyə imza atıb. Movqe.Az-ın məlumatına görə, "Eurovision" müsabiqəsi ərəfəsində Bakı sakinlərinə öz mahnı sovqatını təqdim edən Manana, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Atçılıq Federasiyasının dəstəyi ilə, o cümlədən, Əlil və Kimsəsiz Uşaqlar Fonduna yardım məqsədi ilə xeyriyyə konserti keçirdi.
Manana açıq havada 10.000 tamaşaçı qarşısında canlı ifasıyla hər kəsi heyran edib. Özünün ingilisdilli albomundan, dünya xitləri və repertuarından yer alan sevilən mahnıları səsləndirib. O, səhnəni bir anın içində ələ almağa müvəffəq olub.
Əsl "Meqa ulduz" təəssüratı konsertin ilk dəqiqələrindən bəlli olub. Mükəmməl işıq effektləri və texnikanın müxtəlifliyi bu xeyriyyə konsertini daha da rəngarəng edib.
Konsertin birinci hissəsi bitdikdən sonra "Natiq ritm" qrupunun çıxışı böyük alqışlarla qarşılanıb. Manananın çıxışı "Nero" rəqs qrupunun müşaiyəti ilə keçib. Konsertin sonunda Manana sonuncu "Bəxt üzüyüm" adlı albomunu tamaşaçılara hədiyyə edib. Albomu əldə etmək istəyən 10.000 tamaşaçı səhnəyə daha da yaxınlaşmağa cəhd göstəriblər. Konsertin əvvəlində lirik mahnılarla başlayan müğənni bir müddətdən sonra daha ritmik musiqilərini səsləndirib.
Gecədə həmçinin Əlixan Səmədovun, Kamalın, Eldar Mansurovun da mahnıları ifa olunub.
Qeyd edək ki, xeyriyyə konsertinin rejissoru Rəna Qulamova, aparıcısı isə "106 FM" radiosunun dj-i Yusif Ağayev idi.
Fuad Mədətov
Movqe.Az