Nicat Kazımov: "Uşaq filmi çəkmək, adi filmdən daha çox vəsait tələb edir"
Vaxtilə uşaq filmlərinin çəkilməsinə xüsusi diqqət göstərilirdi. Elə bunun nəticəsidir ki, "Sehrli xalat", "Qərib cinlər diyarında", "Bir qalanın sirri", "Şir evdən getdi", "Asif, Vasif, Ağasif", "Şərikli çörək", "Pəncərə" kimi indi də sevilərək izlənən filmlər ərsəyə gəlib.
Amma təəssüflər olsun ki, tərbiyəvi məzmunlu bu cür macəra və nağıl filmlərimiz belə demək olarsa, keçmişdə qalıb. İndi belə filmlər çəkilmir. Düzdür, hər zamanın öz tələbi var. Bugünkü tələb daha çoxyüksək animasiyalı filmlərədir. Ən son dəb isə 3D, 4D formatlı filmlərdir ki, hazırki vəziyyətdə Azərbaycan kinostudiyalarında bu qəbildən olan belə filmlərin hazırlanmasından söhbət belə getmir. Eyni zamanda milli bədii uşaq filmlərinə də ehtiyac olsa belə, ortada arzuolunan vəziyyət nəzərə çarpmır.
Mədəniyyət və Turizm Nazirliyinin
kinomotoqrafiya şöbəsinin müdiri Yusif
Şeyxov Movqe.az-a mövzu ilə əlaqədar açıqlama verib: "Uşaq
filminin çəkilməsi xüsusi istedad tələb edir və hər adamın işi
deyil. Nə vaxtsa bizdə Əlisəttar Atakişiyev kimi rejissor var idi
ki, 3 nağıl çəkib. Və yaxud da Rasim İsmayılov kimi istedadlı
rejissor var idi ki, "Asif, Vasif, Ağasif " kimi filmi çəkib.
Müstəqillik illərində də müəyyən filmlər çəkilmişdi. Hal-hazırda da
Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasında uşaqlar üçün
"Dəyərli adlar" adlı yeni bədii film üzərində iş gedir.
Rejissorları da Rafiq Əliyev və Cavid Təvəkküldür. O film bu il
çəkilib hazır olacaq. 12-13 yaşlı məktəblilərin həyatından bəhs
edir.
Onu qeyd etmək istərdim ki, cizgi kinomuz bu gün ciddi inkişaf mərhələsini yaşayır. Hazırda 4-5 cizgi filmi çəkilməkdədir. Bizdə heç vaxt bu qədər cizgi kinosu çəkilməyib. Lakin o sahə də problemsiz ötüşmür. İlk növbədə kadr çatışmazlığı problemi var. İstək çoxdur, lakin onu realizə etmək üçün adam çatışmır. Bu mənada "Azanfilm" animasiya studiyasının müəyyən planları var. Belə ki, animatorların hazırlanması üçün xaricdən mütəxəssislər cəlb etməklə kurslar təşkil olunması nəzərdə tutulur.
Uşaq filmlərinin hazırlanmasında problem bir tərəfdən də ssenarilərlə bağlıdır. Biz bu mövzunun ssenaristlər tərəfindən işlənməsini arzu edərdik. Gərək ssenarilər yazıla ki, onlar lazımi səviyyədə ekranlaşdırmaq mümkün olsun".
"Azanfilm" kinostudiosunun direktoru
Fariz Əhmədov ölkədə cizgi filmlərini çəkilməsi ilə bağlı müşahidə
olunan canlanmadan danışıb: "Cizgi filmlərinin çəkilməsində böyük
sıçrayış və artım var. Əgər indiyə qədər ildə 2-3 cizgi filmi
çəkilirdisə, indi artıq Mədəniyət və Turizm Nazirliyinin sifarişi
ilə 5 cizgi filmi istehsalata buraxılıb. Və açığı 5-6 filmdən artıq
çəkməyə kadr çatışmır. Azərbaycanda bu sahədə heç bir təhsil
müəssisəsi animator yetişdirmir. Nə klassik animasiyanın
yaradılması üçün, nə də 3 D fomatının yaradılması üçün kadr var. Bu
gün Azərbaycanda 5-6 cizgi filmindən artıq çəkə biləcək komandalar
yoxdur. Onların da tərkibi Sovet hakimiyyəti illərində təhsil
almış, 50-dən çox yaşı olan insanlardan ibarət olur. Yəni,
bugünkü gün üçün "Azanfilm" kinostudiosunun 5-dən artıq film çəkə
bilməməsi maliyyə ilə bağlı yox, kadr çatışmazlığı ilə
bağlıdır".
Gənc Tamaşaçılar Teatrının rejissoru,
əməkdar artist Nicat Kazımov da məsələyə münasibət bildirib:
"Sadəcə, müasir Azərbaycan filmi yeni mərhələsindədir. Ümumiyyətlə,
müstəqillik qurulandan hər şey yenidən başladı. Eləcə də kino
sənəti. Ona görə də inkişafın hələ arzuolunan səviyyədə olmaması
normaldır. İnşallah, yaxın gələcəkdə bizim kinostudiyalarımızda da
uşaq filmlərinin çəkilməsinin şahidi olarıq. Mən düşünmürəm ki, bu
sahədə bizim ciddi problemlərimiz var. Yalnız maliyyə ilə bağlı
hansısa çatışmazlıqlar ola bilər. Çünki uşaq filmi çəkmək adi
filmdən daha çox vəsait tələb edir. Onların geyimləri, dekorasiya
məsələləri və s. hamısı pul tələb edir. Amma bu gün kifayət qədər
aktyor var ki, uşaq filmlərinin çəkilməsində iştirak etsin. Aktyor
üçün heç bir fərqi yoxdur ki, uşaq filmində çəkilsin, yoxsa
böyük".
Rejissor kinolarda fərqli olaraq uşaqlar üçün təşkil olunan teatr tamaşalarını kifayət qədər olduğunu deyir: "Uşaqlar üçün təşkil olunan teatr tamaşaları bu gün kifayət qədərdir. İstər Gənc Tamaşaçılar Teatrında olsun, istər Kukla Teatrında və s. kifayət qədər tamaşalar göstərilir".