Aprelin 6-da Bakı Slavyan Universitetində müasir alman folklorşünas alimi və folklor nümanələrinin mahir ifaçısı Eberhadr Fon Kummerin "Nibelunqlar nəğməsi"nin motivləri əsasında hazırladığı xüsusi konsert keçirildi. Konserti giriş sözü ilə açan BSU-nun rektoru, professor Kamal Abdulla konsertin Bakı Slavyan Universiteti ilə Almaniyanın Yohannes Qutenberq Universiteti –Mayns və "Osvald fon Volkenştayn" Cəmiyyəti arasında 2008-ci ildə imzalanmış müqaviləyə əsasən "Kitabi –Dədə Qorqud" və "Nibelunqlar haqqında nəğmə": Ortaq qəhrəmanlıq dastanlarında Şərq və Qərb" adlı layihə çərçivəsində həyata keçirildiyini bildirdi. O, layihənin 10 il müddətində həyata keçirilməsi və bu məqsədlə iki ildə bir dəfə Azərbaycanda və Almaniyada eposların ən müxtəlif aspektlərini əhatə edən beş simpoziumun təşkili nəzərdə tutulduğunu qeyd etdi: "Bu simpoziumlar sözügedən dastanların ədəbi xüsusiyyətləri, üslubiyyəti, nəşri və tərcüməsi, kulturoloji aspektləri, eləcə də, onların dərki və xalqımızın dünyagörüşü və həyatında oynadıqları rolla bağlı müxtəlif məsələləri əhatə edir. Artıq layihə çərçivəsində 2009-cu ildə universitetdə "Kitabi –Dədə Qorqud " və "Nibelunqlar haqqında nəğmə" eposlarının linqvistik təhlili" adlı ilk simpozium keçirilib. 2001- ci ildə Mayns şəhərində keçirilən ikinci simpoziumda isə hər iki möhtəşəm eposun ədəbiyyatşünaslıq aspektləri araşdırılıb".
Hazırda "Nibelunqlar nəğməsi" dünya ədəbiyyatının ən böyük qəhrəmanlıq dastanlarından biridir. Araşdırmalara görə, Nibelunqlar nəğməsinin yaranma tarixi və müəllifi sirr olaraq qalır və dastan 800 ilə yaxındır ki, öz valehedici gücünü bütövlüklə qoruyub saxlaya bilir. Bu baxımdan da ifadə tərzində Eberhadr Fon Kummerin məktəbi böyük rol oynadı. Vyanalı ifaçı on illərlə musiqiçilərlər, dilçilərlər və həmçinin qeyri-Avropa ölkələrinin mədəniyyət adamları, sənət əsərləri ifaçıları ilə əməkdaşlıq edərək öz ifaçılıq sənəti üzərində işləyib.
Eberhadr Fon Kummer bizimlə söhbətində Azərbaycan ikinci gəlişindən çox məmnun olduğunu dilə gətirdi. "Mən burda "Nibelunqlar nəğməsi"ndə bir parça ifa edəcəm. Almaniyada orta əsrlər tarixinə, ədəbiyyatına aid mahnılar ifa edən tək mən deyiləm, eləcə də eşitdiyimə görə Azərbaycanda belə mahnılar ifa edənlər kifayət qədərdir. Belə konsertlər, tədbirlər iki dövlətlərarası mədəniyyətlərin qovuşmasına çox böyük şərait yaradır. Bu baxımdan iki dövlətin də buna marağı olmağı çox sevindirici haldır. Ümid edirəm ki, bu nəğmə azərbaycanlıların xoşuna gələcək".
"Nibelunqlar nəğməsi"nin konkret yaranma tarixi bəlli olmasa da yaşının qədim olması iddia edilir. Əsərə aid olan üç əlyazmanın heç birində müəllif göstərilməyib. Biz sözlə əsərin kimə məxsus olduğu bilinmir. Dastan müəllifi heç bir nümunəsiz, peşəkarlıqla 10 min nəzmdən ibarət dastan yaradıb və həmin həmin nəzmlər də 4 sətirdən ibarət şeir formasında hissələrə ayrılıb.
Qeyd edək ki, layihənin həyata keçirildiyi müddətdə Almaniyanın Vürsburq Universitetinin , eləcə də BSU-nun professoru, "Osvald fon Volkenştayn" Cəmiyyətinin prezidenti Dr.Ziqlinde Hartman mütəmadi olaraq BSU-nun Filologiya fakültəsinin germanşünas tələbələrinə müharizə oxuyur, ustad dərsləri keçir, alman dili və ədəbiyyatını tədris edən müəllimlərlə görüşür. Bu ilin martın 28-dən Hartman universitetitetdə orta əsrlər alman ədəbiyyatından silsilə mühazirələr aparır və bu mühazirələr aprel ayının 13-dək davam edəcək.
Tural QABİLOĞLU