Əlaqə Arxiv
news Image
2021.02.09
12:06
| A A A
“44 gündə Prezident İlham Əliyev həm də əvəzolunmaz bir jurnalist oldu” – Cahangir Məmmədli ilə “Söhbət var”
“Məqsədləri məmuru qorxutmaq, pul qoparmaqdır” - Cahangir Məmmədli ilə “Söhbət var”

 

 

 

Movqe.az-ın poçtuna Bakı Dövlət Universitetinin Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri, professor Cahangir Məmmədlinin aztv.az-ın “Söhbət var” rubrikasına müsahibəsi daxil olub.

- Cahangir müəllim, uzun illərdir, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində çalışırsınız. Fakültədə tədris imkanları hansı səviyyədədir?

- Bakı Dövlət Universiteti müxtəlif istiqamətlər üzrə kadr hazırlayır. 1928-ci ildən bünövrəsi qoyulan, sonralar Filologiya fakültəsində şöbə kimi, 1969-cu ildən ayrıca fakültə kimi fəaliyyət göstərən Jurnalistika fakültəsi indiyədək minlərlə jurnalist hazırlayıb. Bu gün də bizim fakültə öz tarixi missiyasını davam etdirir. Jurnalistika fakültəsinə tələbə qəbulu həm də yaradıcılıq müsabiqəsi əsasında aparılır. Hər il yüz nəfərdən çox tələbə qəbul edilir. Bu fakültənin bünövrəsini Azərbaycan ictimai düşüncəsində ustad müəllim və ustad jurnalist kimi yaşayan Nəsir İmanquliyev və Şirməmməd Hüseynov qoyublar. Onların bu fakültədə yaratdığı təmiz dünya, tələbəyə müəllim sevgisi, obyektiv qiymət meyarı, jurnalist tələbələrə vətəndaşlıq keyfiyyəti aşılamaq, onları peşəkar media işçiləri kimi formalaşdırmaq ənənəsi indi də davam edir.

Jurnalistikada informasiya texnologiyası sürətlə dəyişir. Texnologiya nə qədər dəyişsə də, bizim fakültə üçün medianın yaradıcılıq prinsipləri və beynəlxalq standartlar dəyişməz olaraq qalır. Məzunlarımız peşəkarlığı vətəndaşlıq prinsipləri ilə birləşdirib

fəaliyyət göstərirlər.Vətəndaşlıq, azərbaycançılıq, klassikanı öyrənmək və ənənələri yaşatmaq prinsipi fakültəmizin təhsil sisteminin dəyişməz qanunlarındandır.

- Ömrünüzün çox hissəsini Jurnalistika fakültəsinə həsr etmisiniz. Belə bir fikir var: “Jurnalistika fakültəsinə daxil olmaq asandır, amma jurnalist olmaq çətin”. Təcrübəniz sizi bu fikirlə razılaşmağa sövq edir, yoxsa əksinə?

- Məncə, bu fakültəyə daxil olmağın özü də asan deyil. Bunun üçün ilk növbədə tanrı vergisi olmalıdır. Sınaqlardan keçməlisən. İnformasiya texnologiyasının indiki inkişaf çağında çoxuna elə gəlir ki, jurnalist olmaq asandır. Sağlığında yüzlərlə jurnalistə müsahibələr verən Ulu Öndər Heydər Əliyev bu sahəni çox çətin peşə kimi qiymətləndirirdi. Bu peşənin məsuliyyətini dərk etmədən “qələmə sarılanlar”ın ictimai rəydə heç bir qiyməti yoxdur. Jurnalist hər şeydən əvvəl ictimai və milli maraqlara xidmət etməlidir. Bunun üçün gərək jurnalistin öz üslubu, zəngin leksikası, aydın sintaksisi, geniş dünyagörüşü və mütləq yaradıcı təfəkkürü olsun. Bunların hansısa birindən məhrum olan, yaxud bu prinplərə etinasız “jurnalistlər” ictimai qınaqla qarşılaşırlar. İctimai marağa deyil, öz şəxsi maraqlarına uyan jurnalist, yəqin ki, heç bu mövzunun obyekti də deyil.

- Son illər Jurnalistika ixtisasına qəbulda qabiliyyət imtahanı da tətbiq olunur. Nəticələr necədir? Sizcə, qabiliyyət imtahanı işə yaradımı?

- Jurnalistikaya qəbul imtahanında yaradıcılıqla bağlı müsabiqə sovet dövründən qalan ənənədir. Amma indiki format elədir ki, abituriynet həm ümumi imtahanda, həm də müsabiqədə bal yığır. Bir çox halda ümumi imtahanda az bal toplayan abituriyent müsabiqə balına arxalanıb bu ixtisasa gəlir. Bu halda Jurnalistikaya zəif tələbələr də düşür.

Qeyd edim ki, təxminən bir neçə il əvvəl qəbul müsabiqəsində Jurnalistika fakültəsi Hüquq fakültəsi ilə yarışırdı. İndi vəziyyət dəyişib. Şəxsən mən savadı ikinci plana salan müsabiqəni faydalı hesab etmirəm.

- Bu günün tələbəsi sabah ölkəmizin haqq səsini dünyaya yaya biləcək səviyyədə peşəkar kadr kimi yetişə bilirmi?

- Yuxarıda qeyd etdim ki, Jurnalistika fakültəsinin əsas məqsədi tələbələrini ilk növbədə azərbaycançılıq, dövlətçilik və vətəndaşlıq ruhunda tərbiyə etməkdir. Amma bütün bunları yalnız peşəkarlıq prinsipi ilə gerçəkləşdirmək olar. 44 günlük Vətən müharibəsi jurnalistlərimizin peşəkarlıq və vətəndaşlıq xarakterini cəmiyyətə nümayiş etdirdi. Teleməkanımızda, mətbuatda, xəbər saytlarında fəaliyyət göstərən onlarla jurnalistimiz qeyrətli əsgərlərimizlə bir səngərdə oldu. Onlar Azərbaycanın haqq səsini dünyaya çatdırdılar. Ali Baş Komandanın xarici jurnalistlərə verdiyi müsahibələri geniş təhlillərə cəlb etdilər. Xaricdə çalışan jurnalistlərimiz də çox iş gördülər.

Fakültəmizin tələbələri həm də Aqil Abbas, Mir Şahin Ağayev, Rövşən Məmmədov, Rəşad Məcid, Akif Aşırlı kimi media kapitanlarından-məzunlarımızdan da peşəkarlığın, milli maraqlara xidmətin yaradıcılıq prinsiplərini öyrənirlər. Mir Şahinlər dünən də olub, bu gün də var, sabah da olacaqlar: əvvəlcə tələbə, sonra haqq səsimizi dünyaya çatdıran peşəkar jurnalist!

- Məzunlarınızla əlaqə saxlayırsınızmı? Ümumiyyətlə, onların fəaliyyətini necə qiymətləndirirsiniz?

- Jurnalistika yeganə fakültədir ki, onun məzunları həmişə göz qabağındadırlar. Məzunlarımızla fəxr edirik. Onlar həmişə Şirməmməd Hüseynovun, Nəsir İmanquliyevin bu fakültədə irs qoyub getdikləri təmizlik, ləyaqət məktəbinə sadiqdirlər. Əlaqələrimiz çox geniş və faydalıdır. Məsələn, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “Şərq”in baş redaktoru Akif Aşırlı, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Rövşən Məmmədov, AzTV-nin Teleradio Akademiyasının rektoru Faiq Hüsiyev fakültəmizdə həm də dərs keçirlər. Onlarca məzunumuz var ki, daim tələbələrimizə dəstək olurlar, onları işlə təmin edirlər. Ötən il “Real” TV-yə təcrübəyə göndərilən 5 tələbəmiz dərhal ştata qəbul edilib. Azərbaycan Televiziyasında onlarla məzunumuz var, başda sədr olmaqla hamısı bizimlə əlaqə saxlayırlar. Bu əlaqələr tələbələrimizin praktik hazırlığına birbaşa köməkdir.

- Vətən müharibəsində KİV Azərbaycanın haqlı mövqeyini dünya ictimaiyyətinə çatdıra bildimi? Nə çatışmırdı?

- Vətən müharibəsi bizim tapdanılmış milli heysiyyatımızı, az qala puç olan ümidlərimizi özümüzə qaytardı. “Faşist”, “vandal”, “alçaq” kimi sözlərlə də ifadə edilməsi mümkün olmayan bir düşməni məhv etdik. Ali Baş Komandanımız İlham Əliyev, şanlı ordumuz və birləşmiş xalqımız bu qələbəni təmin etdi. Jurnalistlərimiz də çox güclü birlik göstərdilər. Həmin o 44 gündə Prezident İlham Əliyev həm də əvəzolunmaz bir jurnalist oldu. Onun xarici jurnalistlərə verdiyi müsahibələrdəki yüksək diplomatiyaya, heç bir liderdə indiyədək görünməmiş savad və biliyinə, sərt, qərəzli jurnalist suallarına verdiyi cavablara dünya heyran qaldı. Prezidentin qərəzli jurnalistlərə verdiyi dərs jurnalistin peşə etikası tarixinə yazıldı və dərsliyə çevrildi. Məhz bu təcrübə jurnalistlərimizi çox ruhlandırdı.

Mən AzTV-nin xaricdəki müxbirlərinin işindən də çox razı qaldım. Bütün jurnalistlərimiz birləşərək haqq səsimizi dünyaya çatdırdılar. Bununla da dünyanın qərəzsiz ölkələri bizi başa düşdü.

Amma bu məsələdə fasilə vermək olmaz. Çox istərdim ki, bizim haqq səsimizin dünya mediasındakı səviyyəsi daha da ucalsın. Bunun üçün xarici dilləri bilən jurnalistlərə çox ehtiyac var. Bizim fakültədə son vaxtlar rus sektoru ilə bərabər, ingilis, fransız, alman dilləri ilə bağlı xüsusi bölmələr fəaliyyət göstərir. Bu dillərlə bağlı buraxılışlar həyata qədəm qoymaqdadır.

- Hərbi jurnalistika ilə bağlı fikirləriniz maraqlıdır. Azərbaycanda bu sahə hansı səviyyədədir?

- Müharibə təcrübəsi göstərdi ki, bu gün bizə hərbi jurnalistika hava və su kimi lazımdır. Bununla bağlı fakültəmizdə bəzi fənlər var. Amma bu çox azdır və məncə, indi hərbi jurnalistika ixtisası üçün Müdafiə Nazirliyi, yeni yaranan Medianın İnkişafı Agentliyi və digər müvafiq təşkilatlarla iş birliyi, tədris birliyi qurulmalıdır. Bu barədə fakültəmizin dekanı Vüqar Zifəroğlunun rəhbərliyi ilə xüsusi plan hazırlanır.

- İndi internet saytları həddən artıq çoxdur. Ekspertlər bunun müsbət tərəfləri kimi mənfi cəhətlərinin olduğunu deyir. Bildirirlər ki, qeyri-peşəkarların əlində olan saytlar jurnalistikanın inkişafına mane olur. Bu kimi hallara münasibətiniz necədir?

- İnformasiya texnologiyasının inkişafı dünyanı belə bir vəziyyətə gətirdi. İnternet söz azadlığının ideal məkanıdır. Lakin bu “ideallıq” bir çox narahatlıq da yaratdı. Gördüyünüz kimi, ayrı-ayrı bloqerlər, saytlar və s. həm də saxta xəbərlər yaymaq, qadağan olunmuş çağırışlar etmək və başqa cinayət xarakterli işlərlə də məşğul olurlar.

Lakin yaxşı nümunələr də az deyil. Məsələn, Azərbaycan elektron - internet məkanında çox dəqiq işləyən, dövlətçiliyimizi qoruyan, təhlili xəbərlər yayan saytlarımız da az deyil. Amma indi heç orta məktəb bitirməyən biri də bir sayt yaradır. Məqsədi məmuru qorxutmaq, pul qoparmaqdır. Belələrinə qarşı ciddi qanun fəaliyyət göstərməlidir. Həm də ciddi ictimai qınaq olmalıdır. Bir sözlə, dəqiq, qərəzsiz, balanslı, vicdanlı, ədalətli xəbər prinsipinə hamı hər yerdə əməl etməlidir.

- Son illərə nəzər salaraq televiziya kanallarımızın işi ilə bağlı fikirlərinizi bildirməyinizi istərdik.

- Bəzən yeri gəldi-gəlmədi televiziyalarımıza irad tutanlar çox olur. Lakin etiraf edək ki, Azərbaycan ədəbi-bədii tənqid mühitində televiziya tənqidi yox dərəcəsindədir. Bu sahədə geniş təhlillər aparan mütəxəssislər ortaya çıxmalıdır.

Bütün bunlarla belə, Azərbaycanda televiziya həm sayca, həm də sambalca xeyli inkişaf edib.

Bizim ana televiziyamız olan AzTV həmişə öz yaradıcılığında milli maraqları əsas tutub. Bu keyfiyyət indi daha da inkişaf edib. AzTV bir çox yeni proqram formatları ilə geniş tamaşaçı kütləsinin rəğbətini qazanır. Digər kanallardan fərqli olaraq AzTV ixtisasca jurnalist olan peşəkarlara xüsusi diqqətlə yanaşır.

“Real” TV teleməkanda “CNN”, “Euronews” kimi telekanallarla rəqabətə girə bilər. “ARB-24” hadisələrə təhlili münasibətilə seçilir. “İctimai” TV-də yaranan yeni proqram formatları təqdirəlayiqdir.

Məlumdur ki, hər bir media qurumunun, o cümlədən telekanalların öz tipologiyası var. Telekanalların fəaliyyətini qiymətləndirərkən onların tipoloji xarakteri mütləq nəzərə alınmalıdır.

- Televiziyalarımızın inkişaf perspektivlərini nədə görürünüz?

- İnternet dünyasının ənənəvi media təsiri daim hiss olunmaqdadır. İnsan hər şeydən əvvəl mediada operativlik axtarır. Bu da ən çox internetdə mümkündür. Əlbəttə, elit qüvvələr ənənəvi medianın - səhvdən uzaq, peşəkar medianın xəbərinə daha çox güvənir. Amma çoxluq internetdədir. İnternet çap mediasını da, televiziyaları də üstələməkdədir. Ona görə də ənənəvi media, xüsusilə telekanallarımız peşəkarlığa yeni keyfiyyətlər gətirməlidir. Bu mənada “Real” TV-ni nümunə göstərmək olar. Bütövlükdə televiziya dünyasının gələcəyini görmək çox çətindir. Bədbin fikirlərimi dilə gətirmək istəmirəm.

- Medianın İnkişafı Agentliyi yaradılıb. Media islahatlarından nə gözləyirsiniz?

- Azərbaycan mediasının taleyi Prezidentimizi də çox düşündürür. Onun son islahatları sırasında Medianın İnkişafı Agentliyi mühüm yer tutur. Bu Agentlik nələr vəd edir? KİV-lə bağlı qanunlara yenidən baxılacaq; beynəlxalq media dünyasına nümunə olacaq yeni KİV haqqında qanun yaradılacaq: söz azadlığının tam formalaşdırılacağı xüsusi media təlimləri vasitəsilə peşəkarlıq artırılacaq; jurnalist-məmur münasibətləri xüsusi diqqətdə olacaq; KİVDF formatından fərqli olaraq bütün media sisteminə dövlət qayğısı göstəriləcək; medianın inkişafı qurumların xeyrinə olacaq biznes fəaliyyətindən də asılı olacaq və s.

Bu qurumun fəaliyyətinə inamla baxıram.

Ramin QURBAN

Sizin Reklam Yeriniz