SOCAR 2022-ci ildə səmt qazı emissiyalarını sıfra endirməyi hədəfləyir. Belə ki, şirkət artıq səmt qazı atqılarını 2 faizə endirib, 2022-ci ildə isə bu növ emissiyaları sıfra endirməyi qarşısına məqsəd qoyub. Bu işlərin reallaşdırılması SOCAR-ın nəhəng neft-qaz şirkətləri arasında mövqeyini yaxşılaşdıracaq. Bu sözləri SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə şirkətdə səmt qazı emissiyaları üzrə əldə olunan nailiyyətlərlə bağlı AZƏRTAC-ın suallarını cavablandırarkən deyib.
-Rəfiqə xanım, SOCAR atmosferə atılmalar üzrə ekoloji dayanıqlılığın qorunması istiqamətində hansı nailiyyətlər əldə edib?
- SOCAR Xəzər regionuna və ümumiyyətlə, beynəlxalq ekoloji dayanıqlılığa təhlükə yaradan iqlim dəyişikliyi ilə mübarizə aparmaq və xüsusilə, metan qazının atmosferə atılmasının qarşısını almaq üçün proaktiv addımları atır.
Qeyd etmək yerinə düşər ki, şirkətdə səmt qazı emissiyaları üzrə əldə olunan nailiyyətlərin müzakirəsi məqsədilə aprelin 6-da Vaşinqtonda Dünya Bankının Səmt Qazının Yandırılmasının Azaldılması üzrə Qlobal Tərəfdaşlıq (GGFR) təşkilatı ilə SOCAR-ın nümayəndələri arasında onlayn formatda texniki komissiyanın görüşü keçirilib. Görüş zamanı SOCAR-da səmt qazı atılmalarının azaldılması üzrə görülən işlərdən, əldə olunan nailiyyətlərdən danışılıb. SOCAR-ın atmosferə qaz emissiyaları intensivliyinin azaldılması istiqamətində ən qabaqcıl ekoloji tədbirləri və həll yollarını davamlı olaraq tətbiq edildiyi barədə qeyd olunub.
Qarşı tərəfə məlumat verilib ki, SOCAR artıq səmt qazı atılmalarını 2 faizə endirib və 2022-ci ildə bu növ emissiyaları sıfra endirməyi qarşısına məqsəd qoyub. Bu işlərin reallaşması nəticəsində dünyanın nəhəng neft-qaz şirkətləri arasında SOCAR-ı ön sıraya çıxaracaq.
Atmosferə səmt qazı emissiyalarının azaldılması istiqamətində SOCAR tərəfindən həyata keçirilən effektiv tədbirlər GGFR-in nümayəndələri tərəfindən çox yüksək qiymətləndirilib. Qlobal istiləşmə prosesinin aktiv getdiyi bir zamanda SOCAR-ın bu cür effektiv tədbirlərinin ətraf mühitə verdiyi töhfənin digər neft-qaz şirkətləri üçün örnək olması, gələcəkdə SOCAR təcrübəsinin öyrənilməsi və tətbiq olunmasının vacibliyi Dünya Bankının GGFR təşkilatı tərəfindən xüsusi vurğulanıb.
- Bu kimi layihələri icra etməklə hansı hədəflərə nail olmaq olar?
- Görüşdə SOCAR-ın əldə etdiyi bu ekoloji nailiyyətlər barədə Dünya Bankının rəsmi veb-saytında elan edilməsi təsdiq olunub.
SOCAR davamlı inkişaf məqsədlərinə uyğun olaraq dünyada neft-qaz şirkətləri arasında “sıfır karbon emissiyası” hədəflərinə çatan ilk şirkətlərdən biri olacaq və müsbət mənada fərqlənəcək.
Ümumiyyətlə, bu layihələri həyata keçirməkdə əsas məqsədimiz dünyanın nəhəng neft-qaz şirkətləri arasında SOCAR-ı atmosferə qaz tullantısı olmayan lider şirkət etməkdir.
- SOCAR “sıfır karbon emissiyası” hədəfləri istiqamətində hansı beynəlxalq şirkətlərlə əməkdaşlıq edir?
- 2008-ci ildən SOCAR Dünya Bankının Qlobal Qaz Yandırılmalarının Azaldılması üzrə Tərəfdaşlıq təşkilatı ilə əməkdaşlığa başlayıb. 2014-cü ildə Dünya Bankının “2030-cu ilə qədər səmt qazının normal hasilat prosesində yandırılmasının sıfra endirilməsi” təşəbbüsünə qoşulub. 2015-ci ildən SOCAR BMT-nin İnkişaf Proqramı ilə birgə “Azərbaycanın yanacaq istehlakı sektorunda karbon emissiyalarının azaldılmasını təmin edən Milli Fəaliyyət Planı” (NAMA) layihəsini icra edib və layihə 2020-ci ilin sonunda uğurla başa çatıb.
2016-cı ildə (22 aprel) Azərbaycan Respublikası “Paris İqlim Sazişi”ni imzalanıb. Bu sənədə əsaslanaraq SOCAR əsas ekoloji göstərici olaraq "sıfır tullantı" prinsipini qəbul edib və “Paris İqlim Sazişi”nin öhdəliklərini icra etməkdə qərarlıdır.
2019-ci ildə isə SOCAR “Metan Rəhbər Prinsipləri” Təşəbbüsünə qoşulub. Şirkət metan emissiyalarının inventarlaşdırılması və həmin emissiyaların azaldılması istiqamətində BP və digər qlobal neft şirkətləri ilə birgə vacib addımlar atmaqda davam edir.
2020-ci ildə regionumuzda iqlim dəyişikliyi ilə mübarizə aparmaq, istixana qazlarının emissiyasını və ətraf mühitə atılan zərərli maddələrin qarşısını almaq məqsədilə SOCAR-ın təşəbbüsü əsasında SOCAR, “KazMunayGas”, BP, “Equinor” Abşeron AS və “Total E&P Absheron B.V.” şirkətlərinin təsisçiliyi ilə “Xəzər Regionunun Ətraf Mühitinin Mühafizəsi Təşəbbüsü” (Caspian Envıronmental Protectıon Initiatıve - CEPI) adlı səmərəli və müstəqil fəaliyyət göstərən regional Təşəbbüs Qrupu yaradılıb.
Bu gün Norveçin “Carbon Limits” şirkəti ilə birlikdə metan sızmalarının azaldılması, sertifikatlaşdırılması və karbon kreditləşdirilməsi işləri uğurla icra edilir. Həmin layihənin nəticəsi olaraq “Carbon Limits”, “Rosneft” və SOCAR arasında üç tərəfli əməkdaşlıq nəzərdə tutulur.