Əlaqə Arxiv
news Image
2012.05.21
13:22
| A A A
Maaş sisteminin tam kartlaşdırılması gündəmə gəldi
Nazim Məmmədov: «Bankomatlardan hesablar çıxarılarkən vətəndaş uduzur»

Azərbaycanda nağdsız hesablaşmalar əməliyyatının həcminin artırılması ilə bağlı dövlət tərəfindən görülən işlərin həcmi artmaqdadır. Həmçinin ekspertlər tərəfindən də bununla bağlı müxtəlif təkliflər irəli sürülür. Bu təkliflərdən biri bütün dövlət və özəl qurumlarda çalışan bütün işçilərin maaşlarının elektron kart vasitəsilə ödənilməsidir. Hesab edilir ki, bu nağdsız hesablaşmaların həcmini bir qədər də qədər artıra bilər.

Hazırda Azərbaycanda nağdsız hesablaşmalar əməliyyatların 10%-ni təşkil edir. Ölkədə təxminən 1000 nəfərə 760 aktiv ödəniş kartı düşsə də, əksər belə vətəndaşlar alış-verişlərini nağdsız ödəmələrlə həyata keçirmirlər. Məsələn, bütün pensiyaçılar, bəzi dövlət qurumlarında işləyəndə maaşları, təqaüdləri kart vasitəsilə alırlar. Maaş və ya təqaüdlər verilən kimi, vətəndaşlar əllərində kart POS-terminalların qarşısında uzun növbə qururlar. Məlumdur ki, əksər Qərb ölkələrində bunun əksinə olaraq vətəndaşlar maaşların heç də hamısını bankomatlardan götürmürlər. Həmin ölkələrdə bütün alış-veriş mərkəzlərində, ictimai nəqliyyatda ödənişləri elektron kartlarla həyata keçirmək mümkün olduğundan, nağd pullara ehtiyac qalmır.

Mərkəzi Bank, Vergilər Nazirliyi nağdsız ödəmələrin həcminin genişlənməsində maraqlı olsalar da, hələ vətəndaşlarda mövcud psixoloji baryerləri tam aradan qaldırmaq mümkün olmayıb.

Bundan başqa, nağdsız ödənişlərin stimullaşdırılması və POS-terminallardan istifadə barədə əhalinin məlumatlandırılması və maarifləndirilməsinə dair Vergilər Nazirliy tərəfindən xüsusi Tədbirlər Planı hazırlanıb həyata keçirilib.Həmin plan çərçivəsində vergi ödəyicilərinin və əhalinin fəal maarifləndirilmə işinə başlanıb, nağdsız hesablaşmaların üstünlükləri, ödəniş kartları və POS-terminallara dair 30 mindən yuxarı buklet hazırlanaraq aidiyyəti üzrə paylanıb. Bu ilin fevralından mayınadək Bakı şəhərində 14 min obyektdə 17 mindən çox POS terminal qeydiyyatdan keçirilib. Hazırda respublika üzrə 26 443 obyektdə 30 940 aktiv POS terminal qeydiyyata alınıb. Bunun da 93,7% və ya 28976 ədədi Bakı şəhərinin ərazisində yerləşən obyektlərdir.

Bunlara baxmayaraq, əksər vətəndaşlar alış-veriş mərkəzlərində kartla ödənişlərin aparılması barədə təsəvvürlərə malik deyillər və ya bunun çətin prosedur olduğunu düşünürlər.

Plastik kartların üstünlüklərini izah etməyə isə zənnimizcə ehtiyac yoxdur. Vergidən yayınmanın, pulların oğurlanmasının və kağız manatlara qənaətin olunması baxımından kartlar bir sıra üstunlüklərə malikdir.

Bütün maaşların kartla ödənilməsi qeyri-nəğd ödəmədələrin həcminə necə təsir göstərər?

Bu sualla müracət etdiyimiz iqtisadçı ekspert Nazim Məmmədov hesab edir ki, maaşları kartla ödəmək hələ nağdsız əməliyyatların həcminin artırılmasına dəlalət etmir: "Bununla bağlı dövlət kompleks tədbirlər həyata keçirməlidir. Alış-veriş mərkəzlərində əməliyyatların aparılması üçün POS-terminallar quraşdırılmalıdır. Hətta bu məcburi xarakter də daşıya bilər".

Ekspert düşünür ki, azərbaycanlılar nədənsə nəğd pullara üstünlük verirlər: "Hətta kartları olanlar da, hesablarını kağız pul şəklində bankomatlardan çıxarıb ciblərində qoyurlar. Bankomatlardan hesablar çıxarılarkən vətəndaş uduzur. Burada 1-3 faiz arası komisyon xərclər tutulur. Nağdsız ödənişlərin həcmini artırmaq üçün bütün alış-veriş məntəqələrində POS-terminallar quraşdırılmalıdır. Təəssüflər olsun ki, banklar daha çox iri şirkətlərlə əməliyyatların aparılmasında maraqlı olduqları üçün bu kimi addımların atılmasında maraqlı olmurlar".

N.Məmmədovun sözlərinə görə, hökumət burada təşviqedici, həvəsləndirici addımlar ata bilər: "Nağdsız ödənişlərlə alış-veriş edən ticarət mərkəzləri üçün güzəştlər tətbiq etmək mümkündür. Uduşlu kampaniyalar, mükafatlandırmalar və s. təşviqedici manevrlərdən yararlanmaq mümkündür. Əks təqdirdə bütün dövlət və özəl qurumlarda maaşları kart sistemilə ödəməklə nağdsız ödənişlərin həcmini artırmaq mümkün deyil".

R.Qaçayoğlu

Sizin Reklam Yeriniz