Əlaqə Arxiv
news Image
2012.04.12
13:10
| A A A
“Eks-prezidentlər haqqında” Qanun yenidən Milli Məclisə çıxarılır
Deputatlar may ayında qanunu son dəfə müzakirə edəcəklər

"Eks-prezidentlər haqqında" Qanun Milli Məclisin may ayında keçiriləcək plenar iclasında sonuncu dəfə müzakirəyə çıxarılacaq. Bu barədə Modern.az-a Milli Məclisdəki mənbələrdən məlumat daxil olub. Deputatlar qanun layihəsini müzakirə etdikdən sonra sənəd təsdiq edilmək üçün dövlət başçısına göndəriləcək.
Məsələ ilə bağlı sayt bir neçə millət vəkilindən münasibət öyrənib. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komissiyasının üzvü Çingiz Qənizdə bildirib ki, qanunvericiliyə görə, qanun layihəsi altı ay müddətində plenar iclasda müzakirəyə çıxarılmalıdır.
Komitənin digər üzvü, deputat Fəzail Ağamalı bizimlə söhbətdə adıçəkilən qanun layihəsinin hələlik gündəliyə daxil edilmədiyini bildirib. "Amma altı ay tamam olubsa, o zaman qanun layihəsi sessiyanın gündəliyinə salınır"-deyə o vurğulayıb.
"Eks-prezidentlər haqqında" qanun layihəsi 2011-ci ilin noyabrında parlamentdə müzakirəyə çıxarılıb və üç oxunuşdan keçib. Müzakirələrdən sonra qanun layihəsi ikinci oxunuşda səsverməyə çıxarılıb. 105 deputat sənədin lehinə, 1 nəfər əleyhinə səs verib. İkinci oxunuşun səsverməsi başa çatandan sonra eks-prezidentlərlə bağlı qanun layihəsi Milli Məclisdə üçüncü oxunuşunun səsverməsinə də çıxarılıb. Sənəd 110 səs lehinə, 1 səs əleyhinə olmaqla qəbul edilib. Xatırladaq ki, bu sənəd Konstitusiya qanunu olduğundan 6 aydan sonra parlamentdə bir daha səsverməyə çıxarılmalıdır. Yalnız bundan sonra qanun qüvvəyə minəcək. Qanun əvvəllər prezident olmuş şəxsin və onun ailə üzvlərinin təminat qaydalarını müəyyən edir. Qanuna görə, keçmiş prezident hazırda prezident olan şəxsin aylıq əməkhaqqının 50 faizi qədər aylıq pensiya almalıdır. Keçmiş prezidentə üç nəfərdən artıq olmayan təhlükəsizlik heyəti, bir sürücü, bir avtomobil verilir.
Keçmiş prezident və onun həyat yoldaşı baş prokurorun icazəsi olmadan (cinayət başında yaxalanma hallarından başqa) cinayət məsuliyyətinə cəlb edilə, tutula bilməz.
Müstəqil Azərbaycan dövlətinin tarixində respublikaya 3 prezident başçılıq edib. 1991-92-ci illərdə Ayaz Mütəllibov, 1992-1993-cü illərdə Əbülfəz Elçibəy və 1993-2003-cü illərdə Heydər Əliyev bu postu tutublar. İlham Əliyev Azərbaycanın 4-cü prezidentidir. Eks-prezidentlərdən yalnız Ayaz Mütəllibov sağdır və Moskvada yaşayır.


Sizin Reklam Yeriniz