Bələdiyyələrin maliyyə mənbələrindən biri də əmlak vergisidir. Əmlak vergisinin yığılması üçün hüquqi və fiziki şəxslərə məxsus əmlakın invertar dəyəri müəyyən olunmalıdır.
Bakı şəhərində mənzillərin əksəriyyətinin mülkiyyət hüququnu təsdiq edən sənəd var. Mülkiyyət hüququnu təsdiq edən sənədin verilməsi üçün tələb olunan digər sənədlərdən biri də invertar dəyərin olmasıdır.
Amma bir çox rayonlarında kəndlərdəki evlərin əksəriyyətinin invertar dəyəri yoxdur.
İnvertar dəyəri olmadığı üçün bələdiyyələr həmin evlərdən əmlak vergisi ala bilmirlər. Qeyd edək ki, əmlakın dəyəri texniki pasportda qeyd olunur. Dövlət Əmlak Komitəsi tərəfindən əmlaka qoyulan qiymətlə əmlak sahibi razılaşmadığı halda müstəqil şirkətlərə müraciət edib inventarizasiyanı təşkil edə bilər. Fiziki şəxslərin əmlak vergisi bələdiyyələr tərəfindən yığılır. Əmlakın dəyəri 5 min manatdan artıqdırsa, vergi tətbiq olunur. Əmlak vergisi 5 min manatdan artıq olan vəsaitin 0,1 faizi miqdarında hesablanır.
Bələdiyyə üzrə ekspert Vüqar Tofiqlinin sözlərinə görə, bələdiyyələrin maliyyə mənbələrindən biri də əmlak vergisidir: "Əmlak vergisinin ödənilməsi və hesablanması qaydaları Vergi Məcəlləsinin bir sıra maddələrində öz əksini tapıb. Fiziki şəxslər mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinə görə ildə bir dəfə əmlakının dəyərinin nəzərdə tutulmuş məbləğdən yuxarı hissəsinin 0.1 faizi həcmində əmlak vergisi və əmlakın yerləşdiyi torpaq sahəsinə görə torpaq vergisi ödəməlidirlər. Torpaq vergisi ödənilir, amma əmlak vergisindən söhbət gedə bilməz. Bu gün bələdiyyələrin büdcələrinin kasıb olmasının bir səbəbi də məhz əmlak vergisinin yığımında olan problemlə bağlıdır. Ölkə başçısının qeydiyyatsız evlərin sənədlərinin qaydaya salınması və qeydiyyata alınması barədə göstərişi var. Məndə olan məlumata görə, bəzi rayonlarda mənzillərin invertar dəyərinin hesablanmasına başlanılıb. Qiymətləndirmə ilə bağlı hələ ki, şikayətlərə rast gəlməmişəm. Rayonlarda birmərtəbəli daş evlərin qiyməti 15 min manat civarında qiymətləndirilir ki, məncə, bu, normal qiymətləndirmədir. Evlərin texniki pasportlarının olması təkcə bələdiyyələrin əmlak vergisi yığmalarını deyil, həmçinin mənzil sahiblərinin banklardan kreditlər almasını da asanlaşdıracaq. Bu gün kənd rayonlarında yaşayanların əksəriyyəti əmlaklarını banka girov kimi qoya bilmirlər və ya ayrı-ayrı firmalardan kreditlə məhsul götürə bilmirlər".
V.Tofiqli onu da bildirdi ki, bələdiyyələrin büdcələrinin az olmasının digər səbəbi də yerli özünü idarəetmə qurumlarının fəaliyyətinə inamın olmamasıdır: "Yığılan torpaq və ya mənzil vergilərinin qarşılığında heç bir iş görülmür. Az iş görülüb çox iş kimi rəsmiləşdirilir. Kəndlərin, məhəllələrin əsas problemləri həll olunmur. Vətəndaş evinin qarşısından keçən yola çınqıl daş tökür, bələdiyyə onu öz fəaliyyəti kimi sənədləşdirir. Yaxud da su və kanalizasiya idarələrinin gördükləri işlər həm də bələdiyyənin əməli kimi sənədləşdirilir. Bütün bunlar onunla bağlıdır ki, bələdiyyələrin fəaliyyətinə ictimai nəzarət yoxdur".
Ekspert hesab edir ki, 2013-cü ildə Azərbaycanda evlərin qeydiyyata alınması prosesi daha da sürətlənəcək: "Təxmini hesablamalara görə, Azərbaycanda 500 minə yaxın mənzilin qeydiyyatı yoxdur. Yəni bu qədər ev əmlak vergisinə cəlb olunmayıb. Evlər qeydiyyata alınsa hamısı əmlak vergisi verməyə məcbur olacaq. Çünki ölkədə qiyməti 5 min manatdan aşağı olan mənzil tapmaq mümkün deyil. Hətta 1 otaqlı mənzilin qiyməti belə 5 min manatdan yuxarıdır. Qanunda isə göstərilir ki, dəyəri 5 min manatdan yuxarı olan ev əmlak vergisinə cəlb olunmalıdır".
R.QAÇAYOĞLU