Əlaqə Arxiv
news Image
2013.01.15
07:52
| A A A
Təzə binaların həllini hələ də tapmayan köhnə problemi
Səməd Vəkilov: “İstənilən halda sahibkar məsuliyyət daşıyır, çünki, məhz onunla müqavilə bağlanır” Mansur İbadov: “Şirkətlərdə pul yeyintiləri olmasa, binanı tam və vaxtında çatdıra bilərlər”

Məlumdur ki, hazırda ölkəmizdə həm köhnə, həm də yeni tikilmiş çoxmərtəbəli binaların bir çoxunun qazla təchizatında problemlər qalmaqdadır. Yəni, həmin binalarda yaşayış olsa da, ora qaz verilmir. Səbəb isə binanın Dövlət Qəbul Komissiyasından keçməməsidir. Yəni, tikili tam başa çatdıqdan sonra Dövlət Qəbulu Komissiyasından keçməlidir ki, o, qazla təmin olunsun.

Hazırda mövcud problemin səbəbkarı kimi tikinti şirkətləri və "Azəriqaz" İB rəsmilərindən qarşılıqlı ittihamlar olsa da, sakinlər problemi, qazın əvəzinə elektrik enerjisindən istifadə etməklə həll etməyə çalışırlar. Təbii ki, bu isə binanın bir kommunal vasitəsi ilə yüklənməsinə, həm də aylıq yüksək kommunal xərcinin olmasına gətirir. Problemi həll etmək üçün təkliflər var ki, binanın tam olaraq sakinlərə təhvil verilməsi və Dövlət Qəbul Komissiyasından keçməsi üçün vaxt təyin edilsin. Amma təklifi birmənalı olaraq qarşılamayanlar da var.

"Müvəkkil" Hüquq Mərkəzinin rəhbəri Səməd Vəkilov bildirir ki, tikinti şirkətlərinin işi özəl fəaliyyətdir: "Hər hansı bir məsələdə onlara vaxt qoymaq səmərəli deyil. Ümumiyyətlə, hansısa tikinti şirkətinə vaxt qoyulması hazırkı qanunvericiliyə görə ziddir. Bu, sahibkarlıq subyektinə qarşı təzyiqdir".

Hüquqşünasın sözlərinə görə, sadəcə olaraq burada ardıcıllığı tənzimləmək lazımdır: "Prosesə vaxt qoymaqdansa, əvvəlcədən müvafiq qurumlar vaxtaşırı gəlib işə nəzarət etsələr, yaxşı olar. Bu da gələcəkdə yarana biləcək problemləri aradan qaldırmağa yardım olar. İstənilən halda sahibkar məsuliyyət daşıyır, çünki, məhz onunla müqavilə bağlanır. O, gələcəkdə mənzilin tikilməsi və kommunal xidmətlərin yüksək səviyyədə həyata keçirilməsi ilə bağlı öhdəlik götürür. Sonradan da bəzən olur ki, onlar həmin öhdəlikləri edə bilmirlər". Ekspertin sözlərinə görə, tikinti şirkətlərinin müqavilələrində də qüsurlar çox olur: "Ümumiyyətlə, müqavilənin reyestrini aparmırlar, müqaviləyə nömrə, xəzinədarlıq arayışlarına tarix qoymurlar. Ümumilikdə, tikinti sektorunda qanunvericiliklə kargüzarlıq işlərini düzgün aparmırlar. Vətəndaşların hüquqlarının pozulmasına səbəb olan əsas amillərdən biri də budur. Vətəndaş da diqqətlə araşdırmır. Vətəndaş müqaviləni alacağı mənzilin ucuz olması ilə bağlayır. Yəni, hazır binadan ev almaq daha bahadır, nəinki tikilməmiş binadan. Ucuz olsun deyə, belə edir. Sonra nəticə etibarı ilə binanı komissiya qəbul etməyəndə, buradan vətəndaşa ikiqat zərbə dəyir. Qaz əvəzinə elektrik enerjisindən istifadə etməyə başlayır. Yeni tikililərdə də elektrik enerjisindən istifadə etmək qazdan qat - qat baha başa gəlir. Ona görə də bu iş kompleks həll olunmalıdır. Birinci növbədə tikinti şirkətlərinin fəaliyyəti nəzarətə götürülməlidir. Orada hansı kontingentin işləməsi, onların gələcəkdə bu standartlara cavab verə biləcək tikili inşa edə bilmələri yoxlanılmalıdır. Əvvəl gördükləri işlərə diqqət yetirməlidirlər. Bunlar nəzərə alınsa, sonradan yaşayacaq sakinlərin qazla təmin olunması problemi aradan qaldırıla bilər. Ancaq tikinti şirkətlərinə vaxt qoymağa qanunvericilik imkan vermir. Çünki, sahibkarlıq subyektidir, həm də o, öhdəlik götürməsinə baxmayaraq, gücü çatmayacaqsa, onun fəaliyyəti yarımçıq qala bilir. Belə olanda da artıq, şirkət tək dövlət orqanları qarşısında deyil, vətəndaşlar və qanun qarşısında məsuliyyət daşıyacaq".

Həyat fəaliyyətinin təhlükəsizliyi üzrə ekspert Mansur İbadov bildirir ki, hər bir tikinti şirkətində iş başlamamışdan öncə layihələnmə gedir: "Layihələnmədə qaz sisteminin quraşdırılması da göstərilir. Həmin sistem olan layihə gələcəkdə FHN-nın Yanğından mühafizə, Mülki müdafiə idarəsi tərəfindən rəy aldıqdan sonra təsdiq olunur. Ondan sonra onun smeta dəyəri təsdiqlənir və hansı şəraitdə hansı müddətə tikilməsi barədə məlumat olur. Müasir binaların əksəriyyəti müəyyən səbəblərdən asılı olaraq həmin layihələrə uyğun tikilmədiyinə görə çatışmazlıqlarla üzləşir. Konstruktor layihənin təhlükəsizlik sistemlərini düzgün qurmadığına görə FHN onu qəbul etmir. Bu problemi yaradan əsas səbəb isə maliyyə çatışmazlığıdır".

Mansur İbadovun sözlərinə görə, elə binalara olur ki, onu sahibkar başa çatdıra bilmir: "Belə olanda da tikilini yenidən başqa şirkətlər alası olur. Yarımçıq qalmasının da əsas səbəbi maliyyə problemidir. Onsuz da smeta təsdiq olunanda vaxt təyin olunmuş olur. Maliyyə çatışmazlığı olanda da işçinin əmək haqqını kəsirlər, əmək müqaviləsi bağlamırlar və s. bu kimi yollarla pula qənaət etməyə çalışırlar. Şirkətlərdə pul yeyintiləri olmasa, binanı tam və vaxtında çatdıra bilərlər".
Sizin Reklam Yeriniz