Azərbaycan dövləti əhalinin sağlamlığının qorunmasını özünün əsas vəzifəsi hesab edir. Pandemiya təhlükəsi başlayanda dövlət vacib addımlar atdı, Prezident İlham Əliyevin göstərişi əsasında Nazirlər Kabinetinin Sərəncamı ilə 2020-ci il yanvarın 30-da “Azərbaycan Respublikasında yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı” təsdiq edildi. Həmçinin Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı. Eyni zamanda, qabaqlayıcı tədbirlər çərçivəsində ölkədə xüsusi laboratoriyalar yaradıldı. Ölkəmizin yüksək səviyyədə təchiz edilmiş 20-dən çox xəstəxanası koronavirus xəstələrini müalicə etmək üçün ayrılıb. Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, koronavirusa yoluxan xəstələrin mütləq əksəriyyəti tibbi müəssisələrdə müalicə alır.
Hazırda ölkəmizdə əhalinin 4 növ vaksin seçimi var ki, onların da hər biri effektiv və təhlükəsizdir. Belə ki, vaksinlər xəstəliyə yoluxma zamanı ağırlaşma və ölüm hallarının qarşısını alan təhlükəsiz vasitədir. İmmun sistemi vaksini antigen kimi qəbul edir və ona qarşı anticisimlər yaradır. Orqanizm peyvənd vasitəsilə virusla tanış olduğu üçün artıq xəstəliklə qarşılaşanda hazırlıqlı olur və ağırlaşmanın qarşısı alınır. Vaksin öldürülmüş və ya zəiflədilmiş mikroblar və onların ifraz etdiyi bəzi antigen xassəli maddələr olduğu üçün xəstəliyə yoluxma zamanı qarşıya çıxan canlı virusla müqayisədə heç bir təhlükəsi yoxdur. Peyvəndlənmə fərdin sosial məsuliyyətidir. Ətrafdakıları qorumaq naminə hər kəs peyvənd olunmalıdır. Bununla da bütün cəmiyyət qorunmuş olar. Həmçinin yeni növ koronavirus (COVID-19) xəstəliyinə qarşı Azərbaycanda tətbiq olunan vaksinlərdən hər hansı birinin hər iki dozasını vurduran şəxslərə “Peyvənd sertifikatı” verilir. “Peyvənd sertifikatı” müddətsizdir. Dünyada COVID-19 əleyhinə vaksinasiyadan sonra yaranan immun cavabın dayanıqlılığı və müddətinin müəyyən olunması istiqamətində elmi tədqiqatlar da davam etdirilir.
Əlavə olaraq qeyd edim ki, vaksinasiya pandemiyadan xilas olmağın yeganə yoludur, çünki vaksinasiya ilə həyat canlanacaq, insanların gündəlik həyatında sosial aktivlik artacaq. Peyvənd milyonlarla insanın ölümünün qarşısının alınması, səhiyyə sisteminin rahatlaması və xəstəliyə xərclənən iqtisadi itkilərin azaldılması üçün yeganə üsuldur. Xüsusilə də, vaksinasiya ilə səhiyyəyə düşən yük azalacaq. Həkimlər öz gücünü və səylərini digər xəstəliklərin müalicəsinə yönəldə biləcəklər. Nəticədə səhiyyə xidmətlərinin keyfiyyəti artmış olacaq. Müasir dövrdə yoluxucu xəstəliklərə qarşı mübarizə üsullarından ən effektli və iqtisadi cəhətdən ən əlverişlisi vaksinasiyadır.
Tofiq ƏSGƏROV
Masallı rayon Təhsil şöbəsinin əməkdaşı