Samir Xəttab: "Azərbaycanlı müğənnilərdən bəziləri bu agentliyin əslində, nə üçün lazım olduğunu bilmədiyindən düşünürlər ki, bu, bizə sərf etməz"
Qərb ölkələrinin təcrübəsində müğənnilərin fəaliyyət və konsertlərini tənzimləyən, hətta görüşlərini belə təşkil edən agentliklərin mövcudluğu heç kimə sirr deyil. Məhz belə agentliklər müğənnilərin işini kifayət qədər asanlaşdırır, həmçinin, onların daha çox gəlir ələd etməsinə yardımçı olrlar. Lakin Azərbaycanda müğənnilər üçün belə agentliklərin fəaliyyətinə hələ də rast gəlinmir.
Mövqe.az-a açıqlamasında məsələyə münasibət bildirən müğənni-bəstəkar Elza Seyidcahan qeyd edir: " Avropa ölkələrində həm belə təşkilaçılar, həm də ki, agentliklər var. Onlar bəzən bizə də konsert və ya tədbir olanda zəng edib, danışıb, razılaşırlar. Ancaq təəssüf ki, ölkəmizdə belə agentlik yoxdur. Bizdə belə təşkilatçılar var. Ancaq böyük səhnələrdə pul qazanmaq üçün hələ ki, elə agentliklər və ya o cür şəxslər yoxdur. Arzu edərdim ki, bizdə də belə agentliklər olsun. Mən əminliklə deyirəm ki, belə təşkilatçıalr bizdə də var. Mən elə özüm də Azərbaycanımıza xaricdən külli-miqdarda pullar gətirən sənətçiyəm. Həm ifam, həm sənətim, həm diplomotik danışığım, həm də ki, imicim buna imkan verir.
Mən səhnə üçün sağlam insanam. Plastik əməliyyat olunmamışam. Öz sənətimə və öz ifama güvənirəm. Məsələn, Ledi Qaqa mahnı oxuya bilmir. Pianinoda da fərli ifa edə bilmir. Bircə qeyri-adi geymi var. Onunla da dünyanın pulunu qazanır. Səbəbi isə odur ki, onunla güclü komanda işləyir. Mən də kiçik komandam ilə bütün konsertlərmi edirəm. Demək olar ki, hətta hər şeyi tək edirəm. Arzum budur ki, bizdə də belə agentliklər olsun və mən də tək öz gücümə yox, dəstəklə bu layihələrmi, konsertlərimi dünyaya çıxardım. Yeniliyə doğru gedən dövlətimizdə inanıram ki, bu da olacaq.
Mən razıyam ki, həm agentliklər Azərbaycanda olsun. Hətta mən ona da razıyam xaricdə konsertimi təşkil edən agentlik pulu özünə götürsün. Ancaq bilim ki, mən orada əsl sənət göstərib, Azərbaycanımı lazımınca təqdim edəcəyəm. Mən toydan danışmıram. Heç danışmaq da istəmirəm. Toya hamımız gedirik. Çünki buna məcburuq, çörək pulumuz ordan çıxır. Əsas böyük səhnədir. Azərbaycandan xaricə 3 məşhur sənətçi yollasınlar. Mən də gedim. Görsünlər ki, Elza neçənci yerlə Vətənə qayıdacaq. Dəfələrlə Mədəniyyət Nazirliyi məni xarici müsabiqələrə yollayıb və mən qalib qayıtmışam".
Təşkilatçı-prodüsser Samir Xəttab isə məsələyə belə münasibət bildirir: "Bütün dünyada müğənnilərin nəinki toy, hətta konsert və tədbirlərdə çıxışının planlaşdırılması üçün də agentliklər fəaliyyət göstərir. Əslində, bu cür agentliklər Azərbaycanda prodakşn kimi işləyir. Dünyada isə bu cür agentliklər "booking" şirkətlər kimi tanınınır. Azərbaycanlı müğənnilərdən bəziləri isə bu agentliyin əslində, nə üçün lazım olduğunu bilmədiyindən düşünürlər ki, bu, bizə sərf etməz. Amma əslində, bu cür şirkətlər olarsa, heç prodüsserlərə ehtiyac qalmır. Həmin agentlik müğənninin xarici ölkələrdə və Azərbaycan daxilində bütün işlərini görür, tanıtımını aparır, konsertini təşkil edir, proqramlara çıxacağını təmin edir və s. bu kimi işləri görür. Agentliyin üzərinə düşən işləri saymaqla bitməz. Bircə onu deyə bilərəm ki, bu şirkətlər Azərbaycanda olsa, müğənni ancaq oxumaq, ifa göstərmək barədə düşünəcək".
Samir Xəttab Azərbaycanda belə bir prodakşnın varlığı barədə də məlumat verib: " Biz siz dediyiniz agentlik kimi fəaliyyət göstəririk. Bu yaxınlarda başlayacağıq. Məşhur müğənnimiz bizimlə işləməyə razılıq verdi. Hələlik adını açıqlamıram. Amma məqsədimiz müğənni üçün təkcə toy təşkil etmək deyil. Bundan başqa başlıca hədəf onun xaricdə və ölkəmizdə olan konsertlərini və qazanc yeri olaraq əcnəbi sənətçilər kimi konsertlərdən və partilərdən pul qazanmasını təşkil etməkdir".