Əlaqə Arxiv
news Image
2014.05.05
19:00
| A A A
"Mən eşq qadınıyam" - jurnalist Tahirə

Tanınmış jurnalist və Space Televiziyasının "Qonaqlıq" verilişinin aparıcısı Tahirə Məmmədqızı Publika.az-a müsahibə verib. Axşam.az həmin müsahibəni təqdim edir. 

 

 

"Çoxları elə bilir ki mən davakar, aqressiv insanam"

 

- Qonaqlıqlarla aran necədir?


- Çox yaxşı. "Qonaqlığ"ı sevirəm, amma o mühit mənə yaxındırsa. Ruhən qonaqlığı sevən insanam. Çoxları elə bilir ki mən davakar, aqressiv insanam. Əslində həyatda elə deyiləm. Düzdür, çılğın qadınam, amma ünsiyyəti sevirəm.


- Bu qədər sənət adamlarının qonaqlığında olmusan. Ürəyincə olmayan qonaqlıqlar olubmu?


- Olub, ad çəkib kimlərinsə ürəyini qırmaq istəmirəm, çünki türklər demiş zatən məni qəlbqıran, emosional bir insan kimi tanıyırlar. Sadəcə bu insanlar mənə görə belə davranmayıblar, öz evlərində öz səviyyələrinə uyğun davranıblar. On beş ildən artıqdır ki, jurnalistika ilə məşğulam və şou-biznes nümayəndələrinin iç üzünə bələdəm. Bilirəm hansı yalandan üzə gülür, hansı səmimidir, kim kameraya işləyir və s. Amma bəyənmədiyim, sadəcə efir xatirinə evinə getdiyim sənətçilər də olub. Uzaqbaşı bir, ya iki olar.


- Elə bir müğənni olubmu ki, veriliş çəkmək üçün evinə gedəndə şok olmusan…


- Olub. Məni təəccübləndirən ən maraqlı qonaqlarımdan biri Əli Mirəliyev olub.  Mənim onunla efirlərdə mübahisələrim çox olmuşdu. Onun barəsində çox şayiələr eşitmişdim, hətta deyirdilər ki, evində ailəsi ona dəyər vermir. Amma evində ona elə bir hörmətin şahidi oldum ki, çox təəccübləndim. Bir də Manaf Ağayevin evində qonaq olanda ailəsinin nə qədər həssas olduğunun şahidi olmuşam. Manafın qızı zərgər dəqiqliyi ilə süfrə bəzəyirdi. Bu mənim çox xoşuma gəlmişdi.

 

 

"Elə acığa da bu sualı efirdə ona vermişəm"

 

- Hansı müğənninin evində olarkən maddi baxımdan yüksək həyat tərzi keçirdiyinin şahidi olmusan?


- Məni şoka sala biləcək evlərlə rastlaşmamışam. Amma gözəl, dəm-dəstgahlı, hətta bəzən çox qarmaqarışıq, zövqsüz evlərlə qarşılaşmışam.  Hansı ki mən o müğənnini çox zövqlü biri kimi tanıyırdım.


- Hansısa müğənni efirqabağı səndən "bu sualı mənə vermə"- deyə, rica edibmi?


- Olub, elə acığa da bu sualı efirdə ona vermişəm. Hətta aramızda narazılıqlar da olub.


- Məsələn?


- Aşıq Samirənin evində olanda ona bir sual verdim. Mən bilirdim ki, onun aşıq Ulduzla arasında nəsə inciklik vardı. Buna heç inciklik də demək olmazdı e, o mənə dedi ki, "qurban olum, efirdə bu barədə mənə sual vermə". Soruşdum. Efirdən sonra aşıq Ulduz da, qızı Sədaqət də mənə zəng etdi, narazılıq bildirdi.


- Hansısa müğənni heç səndən onu verilişə çəkməyi xahiş edibmi?


- Olub, hətta "çerez-çerez" xahiş də etdiriblər. Eləsi də olub ki, əksinə "Qonaqlıq"da çəkilməkdən çəkinib. Çünki bu veriliş insanların içini, şəxsi həyatını üzə çıxaran bir verilişdir. Eləsi də olub ki, suallardan ehtiyatlanıb.

 

"Məndən ehtiyat edən həmkarlarım da çoxdur"

 

- Özünə hansısa aparıcını rəqib görürsən?


- Desəm özündənrazılıq kimi səslənər. Dostlarım istisna olmaqla-çünki dostlarla  arada rəqib söhbəti olmur.Amma  jurnalistikada özümə heç kimi rəqib görmürəm. Özümü güclü sayıram və hesab edirəm ki, hətta məndən ehtiyat edən həmkarlarım da çoxdur.


- Hansı aparıcıları görəndə kanalı çevirmək istəmisən?


- Qıcıqlandıranlar olub. Şitlikləri, özündənrazılıqları ilə…Sanki dünyanı  bunlar fəth ediblər. Amma efir keçici bir şeydir. Bu gün varsan, sabah efirdə olmaya bilərsən. Ad çəkməyəcəyəm, çünki onlara elə gələ bilər ki, qalmaqal yaradıb özümü reklam etmək fikrindəyəm. Onsuz da məni qalmaqallı jurnalist kimi tanıyırlar.

 

"20 ildən artıqdır ki, 50 kilo olaraq qalıram"

 

- Həmişə formadasan, qız, illərboyu buna necə nail olursan? Bildiyimə görə, gecə də yeyirsən?


- Talış qızı olduğum üçün gecə saat 12-dən sonra ailəlikcə oturub rahatca yeyirik də, ünsiyyətdə də oluruq. Qohum-əqrəba ilə də çox yaxınıq, hamımız yığışırıq, özləri də bilir ki, mən qurmanam. Yağlı yeməkləri də çox sevirəm. Ətsiz xörək yemirəm. Hələ dilimə qara çörək dəyməyib. Bir təndir çörəyini bütöv yeyirəm. Bir dənə sulu yemək yemirəm, bir də aş. Talış qızı olsam da, aşı sevmirəm. Su, ümumiyyətlə içmirəm, yalnız çay, kofe, bir də ananas şirəsi içirəm. 20 ildən artıqdır ki, 50 kilo olaraq qalıram. Yəqin genetikdir. Anam da digər bacılarından fərqlənib. Baxmayaraq ki, bacıları toppuşdur. Heç vaxt  idmana da getmirəm. Səhər yeməyini isə heç vaxt yemirəm.

 

"Özüm hiss edirəm ki, burnum uzundur"

 

- Kosmetik əməliyyatlar-filan, olubmu?


- Olmayıb, amma istərdim burnumda dəyişiklik edim. Özüm də hiss edirəm ki, burnum uzundur. Amma bu mənə böyük mənada kompleks yaratmayıb.


- Ümumiyyətlə. Nəyəsə kompleksin var?


- Çoxluq olan yerdə biraz sıxılıram. Çünki biz örnək olmalıyıq.


- Gənc, yaraşıqlı xanım… Şəxsi sual vermək istəyirəm, bilmirəm reaksiyan necə olacaq.


- Ver.


- Bilirəm bir oğlun var, subaysan?


- Subayam, oğlumun 14 yaşı var. Ailə qurmuşam,ayrılmışam.


- Ətrafında sevənlərin olar yəqin?Evlilik təkliflərini nəzərdə tuturam.


- Olanda olub. Yalandan necə deyim ki, olmayıb.


- İkinci dəfə ailə qurmaq istəməmisən?


- Açıq deyim ki, heç bir qadın tənha qalmaq istəməz. Hər bir qadın onun nazını çəkən, yükünü daşıyan bir kişinin arxasında dayanmasını istəyər. Mən də istərdim. Bəzən taleyin qisməti ilə barışmalı oluruq. Bu barışıq da mənim zəifliyimdən xəbər vermir. Bugün mən oğlum üçün, ailəm üçün yaşayıram.

 

"Ailəm dağılanda mənə təpki var idi"

 

- Bəlkə oğlun istəmir bunu?


- Oğlum çox qısqancdır. Hətta ən yaxın qohumlarımı qısqanır , söhbət əks cinslərdən gedir. Bilirəm ki, belə bir addım atsam, onu mütləq qabaqcadan psixoloji olaraq hazırlamalıyam. Onun dünyasını dağıtmaq istəmirəm. O məni həmişə tək görüb.


- Bilirəm ki, Allah rəhmət eləsin, atanın sənə böyük dəstəyi olub, hətta həyat yoldaşından ayrılanda da yalnız ailədə o sənə dəstək olub…


- Mən onu bir ildir ki, itirmişəm. Sən özün də bilirsən ki, bizim bölgə  həmişə mühafizəkar olub. Ailəmizdə qadağalar çoxdur. Nəslimizdə bəlkə də yeganə qadın mənəm ki, sərbəst, sözümü deyə bilirəm. Bunu da mənə yaradan atam olub. O mənə əmin idi. Ailəm dağılanda mənə təpki var idi ki, dözüm oturum. Boşanmağıma qarşı çıxırdılar. Yeganə olaraq atam məni anladı…


- Yəni ailə həyatın belə dözülməz oldu ki, boşanmağa qərar verdin?


- Deyim ki, döyülmüşəm, söyülmüşəm, yalan olar. O insan mənə indi maraqlı deyil, sadəcə uşağımın atası olduğu üçün artıq heç nə demək istəmirəm.

 

"Oğlumun atası ilə ünsiyyətinə icazə vermirəm"

 

- Yəni peşman olmamısan?


- Qətiyyən.


- Oğlu ilə münasibəti varmı?


- Yox, yox, icazə vermirəm. Hə, onu deyirdim axı, atam mənə bir sual verdi- dedi ki, sən özün də tək qadın olaraq yaşamın çətin olduğunu bilirsən, bu yükün altından çıxa biləcəksənmi?

Dedim ki, bəli, özümə əmin qadınam. Bütün çətinlikləri qabaqcadan gözə almışdım.


- Bilirsən ki, oğlan uşaqları atasına düşkün olur və gec-tez oğlun gedib atasını tapacaq…


- Mən əslində böyük mənada oğluma təpki ilə qadağa qoymamışam. Sadəcə, oturub söhbət etmişəm, bu məsələ ilə bağlı psixoloq yanına da aparmışam. Dedim ki, 18 yaşın tamam olandan sonra özün istəsən ünsiyyət qura bilərsən atanla. Amma indiyə qədər səni itirib-axtarmayan ata sənə lazımdırmı? Valideyn yalnız bioloji varlıq demək deyil.

 

"Hər bir sevgi sonunda ehtiras varsa, bitəcək"

 

- Ana-oğul münasibətləri hansı səviyyədədir?


- Əslində mən onunla dost olmağı üstün tuturam. Bəlkə də gülməli gələcək, oğlumun sevdiyi qız var. Bunu gəlib mənə də deyib. Düz səkkiz ildir oğlum o qızı sevir. Ona elə də böyük qadağalar qoymuram,amma bilir ki, mən nəyi bəyənib, nəyi bəyənmirəm.


- Fiziki təzyiq göstərmisən heç?


- Qətiyyən. Amma əsəbiyəm və qışqırıram. Bir dəfə gördüm ki, qışqırmağım da kömək eləmir. Psixoloq yanına apardım, arada yaranan gərginliyi aradan qaldırdıq.


- Gələcəkdə oğlunun qız seçiminə qarışacaqsan?


- Yox, atam mənim işimə qarışmadı. Mən nişanımı qaytarmaq fikrindəydim. Anam mənə şərt qoydu ki, əgər nişanı qaytarsan, özümü öldürəcəm. Mən sevgiyə inanan qadınam və oğlumun sevgisinə hörmətlə yanaşacam. Amma məsləhətlərim də olacaq. Yanlış qərar versə, istiqamətləndirəcəm. Amma sevgisinə mane olmaram.


- Sevgi sənin üçün nə dərəcədə əhəmiyyətlidir?


- İstər qadın, istər kişi sevgi deyəndə elə gözləri önünə ehtiras və yataq münasibətlərini gətirirlər. Əslində isə sevgi mənim üçün ruhla bağlı bir duyğudur. Mən sevgi ilə yaşamağa bilən, sevgidolu bir qadınam. Türklərin gözəl bir sözü var e, eşq qadını. Mən eşq qadınıyam. Hər bir sevgi sonunda ehtiras varsa, bitəcək. O sevgiyə  dəyər verirəm ki, o sevgi toxunmadan yaşaya bilsin. Hətta intim münasibət olmasa da belə səni sevsinlər.

 

"Mən ankoloji xəstəyəm"

 

 

- Bildiyim qədər ölümü adlamısan, ağır xəstəlikdən əziyyət çəkmisən, amma bunu çoxları bilmir…


- Bəli, mən ankoloji xəstəyəm. Bir dəfə əməliyyat da olunmuşam, indi də müalicə alıram. Bir müddətdir ki,müəyyən səbəblər üzündən müalicəmə ara vermişəm. Hətta bu mənim səhhətimə ağır təsir göstərsə də belə.


- Niyə?


- Mən maddi problemlərə görə kiməsə ağız açmağı sevmirəm. Bu da atamın itkisindən sonra başlandı. Sən də bilirsən ki, atam mənə həm maddi, həm də mənəvi dəstək idi. O mənə ev də alıb, şərait də yaradıb. 37 yaşıma qədər yağ-bal içində böyüyən bir qız olmuşam. Atam 45 il gəmi kapitanı olub başqa ölkələrdə, ildə bir-iki ay yanımızda olub. Amma sevgisini orda da bizdən əsirgəməyib. Hətta sevgililər günündə belə atam mən mesaj yazardı. Arada zarafat edərdim ki, o günün mənə aidiyyatı yoxdur. Deyirdi ki, sən mənim aşqımsan. Sevgidolu bir ailədə  böyümüşəm və atamın itkisindən sonra sevgimi də itirdim. Mən güclü qadınam və yaxın zamanlarda müalicəmi davam etdirəcəyəm.

O qədər qürurlu qadınam ki, maddiyyata görə heç kimə ağız açmaram. Sabah kimsə deməsin ki, Tahirəyə bunu elədim. Hətta yaxın qohumumdan belə yardım istəmərəm.


- Gücü nədən alırsan?


- Ailəmdən, oğlumdan, sevdiyim peşəmdən.

 

 

"Mənim yaşanmamış bir qadınlığım var"

 

- Depressiyaya tez-tez düşürsən?


- Əvvəllər belə deyildim,son bir ildə tez-tez düşürəm depressiyaya. Bu da ata itkisi ilə bağlıdır. Evdə anam, qardaşım, subay bacım, oğlum üçün dayağam və heç vaxt istəmərəm onlar bu dayağı itirsinlər. Ayaqda durmağı bacarmalıyam. Məni sevənlər, dostlarım  var. Həmçinin  sevməyənlərim. İstəmirəm onları sevindirim.


- Qisas hissi var səndə?


- Kinli deyiləm, unutqan da deyiləm. Pisliyi və yaxşılığı unutmuram heç zaman. Bu mənə atamdan genetik keçmə xasiyyətdir. O da qohum-əqrəbasına yaxşılıq edən adam olub, hərçənd bu yaxşılığı qiymətləndirmirdilər. Atamdan bunu soruşurdum ki, niyə kinli deyilsən, yaxşılığını qiymətləndirmirlər axı. Deyirdi ki, Allah hər şeyi görür. Qarşıma bir addım atanın qabağına beş addım atıram, özünü çəkən adamın yanında isə özümü dağ başında hiss edirəm.           


- Çox pozitivsən, geyimlərin də al-əlvan. Daxilindəmi bu rəngdədir?


- Çox həssas nöqtəmə toxundun. Məni tanıyanlar elə bilirdilər ki, Tahirənin dərdi-səri olmayıb. Çünki problemlərimi başqalarına sırımağı sevən insan deyiləm. Qaldı ki, sualına, içim ağ-qaradır. Hərdən də qırmızı boyanır o rənglərə. Ola bilər o qırmızı daxili emosiyamın rəngidir. Qırmızı sevgi rəmzidir deyirlər. İtirdiyimmi deyim, saxlaya bilmədiyimmi deyim, bugün yaşaya bilmədiyim qadınlığımmıdır deyim-hər halda içim ağ-qara rəngdədir.


- İçində sevgi varmı, yaşayırsanmı o sevgini?


- Desəm ki, həyatımda kimsə var yalan olar. Sevgi səndən nəyisə soruşmur, səni qul edir. Sevgimin quluyam mən də.Mənim yanımda  olsa da, olmasa, da yaşasam da, yaşamasam da mən sevginin quluyam. Özümü bir neçə sözlə ifadə etsəm, deyərəm ki, mənim yaşanmamış bir qadınlığım var. O qadınlığı yaşamaq yəqin ki, mənə qismət olmayacaq. Çünki çox qəliz və qəliz olduğum qədər də sadə qadınam.

Məni daşıya biləcək insanın olduğuna inanmıram deməyim, çünki sabahı bilmək olmaz.


- Özünə qadağaların varmı?


- Bəli. İkinci dəfə ailə qurmağı özümə qadağa qoymuşam.

 

 

"Yataqda əriylə yatır, onun üstünə örtür, amma.."

 

- Təmənnalı sevgilər bugün daha çoxdur, razısan mənimlə?


- Mütləq bu özünü biruzə verəcək. Bizim qadınlarda bir şey var. Təki ərə getsinlər, yanında bir kişi olsun. Bişirsinlər, onun paltarlarını yusunlar-bununla da işlərini bitmiş sayırlar. Onlara elə gəlir ki, ərə getməklə o kişini qazandılar. Əslində qazanmaq sonradan olur. Kişi də fikirləşir ki, hə bu qızı aldım, evdə arvadım var, çöldə kefim istədiyini edəcəm.


- Bizim qadınlar niyə kişini itirməkdən həmişə qorxur? Amma heç kişinin türklər demiş bu umurunda da deyil?Niyə bu qədər mütidir bizim qadınlar?


- Bizim qadınlarda bir xasiyyət var, eyni yataqda əriylə yatır, onun üstünü örtür, amma bilmir ərinə soyuq hansı tərəfdən dəyib. Qadın hər zaman maraqlı olmalıdır əri və sevdiyi üçün. Qadın heç vaxt qadın olduğunu yaddan çıxarmamalıdır.

 

"Mən təhlükəli qadınam"

 

- Sevgini nə bitirir səncə?


- İfrat qısqanclıq, xəyanət,  diqqətsizlik, hörmətsizlik…

Qadını nə qədər çox sıxsan, o qədər yırtıcı olacaq. Bəzən deyirlər e, təhlükəli qadın. Mən özümü təhlükəli qadın sayıram. Mənim vuracağım zərbə çox ağır olar.


- Silahın nədir?


- Baxışım, ürəyim, sevgim.


- Stilistin var?


- Stilistim Kəmalə xanımdır, onun zövqünə inanıram. Mənim üçün dəb yox, yaraşan önəmlidir.


Sizin Reklam Yeriniz