Əlaqə Arxiv
news Image
2013.05.16
14:51
| A A A
Qahirə Amerika Universitetində "Azərbaycanın siyasi və iqtisadi inkişaf modeli" mövzusunda seminar keçirilib

15 may tarixində Azərbaycan Respublikasının Misirdəki səfiri Şahin Abdullayev, xarici işlər nazirliyinin mətbuat katibi Elman Abdullayev, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin əməkdaşları Vüsal Qasımlı və Rövşən İbrahimovun iştirakı ilə Yaxın Şərq və Şimali Afrika regionunun ən nüfuzlu ali təhsil müəssisələrindən olan Qahirə Amerika Universitetinin "Qlobal məsələlər və dövlət siyasəti" mərkəzində "Azərbaycanın siyasi və iqtisadi inkişaf modeli" mövzusunda seminar keçirilib. Qahirə Amerika Universitetinin müəllim-tələbə kollektivinin və elmi-tədqiqatçıların iştirak etdiyi seminara sədrliyi "Qlobal məsələlər və dövlət siyasəti" mərkəzinin sədri, Misirin ABŞ-dakı keçmiş səfiri Nəbil Fəhmi edib. 

 

Çıxış edən səfir Şahin Abdullayev Azərbaycanın tarixinə və müstəqillik yoluna nəzər salaraq, müstəqilliyinin ilk illərində Azərbaycanın üzləşdiyi problemlərə, Ermənistanın Azərbaycana qarşı təcavüzünə və keşməkeşli keçid dövrü təcrübəsinə toxunmuş və bu qəbildən olan çətinliklərə və təhdidlərə baxmayaraq, həyata keçirilən məqsədyönlü və ardıcıl siyasət nəticəsində Azərbaycanın siyasi və iqtisadi inkişafının bügünkü yüksək səviyyəsinə qədər maraqlı yol qət etdiyini diqqətə çatdırıb. O, bu xüsusda ümummilli lider Heydər Əliyevin xalqın təkidi ilə bu kimi tarixi sınaq dövründə siyasi hakimiyyətə qayıdışı və onun rəhbərliyi altında Azərbaycanın inkişafının bünövrəsinin qoyulduğunu diqqətə çatdırıb. 

 

Xarici işlər nazirinin mətbuat katibi Elman Abdullayev keçid dövrünün özünəməxsus çətinliklərinə baxmayaraq, Azərbaycanın eyni zamanda Ermənistanın təcavüzü və işğalı ilə üzləşdiyini vurğulayıb və Azərbaycanın xarici və təhlükəsizlik siyasətinin prioritet istiqamətləri barəsində danışıb. Elman Abdullayev Azərbaycanın qısa müddət ərzində siyasi sabitlik, iqtisadi inkişaf və sosial firavanlığa nail olduğunu bildirərək, bu kimi möhkəm bünövrə əsasında müstəqil, balansı və çoxistiqamətli xarici siyasət yürütdüyünü və bu siyasətin əsasında Azərbaycanın milli maraqlarının həyata keçirilməsi, qarşılıqlı faydalı əməkdaşlıq, sülh və sabitliyin sərhədlərinin qlobal miqyasda genişləndirilməsi və humanitar ölçülərin durduğunu qeyd edib. 

Azərbaycanın xarici siyasətinin artıq regional çərçivə ilə məhdudlaşmadığını söyləyən Elman Abdullayev, iqtisadi inkişaf, sərmayələr, uğurlu enerji siyasəti və nəqliyyat infrastrukturunun inkişafı sayəsində Azərbaycanın Qafqaz regionu və onun hüdudlarından kənarda çiçəklənmə və inkişafa töhfə verən mühüm dövlət olduğunu diqqətə çatdırıb. Elman Abdullayev əlavə edib ki, Azərbaycanın təcrübəsində coğrafi mövqe, geosiyasət və təbii resusrların səmərəli istifadəsi öz uğurlu inkasını tapıb. Ermənistanın Azərbaycana qarşı təcavüzu və münaqişənin həllinə dair Azərbaycanın mövqeyi barəsində tədbir iştirakçılarını məlumatlandıran Elman Abdullayev, regiondakı strateji vəziyyətin köklü surətdə dəyişdiyini və özünü məhvə aparan siyasət nəticəsində Ermənistanın təcrid vəziyyətinə düşdüyünü qeyd edib. 

 

Vüsal Qasımlı Azərbaycanın iqtisadi inkişaf modelinin özünəməxsus ünsürləri barəsində danışaraq, Azərbaycanın iqtisadi inkişafı ilə Cənubi Koreya arasında parallelər aparıb və uğurlu neft-qaz və enerji siyasətinin davamı kimi həyata keçirilən iqtisadi diversifikasiya siyasətinə toxunub və artıq bu sahədə əldə olunmuş nailiyyətləri sadalayaraq, Azərbaycan iqtisadiyyatının neft-qaz və xammal ixracından asılılığının azalmağa doğru getdiyini və qeyri-neft sektorunun dinamik inkişaf yolunda olduğunu diqqətə çatdırıb. Vüsal Qasımlı eyni zamanda "Gələcəyə baxış-2020" konsepsiyası barəsində ətraflı danışaraq, inkişafın növbəti mərhələsində Azərbaycanın öz qarşısına qoyduğu hədəflərdən bəhs edib. 

 

Rövşən İbrahimov müstəqilliyinin ilk illərindən Azərbaycanın üzləşdiyi qeyri-sabitlik və Cənubi Qafqaz regionunda cərəyan edən geosiyasi problemlər və Azərbaycana qarşı yürüdülən təzyiqlər və Ermənistanın təcavüzündən danışaraq, Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra uğurlu xarici və enerji siyasəti nəticəsində Azərbaycanın nəinki öz müstəqilliyini möhkəmləndirdiyini, hətta davamlı və dinamik inkişaf mərhələsinə qədəm qoyduğunu qeyd edərək, Azərbaycanın region və onun hüdudlarından kənarda inkişaf və çiçiklənməyə əsaslı töhfə verən  dövlətə çevrildiyini və artıq qlobal müstəvidə siyasət yürütməyə doğru irəlilədiyini qeyd edib.  

 

Səfir Nəbil Fəhmi və tədbir iştirakçıları tərəfindən siyasi və iqtisadi inkişafın Azərbaycan modeli xüsusi maraqla qarşılanıb, Azərbaycanın uğurlu inkişaf təcrübəsinin daha dərindən öyrənilməsinin vacibliyi qeyd olunmuş və natiqlərə çoxsalı suallar verilib.    

Sizin Reklam Yeriniz