Əlaqə Arxiv
news Image
2013.05.29
15:07
| A A A
Ukraynada AXC-nin yaradılmasının 95 illiyi qeyd olunub

Mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 95 illiyi Azərbaycanın Ukraynadakı səfirliyində təntənə ilə qeyd edilib.

 

Bu barədə Mövqe.az-a Azərbaycanın Ukraynadakı səfirliyindən bildirilib. Ukraynada akkreditə olunmuş səfirlərin və diplomatik korpusun digər üzvlərinin, beynəlxalq təşkilatların, Ukraynanın dövlət və hökumət orqanlarının, deputatların, silahlı qüvvələrin generalları və digər yüksək rütbəli zabitlərinin, elmi dairələrin, geniş ictimaiyyətin, həmçinin Azərbaycan diasporunun nümayəndələrinin olduğu tədbirdə fəxri qonaq qismində Ukrayna Baş nazirinin müavini, Azərbaycan Respublikası və Ukrayna arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Ukrayna tərəfdən sədri Konstantin Qrişenko iştirak edib.

 

Azərbaycan və Ukraynanın dövlət himnlərinin səsləndirilməsindən sonra iştirakçılara müraciət edən Səfir Eynulla Mədətli Azərbaycan Xalq Cümhuriyyəti, müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın tutduğu inkişaf yolu, Ukrayna ilə münasibətlərin yüksək səviyyədə olmasından danışıb, bütün azərbaycanlıları bu əlamətdar gün münasibətilə təbrik edib.

 

Səfir 1918-1920-ci illərdə Azərbaycan Demokratik Respublikasının qurucuları və rəhbərləri Məhəmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Əlimərdan bəy Topçubaşov, Nəsib bəy Yusifbəylinin və digərlərinin indiki üçrəngli azadlıq bayrağını qaldıraraq müstəqil dövlətçiliyin əsasını qoyduqlarını, böyük tarixi xidmət göstərdiklərini bildirib.

 

Konstantin Qrişenko çıxışında Ukraynanın Azərbaycanla əlaqələrə xüsusi önəm verdiyini qeyd edib, əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirib.

Baş nazirin müavini Azərbaycan və Ukrayna arasında əlaqələrin strateji əməkdaşlıq xarakteri daşıdığını qeyd edərək bu münasibətlərin inkişafı üçün yaxşı imkanların mövcud olduğunu bildirib, tədbir iştirakçılarını bu möhtəşəm bayram münasibətilə təbrik edib.

 

Tədbirdə iştirak edən Ukrayna Xarici işlər nazirinin müavini, Mədəniyyət nazirinin müavini, Ukrayna Silahlı Qüvvələr Baş Qərargah rəisinin müavini və digər qonaqlar Azərbaycan səfirinə təbriklərini yetiriblər.

 

Qonaqlar Ukraynanın xalq artisti, həmyerlimiz Qurban Abbasovun rəhbərlik etdiyi Müslüm Maqomayev adına Azərbaycan ansamblının ifasında Azərbaycan milli musiqi nümunələrini dinləyiblər.

Sizin Reklam Yeriniz