Müdafiə Nazirliyi iki əsgərin ölümü ilə bağlı məlumat yayıb
Azərbaycan Müdafiə Nazirliyi Şəmkir hərbi
birləşməsinə məxsus hərbi hissədə iki əsgərin ölümü ilə nəticələnən
insidentlə bağlı məlumat yayıb. Nazirliyin mətbuat xidmətinin rəis
müavini Teymur Abdullayev APA-ya açıqlamasında bildirib ki, ilkin
araşdırmaya görə, əsgər Vüsal Nəbiyevin tabeliyində olan silahdan
açılan atəş nəticəsində əsgər yoldaşı Məcnun Qarazadə dünyasını
dəyişib. Əsgər V. Nəbiyev isə keçirdiyi həyəcandan intihar
edib.
Faktla bağlı cinayət işi başlanıb. Qeyd edək
ki, məlum hadisə ötən gecə Müdafiə Nazirliyinin Qazax rayonunda
yerləşən "N" saylı hərbi hissəsində baş verib.
Onu da əlavə edək ki, M. Qarazadə İmişli, V.
Nəbiyev isə Hacıqabul Rayon Hərbi Komissarlıqlarından həqiqi hərbi
xidmətə çağırılıblar.