Dağlıq Qarabağ münaqişəsi XX yüzilliyin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olmuş, milyonlarla insanın taleyində əks olunmuşdur. 1988-ci ildə təhrikçilik yolu ilə başlanmış bu münaqişə hələ də özünün düşmənçilik xarakterini saxlayır, çünki erməni tərəfi bunu antaqonist münaqişə hesab edir və “ya hər şey, ya heç nə” prinsipi üzrə hərəkət edir. Ermənistan hökuməti sülh danışıqları prosesini hər zaman pozmuş, BMT-nin qətnamələrinə riayət etməmişdir. İllərdi Azərbaycanın ərazi bütövlüyünə qəsd etmiş mənfur düşmənimiz öz çirkin əməllərindən əl çəkməyərək işğal olunmuş ərazilərimizdən nəinki geri çəkilmiş, əksinə həmin ərazilərə erməni ailələrini məskunlaşdıraraq daha da möhkəmlənmişlər.
Məlum olduğu kimi, sentyabrın 27-də düşmənin atəşkəsi kobudcasına pozmasına cavab olaraq yenilməz Azərbaycan ordusu Ali Baş Komandanın əmri ilə əks-hücuma keçərək düşmənə ağır zərbələr vurmuşdur. Rəşadətli ordumuzun ardıcıl, dəqiq zərbələri nəticəsində qısa müddət ərzində düşmən həm hərbi texnika cəhətdən, həm də canlı qüvvə cəhətdən xeyli sayda itki vermişdir. Uğurlu hərbi əməliyyat nəticəsində Cəbrayıl və Füzuli şəhəri, ətraf kəndlər, Hadrud qəsəbəsi, Suqovuşan, Murov dağ və bir sıra strateji əhəmiyyətli yüksəkliklər düşmən tapdağından azad olunmuşdu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 17 oktyabr tarixli müraciətində Füzuli əməliyyatının rəmzi məna daşıdığını, qədim yaşayış məskənimizin olduğunu, onun qaytarılmasının minlərlə insanın o yerlərə qayıtması demək olduğunu vurğulamışdır. Azərbaycan ordusunun genişmiqyaslı hərbi əməliyyatları nəticəsində Ermənistan ordusu ağır məğlubiyyətə və itkilərə məruz qalıb. Ordumuz tərəfindən 234 ədəd tank məhv edilib, 36 tank hərbi qənimət kimi götürülüb, piyadaların döyüş maşını – 49-u məhv edilib, 24-ü hərbi qənimət kimi götürülüb. Özüyeriyən artilleriya qurğusu 16 ədəd məhv edilib, müxtəlifçaplı toplar 190, “Uraqan” sistemi 2, TOS odsaçan 1, əməliyyat taktiki raket kompleksi “Elbrus” 2, “Toçka-U” 1, OSA zenit raket kompleksi 35, TOR zenit-raket kompleksi 3, KUB və “Kruq” zenit raket kompleksi 5, radioelektron mübarizə sistemləri 9, S-300 zenit raket kompleksi 2, yük avtomobilləri 196-sı məhv edilib, 98-i qənimət kimi götürülüb.
Bizim savaşımız haqq savaşıdır. Azərbaycan öz torpağında, əzəli ərazilərini geri qaytarmaq uğrunda savaşır. Ermənistan tərəfi isə illərlə nümayiş etdirdiyi təcavüzkar siyasətindən əl çəkmir, əksinə müharibənin miqyasını daha da genişləndirmək istəyir. Lakin Azərbaycan ordusu ona layiqli cavabını verəcək və torpaqlarımızı əsl sahibinə geri qaytaracaq. Gün gələcək Füzuli uğrunda ağır döyüşlər haqqında kitablar və əsərlər yazılacaq.
Fehruzzadə Xatirə
Nəsimi rayon Təhsil işçisi