Əlaqə Arxiv
news Image
2021.06.09
17:50
| A A A
Ayrılmaz tarixi birlik və qardaşlıq nümunəsi

Azərbaycan-Türkiyə iqtisadi əlaqələri ulu öndər Heydər Əliyevin vurğuladığı “bir millət, iki dövlət” devizinə və tarixi-mədəni qardaşlıq prinsipinə əsaslanan, strateji tərəfdaşlığa söykənən münasibətlər sistemini əhatə edir. Türkiyə Respublikası ilə iqtisadi əlaqələrimiz dərin tarixi köklərə dayansa da, bu münasibətlərin geniş vüsət alması müstəqilliyimizin qazanılmasından sonrakı dövrə təsadüf edir. Türkiyə ilə iqtisadi münasibətlər müxtəlif sahələri əhatə edir.

Azərbaycan Türkiyə ilə həm qonşu həm də tarixi irs, kökən, din, dil, adət, ənənə və mədəni cəhətdən yaxın iki xalqdır. Azərbaycan-Türkiyə mədəni əlaqələrinin tarixi və milli-mənəvi kökləri bir-biri ilə qırılmaz surətdə bağlı olan bir sıra amillərlə şərtlənir. Etnik, tarixi, milli-mənəvi və ictimai-siyasi təməllərə söykənən bu qardaşlıq bağları çox qədim və zəngin ənənə üzərində qurulmuşdu. Tarixin müxtəlif dövrlərində yaxınlıq münasibətləri və qurulan əlaqələrin inkişaf dinamikası nəticəsində bu iki xalq haqqında “bir millət, iki dövlət” ifadəsi artıq daha çox istifadə edilməyə başlamışdı. Azərbaycanlılar Türkiyənin siyasi və ictimai həyatında fəallıq göstərib. Azərbaycandan Türkiyəyə köçlər 1804-1826 Rusiya-İran müharibəsi, 1920-1925 Bolşevik işğalı və 1990-cı ildə yeni müstəqillik illərində müharibə və iqtisadi səbəblərlə baş vermişdir. 1804-1925-ci illəri əhatə edən köçlər əsasən siyasi, 1990-cı illərdə başlayan köçlər isə daha çox iqtisadi motivli idi.

Türkiyədə fəaliyyət göstərən azərbaycanlılar: Azərbaycan və Anadolu türkləri əsrlər boyu “bir-biri ilə sıx əlaqədə olmuş, bir-birinə kömək etmiş, arxa durmuşlar. Məhz buna görə də heç təsadüfü deyil ki, Azərbaycanın bir çox görkəmli şəxsiyyətləri tarixin ayrı-ayrı mərhələlərində Türkiyədə fəaliyyət göstərmiş, orada öz istedadlarını tamamilə büruzə verə bilmişlər, həm Türkiyə xalqı qarşısında, həm də Azərbaycan xalqı qarşısında böyük xidmətlər göstərmişlər. Onların hamısı iki ölkə arasındakı dostluğun, qardaşlığın böyük tarixidir, rəmzidir. Biz onlarla fəxr edə bilərik”. XX əsrin əvvəllərində mühacirət həyatı keçirməyə məcbur edilən bir çox Azərbaycan ziyalıları da Türkiyənin məfkurə həyatında çox mühüm rol oynadılar. Ə.Hüseynzadə, Ə.Ağaoğlu, M.Ə.Rəsulzadə, M.B.Məhəmmdzadə, A.V.Yurdsevər, Ə.Cəfəroğlu, Ədalət Ağaoğlu kimi azərbaycanlı şəxsiyyətlər Türkiyənin ictimai-siyasi, mədəni həyatına müsbət təsir göstərməklə yanaşı, həm də Türkiyə ictimaiyyətində Azərbaycan haqqında obyektiv fikir yaranmasında əvəzsiz xidmət göstərib. Mühacirlər tərəfindən “Azərbaycan”, “Azərbaycan Yurt Bilgisi”, “Azəri Türk”, “Odlu Yurd” adlı jurnallar nəşr edilmişdi. Türkiyədə yaşayan azərbaycanlılar Türkiyənin ictimai-siyasi həyatında fəal iştirak edib. Həkim, rəssam və ideoloq Əli bəy Hüseyinzadə Türkiyədə Türk ocaqlarının qurucusu kimi dövlət və xalq tərəfindən tanınır. Əhməd Ağaoğlu Türkiyə Böyük Millət Məclisinin millət vəkili Türkiyənin siyasi və düşüncə həyatına yön verən şəxsiyyət olub.

Türkiyədə milli mübarizənin müxtəlif cəbhələrində də xeyli azərbaycanlı zabit və əsgər könüllü olaraq xidmət etmişdir. Bunların önəmli bir qismi, İstiqlal Savaşından sonra da orduda qalmış və müxtəlif üst rütbələrə qədər yüksəlmişdir. Bunların arasında, Albay Səmədin (Sayqın) , Albay Yusif Xəzərli, Topçu Albay Mehmed Akpolat, Topçu Albay Aslan Berkan, Albay Salih Aksoy, süvari Albay Firidun Daryal, hava General Cihangir Berker, hava General Hüseyin Turgut ilk anda sayıla biləcək onlarca isimlərdən bəziləridir. Azərbaycan milli ordusunun dağılması ilə Türkiyəyə gələrək Qurtuluş Savaşına qatılan azərbaycanlı zabitlərlə birlikdə milli mübarizə dövründə azərbaycanlı zabitlərdən ibarət kiçik bir qrup da vardı. Bunlar, Azərbaycan Xalq Cümhuriyyəti ilə Osmanlı Dövləti arasında bağlanmış olan hərbi müqavilə əsasında İstanbulda təlim görən zabitlər idi. Onlar da təlimlərini başa vurduqdan sonra türk ordusuna qatılıb və ən yüksək rütbələrə qədər yüksəlmişdir.

Bunların arasında ordu generalı Mahmud Berköz ilə Jandarma Baş Komandanlığında olan ordu generalı Nuri Berközü, bir dönəm Qars millət vəkili olan Kurmay Albay Hüsamettin Topaçı yad edə bilərik 2011-ci ildə etnik azərbaycanlı olan və Iğdırlı diaspor fəalı Sinan Oğan Türkiyə parlamentində Milliyyətçi Hərəkat Partiyasının namizədi olaraq iştirak edib. 2015-ci ilin iyun seçkisindən sonra eyni əyaləti təmsil etmək üçün başqa bir etnik azərbaycanlı olan MHP fəalı Qıznaz Türkəli seçildi. Ədalət və Kalkınma partiyasından millət vəkili olan birgə əlaqələrə mühüm töhfə verən Azərbaycan-Türküyə dostluq qrupunun rəhbəri Şamil Ayrım, siyasətçi Əli Özgündüz də Azərbaycan əsillidir.

Bununla belə, ümumilikdə XX əsrin 90-cı illəri təkcə Azərbaycan üçün deyil, bütünlükdə Türküyə üçün də əlamətdar hesab edilə bilər. Belə ki, XX əsrin 90-cı illərinə qədər türk dünyasını beynəlxalq aləmdə təkcə Türkiyə Respublikası təmsil edirdi. 90-cı illərin başlanğıcında SSRİ-nin dağılması nəticəsində daha beş Türk dövlətinin – Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanın müstəqillik qazanması ilə türk dünyasında gözə çarpacaq bir canlanma başlandı. Bu mənada XX əsrin sonları Azərbaycan və Türkiyə dövlətləri arasında bütün sahələrdə çoxcəhətli əlaqələrin qurulduğu dövrdür. Bu qarşılıqlı yaxınlaşma dünyada və xüsusən də, Avropada gedən inteqrasiya prosesləri ilə üst-üstə düşür və iki dövlətin həyati mənafeyindən doğduğuna görə getdikcə daha çox aktuallıq kəsb edir. Lakin göstərilən dövrdə, bəzən isə hal-hazıra qədər dünya dövlətlərinin Azərbaycanda baş verən hadisələrə münasibəti birmənalı olmamış, dövlətlərimiz arasında münasibətlərə bir qədər ehtiyatla yanaşılmışdı. Bu yanaşma təkcə siyasi dairələrdə, rəsmi səviyyədə deyil, həmçinin elmi araşdırmalarda, azərbaycanlıların müəyyən rəsmi qurum və sektorlarda fəaliyyətində da özünü göstərmişdi.

Regionda maraqları toqquşan dövlətlərin alimləri, dövlət, siyasət və mədəniyyət xadimləri arasında hadisələrə obyektiv, qərəzsiz yanaşma ilə bərabər, bəzən qərəzli, obyektivlikdən uzaq araşdırmalara da rast gəlinir. Belə ki, Azərbaycanın dil, mənəvi, tarixi, mədəni və siyasi cəhətdən sıx tellərlə bağlı olduğu Türkiyə və Türk dövlətləri ilə hər hansı formada yaxınlaşmaq cəhdinə həqiqətə və məntiqə uyğun gəlməyən mənalar verilir, dünyanın eyni kökdən olan xalqları üçün tamamilə təbii sayılan əlaqələri Azərbaycan – Türkiyə mədəni əlaqələri üçün arzuolunmaz hesab edilirdi. Bu mənada Azərbaycan – Türkiyə mədəni əlaqələrinin araşdırılması siyasi və ideoloji cəhətdən, siyasi-diplomatik münasibətlərin yeni və daha doğma bir mərhələsinə yol acmaq baxımından da əhəmiyyətlidir. Mədəni əlaqələrin öyrənilməsi hər iki xalq arasında qarşılıqlı mənəvi zənginləşmə zərurətindən irəli gəlir. Tarix göstərir ki, Azərbaycanın azadlıq və istiqlaliyyəti Türkiyə və Türk xalqları ilə yanaşı Rusiya, İran, Gürcüstan və s dövlətlərlə siyasi-mədəni-tarixi əlaqələr kontekstində mövcuddur. Belə ki, dünya dövlətləri və Türkiyə ilə güclü siyasi və mədəni münasibətlərin qurulması ideyası bizim inkişafımıza, dünya dəyərlərini mənimsəməmizə, dünyanın qabaqcıl millətləri sırasında demokratik, maariflənmiş müasir bir cəmiyyət kimi tanınmaqda yardım edəcək. Türkiyədəki azərbaycanlılar, mədəni və dil yaxınlığına görə Türk cəmiyyətinə yaxşı inteqrasiya edilmiş olaraq qəbul edilməkdə. Təxmini rəqəmlə 1990-cə ildən bu günə Türkiyə universitetlərində 100.000 dən çox azərbaycanlı təhsil alıb.

Miqrasiya, inteqrasiya və vətəndaşlıq: Azərbaycandan Türkiyəyə köç müstəqilliyin ilk illərində başlamışdı. Müharibə şəraitinin yaratdığı siyasi, sosial və iqtisadi faktorlar köçü meydana gətirən əsas səbəb idi. Türkiyə Daxili İşlər Nazirliyinə görə, yalnız 2003–2013-ci illər arasında Azərbaycandan 15000-dən çox immiqrant Türk vətəndaşı oldu. Bununla yanaşı, 2019 ili etibarilə Türkiyədə yaşayan 36.543 Azərbaycan vətəndaşı var idi. Türkiyədə müxtəlif dövrlərdə təhsil alan

azərbaycanlıların bir hissəsi orada qalıb və fəaliyyətini orada davam etdirir. Səhiyyə, təhsil və özəl sektorlarda az sayda olsa da azərbaycanlı mütəxəssislərə rast gəlmək mümkündür. Buna baxmayaraq 30 il ərzində Türkiyənin media, efir, informasiya, dövlət idarəçiliyində və siyasət məkanında azərbaycanlı simalar azlıq təşkil edir. Bunu Türkiyədə verilən təhsilin səviyyəsi və azərbaycanlı kadrların qabiliyyətindən meydana gələn səbəb kimi deyil, getdikləri ölkələrin qanunları və orada xarici vətəndaş statusunda olanlara verilən qanuni hüquqlarla da bağlamaq lazımdır. Xarici vətəndaş statusunda Türkiyəyə gedən azərbaycanlılar təhsilini bitirdikdən sonra vətəndaş olmamağın yaratdığı çətinliklə üzləşərək dövlət idarəçiliyində işləmə imkanı əldə bilməyib, çalışma izni və əmək müqaviləsi əsasında özəl sektorlarda işləməli olub. Onların işlədiyi sektorlardakı fəaliyyəti Türkiyə-Azərbaycan münasibətlərinin bu səviyyəyə gəlməsinə töhfə kimi hesab oluna bilər. Uyğunlaşma, təcrübə və vətəndaşlığın əldə olunmasından sonrakı mərhələlərdə Türkiyədə yaşayan azərbaycanlıların dövlət və cəmiyyət həyatındakı fəal iştirakı yaxın gələcəkdə aydın hiss olunacaq. Son dövrlərdə Türkiyə-Azərbaycan arasında hər sahədə əməkdaşlığın yüksək səviyyədə olması bu prosesin daha da sürətlənməsinə təkan verəcək.

Əsgər ƏSGƏROV

Masallı rayon Binə Xocavar kənd sakini

Sizin Reklam Yeriniz